Elmar Məmmədyarov BMT Baş Assambleyasında çıxış edib

Elmar Məmmədyarov BMT Baş Assambleyasında çıxış edib

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş Assambleyasının 71-ci sessiyasının ümumi müzakirələrində çıxış edib.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən  verilən məlumata görə, Elmar Məmmədyarov qeyd edib ki, Azərbaycan Davamlı İnkişaf Məqsədlərinin hədəflərini nəzərə almaqla, öz milli inkişaf strategiyasını qəbul edib və səmərəli idarəçilik və davamlı artımın təkmilləşdirilməsi, qanunun aliliyinin gücləndirilməsi, insan hüquqlarına hörmət edilməsi, ictimai xidmətlərdən asanlaşdırılmış istifadənin təmin edilməsinə dair irimiqyaslı proqramlar həyata keçirməkdə davam edir.

Sentyabrın 19-da Ermənistan Azərbaycanın işğal olunmuş Ağdam rayonunda intensiv hərbi fəaliyyətə başlayıb. Bütün bunlarla Ermənistan sülh danışıqlarında irəliləyişin əldə edilməsi və Ermənistan qoşunlarının Azərbaycanın suveren torpaqlarından çıxarılması məqsədi güdən ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinin prezidentləri də daxil olmaqla, beynəlxalq ictimaiyyətin səylərinə qarşı çıxmaqda və onları pozmaqda davam edir.

“Qlobal iqtisadi böhran və neft qiymətlərinin kəskin düşməsinə baxmayaraq, Azərbaycan öz iqtisadi artımını saxlamağa müvəffəq olub. Davamlı iqtisadi artım Azərbaycana öz milli inkişaf strategiyasına diqqəti yönəltməklə yanaşı, beynəlxalq inkişafı da fəal şəkildə dəstəkləməyə imkan verib. Azərbaycan bir sıra ölkələrə Heydər Əliyev Fondu və Xarici İşlər Nazirliyi nəzdində Azərbaycan Beynəlxalq İnkişaf Agentliyi (AİDA) vasitəsilə beynəlxalq humanitar və inkişaf yardımı göstərməkdə davam edir”, - deyə nazir vurğulayıb.

Elmar Məmmədyarov bildirib ki, həll olunmamış silahlı münaqişələr, terrorizm, zorakı ekstremizm, təcavüzkar separatizm, dözümsüzlük, etnik və dini zəmində ayrı-seçkilik ən ciddi problemlər olmaqda davam edir: 

“Sonuncu ümumi müzakirələrdən ötən müddət ərzində Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanması ilə bağlı heç bir əsaslı irəliləyiş əldə olunmayıb. Ermənistan beynəlxalq hüququ və münaqişə ilə bağlı BMT Təhlükəsizlik Şurası tərəfindən 1993-cü ildə qəbul olunmuş 822, 853, 874, 884 saylı qətnamələrin tələblərini kobud şəkildə pozaraq, Dağlıq Qarabağ regionu və yeddi ətraf rayon da daxil olmaqla, Azərbaycan ərazilərini işğal altında saxlamaqda davam edir.

Ərazilərin hərbi işğalının birbaşa nəticəsi olaraq əlaqələrin qırılması, ölkəmizin sosial-iqtisadi cəhətdən tam şəkildə inkişaf etdirilməsi və regionun istifadə olunmamış iqtisadi perspektivlərinin reallaşdırılmasına ciddi əngəl törədir.

Eyni şəkildə regionun daxili və regionlar arası əlaqələr baxımından tam potensialı hələ də istifadə olunmamış qalır. Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistanın yürütdüyü siyasət və qanunsuz fəaliyyəti münaqişənin siyasi həllinin əldə edilməsi perspektivlərini sarsıdır və regionda sülh, təhlükəsizlik və stabilliyə bilavasitə təhlükə yaradır".

Nazir bildirib ki, xoş niyyətlə danışıqlar aparmaq əvəzinə Ermənistan münaqişənin sülh yolu ilə həllinə yönələn bütün cəhdləri pozur:

“BMT Təhlükəsizlik Şurasının tələblərinə tamamilə məhəl qoymayan və beynəlxalq hüququ kobud şəkildə pozan Ermənistan öz qoşunlarını Azərbaycan ərazilərindən çıxarmaqdan imtina edir, zor gücünə məcburi köçkünə çevrilmiş yüz minlərlə Azərbaycanlının öz doğma yurd-yuvalarına geri qayıtmasının qarşısını alır və işğal olunmuş ərazilərin fiziki, demoqrafik və mədəni xarakterini dəyişdirməklə mövcud status-kvonu daha da gücləndirməyə çalışır”.

