Azərbaycanda parlament seçkiləri xalqın və dövlətin maraqlarına uyğun keçiriləcək.
Bunu “Baku Network” ekspert şurasının rəhbəri, fəlsəfə elmləri doktoru Elxan Ələsgərov "Azərbaycan parlament seçkiləri ərəfəsində" mövzusunda keçirilən Moskva-Bakı video-körpüsündə deyib.
Onun sözlərinə görə, əgər dünyada hansısa kataklizmlər baş verirsə, qonşuluqda yalnız öz sabit inkişafını istəyən sülhsevər ölkənin mövcudluğu kiməsə nonsens kimi görünə bilər: “İstənilən halda Azərbaycanda parlament seçkiləri xalq və dövlətin maraqlarına uyğun keçirilir. Bunu hamı – Azərbaycanda və ondan kənarda da dərk edirlər”.
E.Ələsgərov qeyd edib ki, əgər hansısa beynəlxalq təşkilatlar seçkilər barədə mənfi rəyini bildirsə, o zaman bu, reallıqda azərbaycanlılar üçün boş sözlər olacaq, onlar seçkilərdən inkişaf baxımından növbəti addım gözləyirlər: “Azərbaycana öz missiyalarını göndərən digər beynəlxalq təşkilatlar, ayrı-ayrı ölkələr, eləcə də Avropa ölkələri mövcuddur. Onların arasında İsraildən müşahidəçilər, Rusiya, Türkiyə, Gürcüstan və digər dost ölkələrdən nümayəndələr var. Onların fikri Azərbaycan üçün də vacibdir”.
Ekspert əlavə edib ki, dünyada beynəlxalq təşkilatların rolu amilini araşdırmaq lazımdır. Bəzi beynəlxalq təşkilatların biryönlü bəyanatlarını əsas kimi qəbul etmək olmaz: “Azərbaycanın bir çox Avropa ölkələri ilə sıx əlaqələri var. Onlar ölkənin dünyada rolunu yaxşı başa düşür və əsas məsələlərdə hər cür yardım göstərir. Azərbaycanın region ölkələri - Rusiya, İran və Türkiyə ilə də yaxşı münasibətləri var”.
E.Ələsgərovun sözlərinə görə, Azərbaycanda parlament seçkiləri hələ keçirilməyib, ancaq bəziləri artıq “qiymət” verir, Azərbaycana qarşı hansısa informasiya müharibəsi gedir: “Azərbaycan çoxdan dünyaya sübut edib ki, informasiya müharibəsinə baxmayaraq, davam gətirə və planlarını reallaşdıra bilər”.