Mən onu köşə yazılarından, hər qələmə aldıqlarında açıqca hiss olunan atasına sevgisindən tanıyıram.
Atasına və qızına. Nə gizlədim, keçmişinə və gələcəyinə hörməti məndə də ona qarşı rəğbət yaradıb. Bir insan həm ali, həm də adi məqamda özüdürsə deməli onunla SÖZdən danışmağa dəyər.
Azadinform-un müsahibi Milli Məclisin deputatı Elşən Musayevdir:
- Elşən Musayev ziyalı ailəsində dünyaya göz açan sadə bir Azərbaycan vətəndaşıdır. Oğuzda (keçmiş Vartaşen) doğulmuşam. Hələ bir yaşım tamam olmamış atamın işləri ilə əlaqədar paytaxta köçmüşük. İlkin təhsilimi Xətai rayonunda yerləşən 116 saylı məktəbdə, ali təhsilimi isə Bakı Dövlət Universitetində (Beynəlxalq hüquq ixtisası üzrə) almışam. Yalnız maaşı, alın təri ilə ailəsini dolandıran siravi müəllim övladının uşaqlığı, gəncliyi necə olursa mənimki də o cür olub.
- Arzularınıza çatmısınızmı?
- Arzularına çatdığını düşünən adam bədbəxt adamdır. Çünki arzu hüceyrə kimidir, daim yenilənməlidir.
- Yazmaq çətin deyil ki?
- Baxır nə yazmaq və nə qədər səmimi yazmaq. İnsan öz içindəkiləri rahat şəkildə ifadə edə bildiyi zaman yazmaq qətiyyən çətin deyil.
- Bəs bu alınırmı sizdə? İçinizdəkiləri rahat formada ifadə etmək...
- Hər zaman deyil. Təəssüf ki.
- Sevdiyiniz, həyatınıza təsir edən yazıçı və ya şair, ədəbiyyat adamı...
- Klassik dahilər var ki, sütundur, onları oxumadan mütaliə təməlini qoymaq olmaz. Janr və üslub olaraq isə Markes və Heminqueyi özümə daha doğma və daha yaxın hesab edirəm.
- Elşən Musayevin sevgisi... Necə olub? Və ya necədir? Elşən bəy nəyi, kimi və niyə sevir?
- Dəyər verdiyim hər kəsi sevirəm. Sevgi bütüm, səcdəgahım, simvolum isə qızımdır.
- Niyə qızınızı bu qədər çox sevirsiniz?
- Qızım mənim yaşama səbəbimdir, həyat tərzimi müəyyənləşdirən subyektdir. Ona görə.
- Həyatdakı ən böyük səhviniz... və ən böyük ağrınız...
- Həyatda etdiyim heç bir əmələ görə peşimançılıq hissi keçirmirəm və hansısa hərəkətimi qlobal anlamda səhv hesab etmirəm. Ağrım isə üzə gülüb kürəkdən baltalayanlarla bağlıdır. Belələrini çox gördüm. Lap çox.
- Cəmiyyətdə nə çatmır?
- Həyat eşqi. Stimul. Hamı sanki özünə qapanıb. Hamı sanki protokol həyat sürür. Hamı sanki ailədəki, məişətdəki missiyasını birtəhər yola verib, qocalıb, tezcə ölmək üçün yaşayır.
- Vətən sözdümü? Ya ÖZdümü?!
- Vətən “Öz”dən doğan sözdür.
- CAN nədir?
- Canına yaxın bildiklərin. Canına can verənlər. Canına can qoşanlar. Nə təəssüf ki, bəzən hətta... canından can alanlar.
- Bəs Eşq?!
- Eşq insanın ruh halıdır, onun daxili, spontan təşəbbüsüdür. Bəzən axmaqcasına olsa belə.
- Niyə sosial şəbəkədə bu qədər aktivsiniz? Axı bizim alışdığımız millət vəkili bu deyil... Siz bu qədər əlçatan olmamalısınız... Baryerlər... Siz bir deputat profili üçün çox sentimentalsınız...
