Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, tarix elmləri doktoru, professor Əli Həsənovun Rusiyada çap olunan nüfuzlu “Science and world” jurnalının sentyabr nömrəsində (№ 9 (25)) ermənilərin azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırımı siyasətinin mərhələlərindən bəhs edən elmi məqaləsi dərc edilib.
Aktual.az AZƏRTAC-a istinadən xəbər verir ki, məqalədə son iki əsrdə azərbaycanlılara qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasəti geniş təhlil edilir.
Müəllif zəngin xarici mənbə və tarixi faktlara əsaslanan məqaləsində göstərir ki, son iki əsrdə xalqımıza qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasəti Azərbaycan tarixinin faciələrlə, o cümlədən qanlı hadisələrlə dolu çox ağrılı mərhələlərini təşkil edir. Bu millətçi-şovinist siyasətin əsas məqsədi azərbaycanlıları öz tarixi torpaqlarından qovmaqla əzəli Azərbaycan ərazilərində ermənilərin uydurduqları “Böyük Ermənistan” dövləti yaratmaq olub.
Məqalədə qeyd edilir ki, strateji baxımdan mühüm əhəmiyyətə malik olan Azərbaycanın Qarabağ bölgəsinin dağlıq hissəsinə İrandan və Türkiyədən çoxlu sayda erməni əhalisinin köçürülməsinə XIX əsrin əvvəllərində başlanılıb. Nəticədə XX əsrin əvvəllərindən etibarən erməni millətçiləri “Böyük Ermənistan” ideyasını reallaşdırmaq istiqamətində fəaliyyətini genişləndirib və azərbaycanlıları tarixi torpaqlarından qovmaqla etnik təmizləmə və soyqırımı siyasətini həyata keçirməyə başlayıblar.
Mənbələrə əsasən məqalədə təsdiq edilir ki, erməni millətçilərinin təcavüzkar siyasəti nəticəsində təkcə XX əsrdə azərbaycanlılar 4 dəfə - 1905-1906-cı, 1918-1920-ci, 1948-1953-cü və 1988-1993-cü illərdə erməni millətçiləri tərəfindən törədilən soyqırımı və etnik təmizləmələrə məruz qalıblar. 1918-1920-ci illərdə ermənilər tərəfindən törədilmiş kütləvi qırğınların Bakı, Quba, Şamaxı, Kürdəmir, Lənkəranla yanaşı, Şuşada, İrəvan quberniyası ərazisində, Zəngəzurda, Naxçıvanda, Şərurda, Ordubadda, Qarsda və başqa bölgələrdə davam etdirilməsi nəticəsində minlərlə azərbaycanlının ən qəddar üsullarla qətlə yetirilməsı məqalədə faktlarla diqqətə çatdırılır.
Professor Əli Həsənov qeyd edir ki, Azərbaycanın Qarabağ bölgəsinin dağlıq hissəsinə XIX əsrdə köçürülən ermənilərə 1923-cü ildə muxtar vilayət statusu verildi və bu hadisə Azərbaycanın inzibati-ərazi bölgüsünün pozulması, həm də ermənilərin ölkəmizə qarşı gələcək ərazi iddiaları üçün bir vasitə olub. Bununla da sovet dövründə Azərbaycanın Qarabağ bölgəsinin dağlıq hissəsində yaşayan erməni icması bütün siyasi, iqtisadi, sosial və mədəni muxtariyyətə malik olub, ancaq Ermənistan öz ərazi iddialarını bir neçə dəfə ortaya atıb, lakin istəyinə nail ola bilməyib.
Məqalədə hər dəfə Qarabağa dair ərazi iddialarının kənardan, məhz Ermənistanın təbliği, təhriki və təzyiqi ilə ortaya atılması diqqətə çatdırılır və göstərilir ki, XX əsrin 80-ci illərinin ikinci yarısında ermənilər özlərinin yaxın və uzaq xaricdəki himayədarlarının köməyi ilə “Böyük Ermənistan” ideyasını həyata keçirmək üçün yaranmış vəziyyətdən istifadə edərək yenidən Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə dair ərazi iddiaları irəli sürdülər. Nəticədə, 1988-1993-ci illərdə monoetnik dövlət yaratmağa nail olan Ermənistan Respublikası Azərbaycana qarşı açıq-aşkar təcavüzkarlıq siyasəti yeridib, dinc sakinlər qətlə yetirilib, yaşayış məntəqələri dağıdılıb, talan edilib və yandırılıb.
