Rusiya Maliyyə Nazirliyinin proqnozlarına əsasən, ölkədə əsaslı islahatlar aparılmasa və neftin qiyməti artmasa, yaxın 15 ildə Rusiyanı durğunluq gözləyir.
Aktual.az-ın "Report"a istinadən verdiyi xəbərə görə, nazirliyin konservativ ssenarisinə əsasən, neftin orta qiyməti 2030-cu ilə qədər 40 dollar/barel olacağı təqdirdə, iqtisadiyyatın orta hesabla illik 1-1,3% artması gözlənilir. Bu il isə ÜDM-də 0,8% yavaşlama ehtimal edən Maliyyə Nazirliyi 2014-2030-cu illər üçün 13% artım proqnozlaşdırır. Qeyd edək ki, 2011-2013-cü illər ərzində Rusiyada ÜDM 13% artıb. Ölkədə real əməkhaqlarının 2014-cü il səviyyəsinə qayıtması isə yalnız 2025-ci ildə mümkün olacaq.
İqtisadi ekspert qrupunun rəhbəri Yevsey Qurviçin fikrincə, uzunmüddətli staqnasiya ehtimal olunur, hətta periodik olaraq neftin qiymətinin kəskin düşməsi hallarında iqtisadi şoklar da yaşana bilər. O bildirib ki, bu, maliyyə böhranları ilə müşahidə olunan durğunluq dövrü olacaq. Neftin qiymətinin 40-50 dollar/barelə qədər yüksəlməsindən asılı olmayaraq, iqtisadiyyatda potensial islahatların aparılmaması ÜDM-dəki artımın 1-1,5%-dən çox olmayacağı ilə nəticələnəcək. Bu halda isə Rusiya valyuta ehtiyatlarının önəmli hissəsini itirə bilər ki, bu da maliyyə və bank böhranı zamanı dövlət dəstəyini məhdudlaşdıra bilər.