E.Məmmədyarov qeyd edib ki, Ermənistan vaxtaşırı hərbi təxribatlar da törədir: 

“Ən son olaraq bu il aprel ayının əvvəlində Ermənistan Azərbaycanın mülki əhalisinə qarşı geniş miqyaslı hücumlar həyata keçirib. Əhalinin sıx məskunlaşdığı Azərbaycan əraziləri, o cümlədən məktəblər, xəstəxanalar və ibadət yerləri ağır artileriya və iriçaplı silahlardan intensiv atəşə tutulub. 

Ermənistanın məsuliyyətsiz hücumları nəticəsində uşaqlar, qadınlar və qocalar da daxil olmaqla çoxsaylı azərbaycanlı mülki şəxslər həlak olub və yaralanıb. Bu hücumlar zamanı Azərbaycanın 34 şəhər və kəndi ağır dağıntılara məruz qalıb. Mülki əhəmiyyətli infrastruktur da daxil olmaqla özəl və ictimai mülkiyyət əhəmiyyətli dərəcədə ziyan çəkib. Yüzlərlə mülki təyinatlı binalar, xüsusilə, yaşayış evləri, məktəblər, uşaq bağçaları, mədəni mərkəzlər və digər mülki obyektlər dağıdılıb”.

Nazir bildirib ki, Azərbaycandan təsirli cavablar alan Ermənistan, Rusiya Federasiyasının vasitəçiliyi ilə aprelin 5-də Moskvada Azərbaycan və Ermənistan Baş Qərargah rəisləri arasında görüşdə razılaşdırılan atəşkəs üçün müraciət etmək məcburiyyətində qalıb: 

“Buna baxmayaraq, Ermənistan atəşkəsi pozmaqda davam edir. Bundan başqa, Ermənistan işğal etdiyi Azərbaycan ərazilərində qüvvələr cəmləşdirir və möhkəmləndirilmiş hərbi istehkamlar tikir. Sentyabrın 19-da Ermənistan Azərbaycanın işğal olunmuş Ağdam rayonunda intensiv hərbi fəaliyyətə başlayıb.

Bütün bunlarla Ermənistan sülh danışıqlarında irəliləyişin əldə edilməsi və Ermənistan qoşunlarının Azərbaycanın suveren torpaqlarından çıxarılması məqsədi güdən ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinin prezidentləri də daxil olmaqla, beynəlxalq ictimaiyyətin səylərinə qarşı çıxmaqda və onları pozmaqda davam edir.

Ermənistan dərk etməlidir ki, status-kvo və hərbi təxribatlara arxalanmaq böyük səhvdir. Özünü əzab çəkən tərəf kimi göstərməklə münaqişənin əsl səbəblərinin kökünə dair beynəlxalq ictimaiyyəti riyakarcasına aldatmaq cəhdləri uğursuzluğa məhkumdur”.

E.Məmmədyarov bildirib ki, Azərbaycan Ermənistandan işğal olunmuş ərazilərdə özünün hərbi mövcudluğunu dayandırmağı və münaqişənin vaxtı uzanmış siyasi həllinin tapılması üçün xoş niyyətlə Azərbaycanla danışıqlarda iştirak etməyi gözləyir. 

“Münaqişə yalnız Azərbaycanın suverenliyi və ərazi bütövlüyü əsasında beynəlxalq səviyyədə tanınan sərhədləri daxilində həll edilə bilər. Ermənistan nə qədər tez bu reallığı dərk eləsə və silahlı qüvvələrini işğal olunmuş Azərbaycan ərazilərindən çıxarsa, münaqişə bir o qədər tez həll ediləcək, habelə Ermənistan və onun əhalisi əməkdaşlığın perspektivləri, eləcə də iqtisadi inkişafdan faydalanacaqdır. Azərbaycan münaqişənin həllinə nail olunması, regionda sülh, ədalət və inkişafın təmin edilməsində səylərini əsirgəməyəcək”, - deyə E.Məmmədyarov vurğulayıb.

Xəbər 378 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR