Müsahibimiz Bakı Dövlət Universiteti, Jurnalistika fakültəsinin dekan müavini Sevinc Əliyevadır. Sevinc xanım fakültədəki fəaliyyəti, yaşadığı hadisələr və təcrübəsi haqqında fikirlərini informator.az-la bölüşüb.
- Fakültədə kifayət qədər tanınan birisiniz. Özünüzü necə təqdim edərdiniz, sizə görə Sevinc Əliyeva kimdir?
- Jurnalistika fakültəsinin dosenti. Düzdür, artıq mən 10 ilə yaxındır, bəlkə də çoxdur ki, fakültənin elmi işlər üzrə dekan müaviniyəm. Lakin mənim üçün ən doğma, yaxın “Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi” kafedrasının dosenti olmaqdır. Bu, mənim üçün ən yüksək tituldur.
- Həm magistr, həm də bakalavr tələbələrlə ünsiyyətdəsiniz. Bəs sizin üçün tələbələrin fərqi varmı?
- Sözün açığı mən tələbələrlə yaxın olmuram. Xüsusən, bakalavrlara dərs dediyim zaman onları çox yaxına buraxmıram, hətta sosial şəbəkədə dostluqlarını da qəbul etmirəm. Magistrlarla daha yaxınam, onların hamısı da dostluğumda var. Bunun səbəbi ondadır ki, magistr dərəcəsi artıq bir elmi dərəcədir. Bakalavrlar isə hələ qönçədirlər, yeni-yeni öyrənərək gəlirlər. Diqqətə çatdırmaq istəyirəm ki, bakalavrlara da IV kursda dərs deyirəm. IV kursda artıq müəyyən qədər püxtələşmiş tələbələr olur. Belə götürdükdə isə, nəinki tələbələrlə, ümumiyyətlə, insanlarla yaxın olmağı sevmirəm.
- Bunun səbəbi nədir?
- Bilmirəm uşaqlıqdanmı irəli gəlir, yoxsa təcrübəsizlikdənmi, amma insanları yaxına buraxdıqda onlar bundan sui-istifadə edirlər. Gərək mən insanı, insan da məni tanısın, ondan sonra yaxın buraxa bilərəm.
- Fəaliyyətiniz müddətində tələbələrinizlə yaşadığınız ən maraqlı hadisə nə olub?
- Qeyd etdiyim kimi, tələbələrlə o qədər də yaxın olmadığım üçün yadda qalan hadisə də yoxdur. Gəzintilər olub, onlarla tamaşalara getmişəm, elm, mədəniyyət, idman aşılamağa çalışmışam. Amma bu hər bir müəllimlə ola bilər. Bir də elədiyimi deməyi xoşlamıram. Mənim üçün ən maraqlı hadisə 10-15 il bundan əvvəl tələbəm olmuş insanların indi məni əlamətdar günlərdə təbrik etməsidir. O tələbələr nüfuzlu yerlərdə işləyən, öz imzasını tanıdan tələbələrdir və onların sayı çox deyil.
- Bəs tələbələrlə mübahisəniz olub?
- Olub. Magistrlarla da yaşamışam, digər tələbələrlə də. Hətta mən birinin adını çəkə də bilərəm: mənim keçmiş magistrım Elvin Basqallı, indi Space TV-də xəbərlər aparır. Lakin sonra, o, özü etiraf etdi ki, düz etməyib. Müəllim ona qiymətini topladıqda 81 balla B aldığını demişdi. Ondan sonra mən hesablayanda gördüm ki, o, B yox, C alıb. Elvin isə elə bilmişdi ki, mən bunu qərəzli etmişəm. Heç nəyi aydınlaşdırmadan o mənim üstümə gəldi, hətta təhqir etdi, lakin ən acısı o idi ki, mənə imkan vermirdi ki, vəziyyəti ona izah edim. Bir müddət keçəndən sonra isə düz eləmədiyini anladı və mənə zəng edib dedi ki, düz etməmişəm, uşaqlıq etmişəm. Baxın elə buradan da bayaqki sualın cavabı anlaşılır ki, mən niyə tələbələri yaxın buraxmıram. Lakin mənim yanıma elə tələbələr də gəlir ki, evdə valideynlərinə, dostlarına demədiyi sirləri mənə deyir. Mən onlara bacardığım qədər kömək edirəm və kim ki, mənə qulaq asır, xeyir də tapır. Onlar mənə deyirlər ki, Sevinc xanım, yaxşı ki, o vaxt bunu mənə belə dediniz. Amma bu yenə də o anlamı vermir ki, mən onlarla yaxınam.
