Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev sakinlərlə növbəti qəbul keçirib.
İcra Hakimiyyətindən “Qafqazinfo”ya verilən məlumata görə, Qarabağ əlili Osman Hacıyev və şəhər sakini Səidə Axundovanın maddi yardım üçün etdikləri müraciət həllini tapıb. Tofiq Cəfərov və Natiq Qasımovun müraciətləri isə sağlamlıqları ilə bağlı idi. İcra Başçısının tapşırığı ilə onların arzusu yerinə yetirilib.
İcra başçısının qəbul günlərində əhalinin işlə təmin olunması ilə bağlı müraciətlərin həlli üçün şəhər Məşğulluq mərkəzində olan vakant yerlər barədə məlumat verilir. Elə ona görə də bu mövzuda müraciət edən Azər Kərimovun arzusu reallaşıb.
İcra başçısının qəbul günündə iştirak edənlərin arasında ötən qəbul zamanı etdikləri müraciətlərin müsbət nəticəsi üçün minnətdarlıq bildirmək istəyən şəhər sakinləri də olub. Nəriman Rüstəmov icra başçısının qəbuluna elə bu məqsədlə gəlmişdi. Müalicədən sonra sağlamlığı bərpa olunduğu üçün razılığını bildirib, ölkə başçısına və şəhər rəhbərliyinə minnətdarlığını ifadə edib.
Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin qəbul gününə müraciət edən 100-ə yaxın şəhər sakininin böyük əksəriyyətinin istəkləri müsbət həllini tapıb. Su, işıq və qazla bağlı müraciətlərin həlli üçün də müvafiq idarə və təşkilat rəhbərlərinə tapşırıqlar verilib.