Yarım tona yaxın narkotik vasitənin ölkəmizdən keçirilməsinin qarşısı alınıb. Kişmiş adı ilə aparılan narkotik vasitələr Samur gömrük postunda saxlanılıb. Daha bir əməliyyatla isə, külli miqdarda psixotrop maddənin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsinin qarşısı alınıb.
Aktual.az Region TV-yə istinadən xəbər verir ki, külli miqdarda narkotik vasitənin ölkə ərazisindən tranzit keçirilməklə qaçaqmalçılıq yolu ilə aparılması cəhdinin qarşısı alınıb. Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, Azərbaycan vətəndaşı Hacıbala Tağıyevə məxsus yük nəqliyyat vasitəsi saxlanılıb. Gömrük işçilərinə maşında 17.800 kq çəkidə kişmiş məhsulunun İran İslam Respublikasından Ukraynaya aparılması haqqında məlumat verilib.
Stasionar-rentgen qurğusundan keçirilən "kişmiş"in arasındakı qaraltılar şübhə doğurduğundan yükə fiziki baxış keçirilib. 1 800 ədəd "kişmiş" yüklü karton qutuların arasında yük yerinin orta hissəsindəki 114 ədədinin daxilində kişmişlərin altında sellofan paketə qablaşdırılaraq üzərinə qırmızı istiot səpələnən dördkünc formalı bağlamalar tapılıb. Bağlamalarda ağ, sarımtıl rəngli, spesifik qoxuya malik narkotik maddə olan heroin aşkarlanıb. Bağlamalar hal şahidlərinin iştirakı ilə elektron tərəzidə çəkilib. Qablaşdırma ilə birlikdə narkotik vasitələrin ümumi çəkisi 487 kq-a yaxın olub.
Dindirilmə zamanı HacıbalaTağıyev Azərbaycandan tranzit kimi istifadəyə cəhd göstərdiyini bildirib.
Tovuz Gömrük İdarəsinin "Sınıq Körpü" gömrük postundan isə Gürcüstan Respublikasından Azərbaycan Respublikasına gələn Azərbaycan vətəndaşı Ramin Qasımlının "Mercedes Benz" markalı, nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.
Baxışdan öncə adıçəkilən vətəndaşdan üzərində və idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və ya gömrük nəzarətinə bəyan edilməyən malların, qadağan olunmuş predmetlərin, o cümlədən narkotik vasitə və psixotrop maddələrin olub-olmadığı soruşulub. O isə üzərində və idarə etdiyi nəqliyyat vasitəsində qadağan olunmuş predmetlərin olmadığını bildirib.
Avtomobilə baxış zamanı nəqliyyat vasitəsinin arxa oturacağının söykənəcəyinin arxasından, yəni yanacaq çəni kəsilərək düzəldilmiş gizli saxlanc yerindən 10 min 80 həb "Xanax 0,5 mg" və 2070 həb "Rivotril" adlı dərman preparatları aşkar edilərək götürülüb. Aşkar edilən dərman preparatları "Azərbaycan Respublikası ərazisində dövriyyəsinə nəzarət edilən psixotrop maddələr"in III Siyahısına daxildir.
Saxlanılan şəxs: "Belə bir dərman olduğundan xəbərim yox idi. Bir nəfər tanımadığım şəxs mənə pul verdi ki, bu dərmanları sərhəddən keçirim. Elə bildim ki, vitamindir, atdım maşına".
Faktlarla bağlı araşdırmalar davam etdirilir.