Sabiq nazirin qudası və gəlini, 2 “Akula”sı ölkədən qaçıb; yaxın adamları xüsusi nəzarətə götürülüb
Ötən ilin oktyabrında vəzifəsindən çıxarılan milli təhlükəsizlik naziri Eldar Mahmudovun qudası Cahangir Hacıyevin işi üzrə məhkəmə prosesi davam edir. Ötən proseslərdən birində məlum olub ki, Cahangir Hacıyev Beynəlxalq Banka rəhbərlik etdiyi dönəmdə qızı, Eldar Mahmudovun gəlini olan Aida Mahmudovanın adına bankın “Mərkəz” filialından bir neçə milyonluq kredit götürülüb.
Aktual.az musavat.com-a istindən xəbər verir ki, C.Hacıyevin həbsindən sonra isə araşdırılan məsələlər sırasında A.Mahmudovanın bankdan kredit götürməsi də olub. Bununla bağlı A.Mahmudova istintaqa çağırılıb. Amma o, xaricdə olduğundan istintaqın çağırışına getməyib. Sonradan isə ümumiyyətlə Azərbaycana gəlməkdən imtina edib. A.Mahmudovanın harada olması haqda məlumat verilmir. Ehtimal olunur ki, o, anası Zamirə Hacıyevanın olduğu Londona gedib. Qeyd edək ki, Z.Hacıyeva barəsində həyat yoldaşının həbsindən sonra Cinayət Məcəlləsinin 179-cu maddəsi (mənimsəmə) ilə cinayət işi başlanıb. Z.Hacıyeva 2009-cu ildən 2015-ci ilə qədər Beynəlxalq Bankdan 18 milyon 429 min manat mənimsəməkdə ittiham olunur. Həbsdəki bankirin həyat yoldaşı ittihamları rədd edir, əsassız olduğunu bildirir.
Eldar Mahmudovla oğlu Anar Mahmudovun, Eldar Mahmudov vəzifədən çıxarılana qədər polis rəisi olmuş əmisi oğlu İlqar Mahmudovun və digər yaxın qohumlarının harada olmaları isə gizlədilir.
Bilinən odur ki, sabiq nazirin yaxın çevrəsi də istintaqın diqqət mərkəzinə düşüb. Onların ölkədən çıxışlarına “stop” qoyulub.
Mahmudovun 2 “Akula”sı ölkədən qaçıb
Qeyd edək ki, E.Mahmudov vəzifəsindən çıxarılandan sonra onun yeri haqda ziddiyyətli məlumatlar yayılıb. İlkin məlumatlarda sabiq nazirin Badamdardakı imarətində olduğu bildirilirdi. Sonrakı məlumatlarda isə sabiq nazirin Bilgəhdəki dəbdəbəli bağ evinə aparıldığı, orada nəzarət altında saxlanıldığı iddia olunurdu. E.Mahmudov “vurulandan” sonra ölkədən qaçmağa müvəffəq olanlardan biri də onun yaxın ətrafına daxil olan “Akula Akif” ləqəbli Akif Mustafayevdir. Bu şəxs Eldar Mahmudov vəzifədən çıxarılandan bir gün sonra Azərbaycandan qaçıb. Hazırda Londonda gizləndiyi haqda məlumatlar var. A.Mustafayev E.Mahmudovun badə yoldaşı olmaqla bərabər imkanlı sahibkarlar haqda ona məlumatlar ötürməklə məşğul olub. Sonradan həmin şəxslər müxtəlif bəhanələrlə həbs olunub, təhdid edilib və milyonları əllərindən alınıb.
Redaksiyamıza daxil olan məlumatda deyilirdi ki, hazırda Dubayda gizləndiyi ehtimal edilən Polad Qabulov da “Akula Akif”in funksiyasını yerinə yetirib. Onun barəsində hüquq-mühafizə orqanlarına müraciət edən isə Nizami adlı iş adamı olub. “Akula Polad”ın verdiyi məlumatlar əsasında Nizami adlı iş adamının başına torba keçirib MTN-ə aparan “mahmudovçu”lar onun bank hesabından 2 milyon manat alıb özünü əlavə olaraq 2 milyon manat ödəməsi şərti ilə azad ediblər.
Eldar Mahmudovun baş istintaqçısını kim qoruyur?
Ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin Baş İstintaq İdarəsinin keçmiş rəisi Mövlan Şıxəliyevin hələ də həbs olunmamasının sirri barədə azadlıq.info yazıb. Qəzetin yazdığına görə, Mövlan Şıxəliyevin də adı digər MTN generalları kimi bir çox cinayətlərdə hallanır.
Mətbuatda onun əməlləri barədə çoxsaylı materiallar dərc edilib. Hətta “Azadlıq” qəzeti Dövlət Təhlükəsizlik Xidmətinin adlarının açıqlanmasını istəməyən bir qrup əməkdaşının müraciətini dərc etmişdi. Həmin müraciətdə Mövlan Şıxəliyevin adı hallanan cinayətlərdən bəhs edilirdi. MTN-də əsas cinayət işlərinin istintaqına əsas cavabdeh şəxs Mövlan Şıxəliyev olub. Bu baxımdan, onun azadlıqda qalması təəccüb doğurmaya bilməz. Bəs səbəb nədir?
Redaksiyamıza daxil olan məlumata görə, Mövlan Şıxəliyevin həbs olunmamasının sirri 2005-ci ildə MTN-in keçirdiyi “Qara kəmər” əməliyyatındadır. Qeyd edək ki, həmin əməliyyat zamanı DİN-də yuva salmış, Hacı Məmmədovun rəhbərlik etdiyi bildirilən banda zərərsizləşdirilmişdi. Məlumatda bildirilir ki, bu bandanın istintaqında şəxsən Mövlan Şıxəliyev bir neçə yüksək vəzifəli məmuru da dindirib. Həmin məmurların sırasında bu gün hüquq-mühafizə orqanlarında yüksək vəzifədə çalışanlar da var. Onların bu işlə bağlı hansı ifadələri verdiyi, hansısa kompromatlarının olub-olmadığını deyə bilmərik. Amma məlumatda bildirilir ki, məhz buna görə Mövlan Şıxəliyevi həbs etmək tərəddüdü var.
Mühafizəçi ordusu varmış
Moderator.az-da Eldar Mahmudovun mühafizə sistemi ilə bağlı maraqlı informasiya dərc edilib. Saytın özəl mənbədən əldə etdiyi məlumata görə, mühafizəçilərinin sayına görə ABŞ prezidentini belə kölgədə qoyan E.Mahmudovun rəsmi olaraq nə az-nə çox, düz 40 nəfər mühafizəçisi olub ki, bu da yalnız Azərbaycan deyil, dünya miqyasında analoqsuz göstərici hesab oluna bilər.
Aktual.az