Xarici işlər naziri Elmar Məmmədyarov dekabrın 3-də Belqradda keçirilən ATƏT Nazirlər Şurasının 22-ci iclası çərçivəsində Fransanın Avropa məsələləri üzrə dövlət naziri Harlem Dezirlə görüşüb.
XİN-in mətbuat xidmətindən Aktual.az-a verilən məlumata görə, görüşdə Azərbaycan və Fransa arasında ikitərəfli siyasi, iqtisadi və mədəni əlaqələrin davamlı şəkildə inkişafından məmnunluq ifadə olundu.
E.Məmmədyarov Azərbaycanın Fransa ilə əməkdaşlığının inkişafında Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın xüsusi rolunu diqqətə çatdırdı.
Görüş əsnasında ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə danışıqlar prosesinə dair fikir mübadiləsi aparıldı.
H.Desir Fransanın ATƏT-in Minsk qrupunun həmsədri kimi münaqişənin sülh yolu həllinin tərəfdarı olduğunu qeyd edərək, ölkəsinin bu xüsusda səylərini davam etdirəcəyini bildirdi.
E.Məmmədyarov Azərbaycanın Fransanın münaqişənin həlli istiqamətində olan səylərini alqışladığını qeyd etdi. Fransa Prezidenti Fransua Ollandın təşəbbüsü ilə 2014-cü ilin noyabrında ATƏT-in Minsk qrupunun digər həmsədr dövlətlərinin iştirakı ilə Azərbaycan və Ermənistan prezidentlərinin Parisdə keçirilmiş görüşünü xatırlatdı. Paris görüşündə müzakirə olunan məsələlərin, xüsusilə Hərtərəfli Sülh Sazişinin hazırlanması istiqamətində konstruktiv addımlar atmaq əvəzinə, Ermənistanın təxribatçı məqsədlərlə görüşdən dərhal sonra Azərbaycanın işğal olunmuş ərazilərində genişmiqyaslı hərbi təlim keçirdiyini və məlum helikopter insidentinin baş verməsinə rəvac verdiyini vurğuladı. O, həmçinin, prezidentlərin Paris görüşündə Beynəlxalq Qızıl Xaç Komitəsinin xətti ilə itkin düşmüş şəxslər haqqında məlumat mübadiləsi və DNT bazasının yaradılmasına dair razılığın əldə olunmasına diqqəti çəkərək, Ermənistanın təcavüzü nəticəsində 4000-dən artıq azərbaycanlının hələ də itkin düşmüş şəxs statusunda olduğunu vurğulayıb.
Görüşdə qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparıldı.
Aktual.az