Milli Məclisin iclasında çıxış edən deputat Elşən Musayev də Avropa Parlamentinin Azərbaycan əleyhinə qəbul olunmuş qərəzli qətnaməsi haqda danışıb.
Aktual.az-ın Musavat.com-a istinadən xəbərinə görə, o bildirib ki, bu qətnamə təpədən-dırnağa qədər riyakarlıq nümunəsidir, təzaddır, yalandır, iftiradır, bizə qarşı təxribatdır.
"Əlbəttə ki, bunun ən böyük səbəbi qarşıdan gələn COP29-dur və kimin Azərbaycanla nə haqq-hesabı varsa, məhz bu ərəfədə çözmək istəyir. Həmin qüvvələr hər zaman eyni siyasəti yürüdüb, daim biri qətnamə hazırlayıb, digəri təxribat. Yəqin "narıncı inqilablar”, "Ərəb baharı” hər kəsin yadındadır. Ya da olsun İraq, digər dövlətlər. Deyim ki, elə Ukraynanın başına gələnlərin, daha dəqiq desəm, Ukraynanın bu vəziyyətə salınmasının da əsas günahkarı birmənalı şəkildə məhz Qərb və Avropadır.
Bir neçə gün bundan öncə eyni şeyləri Gürcüstanda da tətbiq etmək istədilər. Amma alınmadı. Çünki gürcü xalqı buna imkan vermədi. Çünki artıq dövlətlər və xalqlar tam dolğun siyasi təfəkkürə sahibdir. Çünki hamı bilir ki, məlum qüvvələr xoş deyil, boşməramlıdır və hətta bundan da ötədir, naqisdir, namərddir, xaindir. Çünki bunlar heç kimin arxasında dayanmırlar və dayananda da dağ kimi deyil, dərə kimi dayanırlar. Üstəlik, o dərəyə düşənlər əsla və əsla oradan salamat çıxa bilmirlər”, - deputat vurğulayıb.
Elşən Musayev qeyd edib ki, müstəqillikdən, suverenlikdən gözəl heç nə yoxdur və əgər bundan sonrakı mərhələdə hər kəs Azərbaycan və Gürcüstan kimi davransa, o zaman hazırda şahmat taxtasında at gedişi ilə at oynatmaq istəyən qüvvələr sabah piyadadan da zəif, gücsüz, rəzil duruma düşəcəklər.
Xəbər 293 dəfə oxunub.