- İşinizin elmi və ya psixoloji ağırlığından yorulmusunuz?
- Xeyr, qocalmamışam ki! (gülür) Tam tərsinə, o elmi və psixoloji çəki məni cavanlaşdırır. Mən o zaman özümü qocalmış hiss edərəm ki, kimsə mənə ehtiyac duymaz. Allah mənə o günü göstərməsin. Mən çox işlədikcə enerjim çoxalır, cavanlaşıram.
- Niyə məhz Jurnalistika fakültəsi?
- İki ildir ki, qabiliyyət imtahanı keçirilir. Yəni, artıq bura fanatlar gəlir. Bizim dövrümüzdə bura elə-belə biri gələ bilməzdi. Fakültədəki mənimlə yaşıd və məndən əvvəlki nəsil-biz hamımız buranın fanatı olaraq gəlmişik. Özüm ilk dəfə V sinifdə oxuyanda “Azərbaycan pioneri” qəzetində tənqidi bir yazı yazmışdım. Hələ orta məktəbdən təşkilatçılıq, xəbər hazırlamaq, yayımlamaq işləri mənə tapşırılırdı. Məktəbimizdə radio qovşağı var idi, oranın aparıcısı mən idim. Yəni, mən jurnalistika üçün doğulmuşdum. Tələbələr, adətən, xaricdə magistratura təhsili almağa can atırlar.
- Sizin buna münasibətiniz necədir?
- Mən bunun əleyhinə deyiləm. İnsan nə qədər xarici ölkələrdə olsa, oranın elmi, mədəniyyəti ilə tanış olsa, bir o qədər dünyagörüşü, intellekti artar. Lakin “burada biz heç nə almadıq, xaricdə öyrəndik” kimi fikirlərin daşıyıcılarını qınayıram. Əgər biri xaricə çıxırsa, demək ki, burada müəyyən bir baza, bünövrəsi var. İlkin biliklər burada alınır, xaricdə isə təkmilləşir. Azərbaycanda qalıb təhsili irəlilətmək, doktorant, aspirant olmaq da xaricdən geri qalmır. Həm də jurnalistikada nəzəriyyədən çox, təcrübə önəmlidir. Yəni, sən nə qədər nəzəriyyə bilsən də, onu tətbiq edə bilmirsənsə, alınmır. Jurnalist elə bir insandır ki, mütləq imzasını təsdiqlətməlidir. Burada heç kimin hesabına irəli getmək olmur, çünki jurnalistin əməyi göz qabağında olur.
- Sözünüzü deməkdən çəkindiyiniz vaxtlar olub?
- Xeyr. Baxın, hamı mənə deyir ki, bu yaxşı xüsusiyyətdir, amma mənə elə gəlir ki, bu mənim ən pis xüsusiyyətimdir.
- Niyə?
- İnsan gərək hərdən qeyri-səmimi olsun, reallıq bəzən insanın başını ağrıdır. Çünki çox insanların xoşuna gəlmir ki, həqiqəti onların üzünə deyəsən. İnsanlar nəyə layiq olduqlarını bilirlər və istəmirlər ki, kənardan kimsə bunu onların üzünə vursun. Lakin mən səhv olanda susa bilmirəm, yaşı, vəzifəsi, statusundan asılı olmayaraq səhv olduğunu üzə deyirəm.