“Mənim ölkədən qaçmağımla bağlı son vaxtlar yayılan xəbərlər yalan və böhtandan başqa bir şey deyil”.
Bu sözləri Turan-a “Azəriqazbank”ın rəhbəri Çingiz Əsədullayev bildirib.
10 il Ağdaşdan deputat seçildiyini deyən Ç.Əsədullayev xalqa bacardığı qədər xidmət göstərdiyini deyib, seçicilərilə hər-hansı problemi olmadığını söyləyib.
“Builki parlament seçkilərindən sonra dairə komissiyası seçkinin nəticələrini ləğv etdi və bu, mənim üçün müzakirə obyekti deyil”, - deyə o, nəticələrin ləğvinə etirazı olmadığını ifadə edib. Bankir heç nədən asılı olmadan, özünü prezident İlham Əliyevin əsgəri adandırıb.
Bankir ölkədən getməsi haqda deyilənlərə sərt münasibət bildirib. 6 uşağı olduğunu deyən Ç.Əsədullayev övladlarının hamısının Azərbaycanda təhsil aldıqlarını, burada yaşadıqlarını, əmək fəaliyyəti ilə məşğul olduqlarını vurğulayıb. “Mən ailəmi qoyub haraya gedə bilərəm? Öz şəxsi ailəmdən başqa 750 nəfər əməkdaşı olan “Azəriqazbank” adlı ailəm var, kim öz ailəsinə xəyanət edər?”, - deyə Ç.Əsədullayev ölkədən getməyə hazırlaşması haqda yayılan xəbərlərə mənfi münasibətini birmənalı ifadə edib.
Ç.Əsədullayev ailəsinə, ölkəyə, vətənə, dövlətə heç zaman, heç bir halda xəyanət etməyəcəyini, öz əvvəlki mövqeyində qalacağını söyləyib. “Əgər bir gün yenə eşitsəniz ki, ölkədən getdiyimi deyirlər, yenə də inanmayın”, - deyə bəyan edib.
// Aktual.az