"Əlverişli coğrafi məkanda yerləşən Azərbaycan dünyada zəngin multikultural dəyərlərə, tolerantlıq ənənələrinə malik olan və müxtəlif dinlərin yanaşı mövcud olduğu çoxmillətli dövlət kimi tanınır".
Aktual.az Trend-ə istinadən xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov ulu öndər Heydər Əliyevin 93-cü ildönümündən bəhs edən "Heydər Əliyev irsi və multikultural dəyərlər" adlı kitabda dərc olunan məqaləsində bildirib.
Ə.Həsənov bldirib ki, Azərbaycanın qədim dövlətçilik tarixində multikulturalizm özünə mühüm yer tutması onun ərazisində yaşayan əhalinin milli-etnik dəyərlərinin zənginləşməsinə təsir göstərir və mədəniyyətlərarası dialoq üçün əlverişli şərait yaradır: "1991-ci ildə Azərbaycanın dövlət müstəqilliyini əldə etməsi siyasi və iqtisadi münasibətlərin yeni prinsipləri üzərində bərqərar olunmasına səbəb olmaqla yanaşı, eyni zamanda, ölkəmizdə multikulturalizmin inkişafı üçün geniş imkanlar yaradıb. Keçmiş hakim ideologiyanın aradan qalxması adət-ənənələrə, milli və dini münasibətlərə siyasi ideoloji qadağalardan kənar yeni yanaşmaların meydana gəlməsini şərtləndirib. Dövrün tələblərinə uyğun olaraq multikultural münasibətləri tənzimləmək, müxtəlif dini inancların, mənəvi-mədəni dəyərlərin daşıyıcısı olan azyaşlı xalqların müstəqil dövlətçilik ideyaları ətrafında sıx birləşməsini təmin etmək dövlətin qarşısında duran əsas vəzifələrdən biri idi. Çox təəssüf ki, həmin dövrdə hakimiyyətdə olan qüvvələr yaranmış şəraitin əhəmiyyətini obyektiv qiymətləndirə bilməyib və siyasi idarəçiliyin yarıtmazlığı müstəqil dövlətçiliyə qarşı etnik separatizm hallarının baş verməsinə, multikultural dəyərlərə təhdidlərin yaranmasına gətirib çıxardı. Yalnız 1993-cü ildə ümummilli lider Heydər Əliyev yenidən siyasi hakimiyyətə gəldikdən sonra Azərbaycançılıq ideologiyasına əsaslanmaqla, ölkəmizdə yaşayan bütün azsaylı xalqların maraqlarına cavab verən, mədəni müxtəlifliyi təmin edən, onu zənginləşdirən dövlət siyasətinin həyata keçirilməsinə başlanılıb".
Ə.Həsənov bildirib ki, Prezident İlham Əliyevin sərəncamı ilə 2016-cı il Azərbaycanda "Multikulturalizm ili" elan olunub: "Bütün bunlar müasir dövrdə ölkəmizdə aparılan dövlət siyasətinin tolerantlıq prinsiplərinə əsaslandığının bariz ifadəsidir".