- Mən son parlament seçkilərinə qatılmadan öncə “facebook” profilimdə belə bir status paylaşmışdım: “Allahım! Əgər bəlli bir statusa, mövqeyə çatandan sonra insanlara, dostlara, ətrafa qarşı dəyişəcəyəmsə, başım dumanlanacaqsa, yekəxanalıq hissi məni də ələ alacaqsa, keçmişimi, çətin günlərimi unudacağamsa lütfən heç bir qapını üzümə açma. Qoy hər şey elə bu cür də qalsın”. Və... indi də o düşüncədəyəm. Dediyim sözlərə də sadiqəm. Özümü nə sosial şəbəkədə, nə məişətdə nə də ümumən cəmiyyətdə kimdənsə artıq hesab etmirəm. Əksinə çalışıram əvvəlkindən də sadə və əlçatılan olum. Bu mənim həyat kredomdur.
- ŞƏHİDin şahidi kimdir?
- Uyuduqları torpaq. Çünki biz gərginləşib, ağlayıb, üzülüb sakitləşə bilirik. Fəqət o torpaq şəhidin hətta məzar halına, ruhu incidildiyində qıvrılma halına belə şahiddir.
- Torpaqdan gəlib torpağa gedənlər... Torpaq üçün gedənlər... Müqəddəsliyimizi harda itirdik?
- Müqəddəsliyimizi lazım olduğu qədər qoruya bilməmişik. Razıyam. Amma tamam itirdiyimizi də düşünmürəm. Sadəcə müqəddəslik anlayışının parametrləri, meyarları, seçim halı dəyişib cəmiyyətdə. Daha doğrusu azalıb. Vəssalam. Ən böyük müqəddəslərimiz isə eynən dediyiniz kimi: torpağın altındadırlar.
- Başqası üçün ya da başqaları üçün ölmək necə olur?
- Məzarlıqda səssiz uyuyan şəhidlərimiz kimi.
- Elşən müəllim, Milli Məclisdə nə var nə yox?
- Milli Məclis son dərəcə sanballı rəhbərlikdən və kollektivdən ibarət bir orqandır. Millət vəkili olmadan öncə də orada çalışdığım üçün məni bu binaya, bu ünvana, bu insanlara daha sıx və daha özəl tellər bağlayır. Ümumi anlamda isə hər şey qaydasındadır. Vəkillər də, əməkdaşlar da öz üzərlərinə düşən vəzifə və funksiyaları layiqincə həyata keçirməklə məşğuldurlar.
- Bəs vəkilliyinizdə? Sizi seçənlər niyə seçib?
- Vəkilliyim yenidir. Məncə fəaliyyətimə qiymət vermək və haqqımda fikir yürütmək üçün hələ bir az zamana ehtiyac var. Məni niyə seçdiklərini isə seçicilərimdən soruşmaq lazımdır.
- Vəkillər millət üçün nə iş görürlər? Və ya belə demək mümkünsə, nə iş görməlidirlər ki, millət naminə olsun?
- Mən bütün vəkillərin adından danışsam yaxşı olmaz. Kimin nə iş gördüyünü də özü, vicdanı, Allahı və seçicisi bilsin. Üzərindəki məsuliyyəti, öhdəliyi, sahib olduğu kimliyi unutmayan hər kəs zatən millət naminə çalışır. Harda və hansı mövqedə qərar tutmasından asılı olmayaraq. Yəni bu bir tək millət vəkili adına deyilmiş söz deyil.
- Hansı sualı eşitmək istəyirdiniz ki, onu biz sizə ünvanlamadıq?
- Atamla bağlı.
- Bizə və bizə sözünüz.
- Başqalarını deyə bilmərəm, amma şəxsən mənim həyatımda Azərbaycan mediası lokomotiv rolunu oynayıb. Uğurlarımın böyük bir hissəsini də həmin mediaya və bu sahədə çalışan, ən pis günümdə mənə təmənnasız yardım edən dostlarıma borcluyam. Siz də həmin qəbildənsiniz. Sözüm və arzum isə daima var olmanızdır. Allah sizləri mənə və bu cəmiyyətə çox görməsin. Daima iti qələminiz, keçərli sözünüz, aydın mövqeyiniz olsun. Sizin timsalınızda bütün Azərbaycan mətbuatına öz sevgi və ehtiramımı çatdırmaq istəyirəm.
- Təşəkkür edirəm, cənab vəkil!