Tarixçi alim diqqətə çatdırır ki, bütün dövrlərdə olduğu kimi, ermənilərin həyata keçirdiyi bu işğalçılıq siyasəti kütləvi qırğınlarla müşayiət olunub. Belə ki, 1988-1993-cü illərdə Ermənistanın hərbi təcavüzü nəticəsində 20 min nəfərdən çox azərbaycanlı həlak olub, 100 min nəfərdən çoxu yaralanıb, 50 min nəfər isə müxtəlif dərəcəli xəsarət alaraq əlil olub. Eyni zamanda, dövlət terrorizmi və soyqırımı siyasəti yeridən Ermənistan və işğal olunmuş ərazilərdəki separatçı rejim tərəfindən ümumilikdə müxtəlif səpkili (sərnişin avtobuslarında, sərnişin və yük qatarlarında, Bakı Metropolitenində, hava nəqliyyatında, sərnişin daşıyan dəniz bərəsində, yaşayış məntəqələrində, mülki və dövlət obyektlərində) çoxsaylı terror aktları törədilib. Nəticədə 1200 nəfər həlak olub, 1705 nəfər yaralanıb. Hazırda Azərbaycan ərazisinin 20 faizdən çox hissəsi Ermənistan silahlı qüvvələrinin işğalı altındadır.
Müəllif faktlara və rəqəmlərə əsasən göstərir ki, işğal nəticəsində 900-ə yaxın yaşayış məntəqəsi, 22 muzey və 4 rəsm qalereyası, tarixi əhəmiyyəti olan 9 saray, nadir tarixi əhəmiyyətli 40 min muzey sərvəti və eksponatı, 44 məbəd və 9 məscid dağıdılıb, talan edilib və yandırılıb. Bundan əlavə, 927 kitabxanada 4,6 milyon kitab və qiymətli tarixi əlyazmalar məhv edilib.
Məqalədə bildirilir ki, münaqişənin ədalətli həlli və işğal altında olan torpaqlarımızın azad edilməsi Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyənləşdirilib. Bununla yanaşı, müasir dövrdə Azərbaycan Cənubi Qafqaz regionunda əsas söz sahibi olan dövlət kimi çətin və mürəkkəb geosiyasi şəraitdə müstəqil xarici siyasət həyata keçirir. Vurğulanır ki, bir sıra beynəlxalq təşkilatların qəbul etdiyi sənədlərdə Ermənistan işğalçı dövlət kimi göstərilib.
Əli Həsənov, eyni zamanda, məqalədə qeyd edir ki, XX əsrin sonlarında ermənilərin Xocalıda törətdikləri soyqırımı bütün insanlığa və bəşəriyyətə qarşı yönəldilmiş ən ağır cinayətlərdən biri kimi qiymətləndirilir. Müəllif vurğulayır ki, beynəlxalq hüquqa görə, soyqırımı sülh və insanlıq əleyhinə yönələn əməldir və ən ağır cinayət hesab edilir. Bu barədə BMT Baş Məclisinin 1948-ci il 9 dekabr tarixli 260 (III) saylı qətnaməsi qəbul edilib və “Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında” Konvensiyada soyqırımı cinayətinin hüquqi əsası təsbit olunub. Ermənistanın Azərbaycana qarşı təcavüzü zamanı həmin konvensiyada təsbit edilmiş soyqırımı cinayətini təşkil edən bütün əməllər azərbaycanlılara qarşı tətbiq olunub. Bununla yanaşı, məqalədə müəllif diqqətə çatdırır ki, Xocalı soyqırımı dünya tarixində heç vaxt unudulmayan Xatın, Xirosima, Naqasaki, Sonqmi, Ruanda, Srebrenitsa və Holokost kimi dəhşətli soyqırımlarından heç də geri qalmır və adı çəkilən hadisələr dinc əhalinin soyqırımı olaraq bütün dünyada geniş əks-səda doğurub.
Professor Əli Həsənovun məqaləsinin Rusiyada çap olunan nüfuzlu “Science and world” jurnalında dərc edilməsi təkcə tariximizin qanlı səhifələrinin öyrənilməsi və yaddaşlarda həkk olunması deyil, eləcə də Ermənistanın dövlət terrorizmi siyasətinin dünyaya çatdırılması və ifşa olunması baxımından əhəmiyyətlidir.