Eldar Mahmudovun "sındırdığı" biznesmen qayıtdı - GÖRÜN NƏ ETDİ

Eldar Mahmudovun

Xətai rayonu, İlqar Zülfüqarov küçəsi, 2942 A ünvanında yeni tikilmiş binanın həyətində çoxillik ağaclar kəsilib. Binada yaşayan sakinlərin sözlərinə görə, gecə ikən kəsilən 10-dək ağacın budaqları da elə qaranlıqda ərazidən daşınıb. Həyətdə olan daha 20 ağacın taleyi isə sual altındadır.

Sakinlərin virtualaz.org-a bildirdiklərinə görə, 2007-ci ildə tikilən bina əvvəllər “Göygöl” MTK-ya məxsus olsa da, sonradan tikinti şirkətinin adı dəyişdirilərək “Bilal”, daha sonra “Rahat həyat” adlandırılıb.

Sakinlərin sözlərinə görə, binanın həyətində ağacları kəsdirən şəxs əvvəllər milli təhlükəsizlik naziri Eldar Mahmudovun sağ əli olan və onun bütün tikinti işlərini həyata keçirən Vüqar Ağayevdir. Sakinlərdən onu da öyrəndik ki, .Mahmudovun bütün tikintilərini, o cümlədən, MTN-nin xəstəxanasının, Nardarandakı bağlarının və Badamdardakı villalarının tikintisini o aparıb. Lakin sonradan aralarında problem yarandığından, o, Amerikaya qaçıb.

E.Mahmudovun işdən çıxarılmasından sonra isə iki aydır ki, zərərçəkmiş kimi Bakıya qayıdan V. Ağayev nazirin onun əlindən aldığı əmlakına sahib çıxmaq istəyir. Lakin sakinlərin sözlərinə görə, onlar mənzili başqa adamdan alıblar. Həmçinin evi tikən MTK-da kəsilən ağacların onlarla əlaqəli olmadığını deyir.

Bina sakini Mətləb Vəliyevin sözlərinə görə, onlara rəsmi sənədlər göstərilməsə də, ağacların yerində 12 mərtəbəli binanın tikiləcəyindən xəbər tutublar:

“Biz başqasına pul verib evimizi almışıq, belə bir adam da tanımırıq. İndi ortaya çıxıb ki, bu həyət Vüqar Ağayevindir. Hətta deyilənə görə, 3 gün əvvəl özü də bura baş çəkib. Mahmudovun vaxtında guya bu torpaqlar onun olub. . Biz MTK ilə də əlaqə saxladıq və onlar da dedilər ki, biz elə adam tanımırıq və bizlik deyil.

Camaat burada öz gücünə yaşıllaşdırma aparır, həmin ərazini isə uşaq parkı eləmək istəyirdik. Prezident Heydər Əliyev həmişə deyirdi ki, ağac kəsəndə, elə bilirəm qolumu kəsirlər. Camaatın hava alacağı, nəfəs alacağı balaca bir yer var, onu əlimizdən almağa heç kimin ixtiyarı yoxdur”.

Həmin gün polisə müraciət olunduğunu deyən sakinlərin sözlərinə görə, polis gəlib ağacları kəsənləri aparsa da, sonradan buraxılıblar.

Sakinlərin sözlərinə görə, əgər burada bina tikilsə, nəfəs almaq mümkün olmayacaq.

Şikayətçi Cavid Sadıxovun bildirdiyinə görə, artıq ağacların kəsilməsindən sonra ərazidə ölçmə işləri də aparılıb:“Biz uşaq deyilik ki, başımızı aldatsınlar. Ərazidə ölçmə işləri aparanda bildik ki, burada bina tikiləcək. Deyilənə görə, 12 mərtəbəli binanın tikilməsi nəzərdə tutulub. Bura balaca həyətdir. İstəyirik ki, uşaqlarımız üçün oynamağa yer düzəldək, iki skamya qoyaq ki, işdən gələndə yarım saat oturub dincələ bilək. Buranı zəbt edəndən sonra necə yaşayaq, yaşadığımız yer həbsxanaya dönəcək. Evimizdə iki körpə uşaq var. Bizim mənzilə gün ərzində cəmi iki saat gün düşür. Belə getsə, onun da qarşısı kəsiləcək”.

200-dək mənzilin olduğu binada hazırda yaşayan 80-dən çox sakin ağacların kəsilməsinə etiraz olaraq ərizə ilə müvafiq orqanlara müraciət etmək niyyətindədir. Ötən gün bazar günü olduğundan bu gün bütün sakinlərin də imzaladığı məktub Ekologiya Nazirliyinə, Baş Prokurorluğa, Korrupsiyaya qarşı Mübarizə İdarəsinə, Heydər Əliyev Fonduna və prezidentə göndəriləcək.

Qeyd edək ki, virtualaz.org saytı ötən buraxılışlarında Eldar Mahmudovun və onun cinayətkar dəstəsinin əməllərindən zərər çəkən iş adamlarından biri kimi əvvəllər nazirin biznes ortağı olan, lakin müflisləşdirilərək ölkədən qaçmağa məcbur edilən Vüqar Ağayevin başına gələnlər haqda yazı dərc etmişdi.

Həmin yazıda deyilirdi ki, V. Ağayevin tikinti sahəsində biznesinin yüksəlişini görən keçmiş nazir öz evi ilə yanaşı, bir sıra başqa işləri, o cümlədən, Cəfər Cabbarlı və Bəsti Bağırova küçələrinin kəsişməsində yerləşən 25 mərtəbəli “Globus Plaza” biznes mərkəzinin tikintisini ona tapşırıb. Ancaq sonradan inşaat işləri üçün heç bir ödəmə həyata keçirilməyib. Məlumata görə, V. Ağayev sabiq nazirin ödədiyi vəsaitin üstünə öz cibindən əlavə 3 milyon manat pul da qoyubmuş. Üstəlik, həmin ərəfədə nazirə dəyəri milyon manatlarla ölçülən ev də inşa edirib və bunun müqabilində ondan 1 manat belə almayıb.

Lakin E. Mahmudov bunlarla qane olmayaraq V. Ağayevin Nobel prospekti 2207 ünvanında yerləşən 8.18 ha torpaq sahəsində salmaq istədiyi “Ağ ləpələr” adlı villa şəhərçiyinə göz dikib və onun öz adına rəsmiləşdirilməsini tələb edib. Çətin vəziyyətdə qalan, müfliləşdirək külli miqdarda borca düşən iş adamı çıxış yolunu ölkədən qaçmaqda görüb. Eldar Mahmudovun və cinayətkar bandasının ifşasından sonra Vüqar Ağayev ölkəyə qayıdıb. İndi isə göründüyü kimi o, biznesini dirçəltmək istəyir, ancaq ağacları qırmaq və biznesinin əlindən alınmasına görə heç bir birbaşa məsuliyyəti olmayan sadə vətəndaşların mənafeləri hesabına…

// Virtualaz.org

Xəbər 17876 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR