Ötən günlər ərzində bəzi yerlərdə yağan yağış nəticəsində respublika çaylarının sululuğunda artım müşahidə olunub.
Aktual.az bildirir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən xəbərə görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 60-80, Kiçik Qafqazın çaylarında 110-160, Lənkəran-Astara bölgəsi çaylarında isə 120-130 faizini təşkil edir.
İyulun 29-da Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 3 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 110 m3/s olmaqla ongünlük normanın 72 faizini təşkil edir. 2015-ci ildə isə bu rəqəm 65 m3/s olmaqla ongünlük normanın 43 faizini təşkil edib.
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 4 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 121 m3/s olmaqla, ongünlük normanın 139 faizini təşkil edir. 2015-ci ildə isə bu göstərici 18 m3/s təşkil edərək ongünlük normanın 205 faizinə bərabər olub.
İyulun 29-da Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən mühüm dəyişiklik müşahidə olunmayıb. Belə ki, Kür çayının Surra məntəqəsində 1, Salyanda 3 sm azalma, Bankədə 6, Araz çayının Novruzlu məntəqəsində isə 5 sm artım qeydə alınıb.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 362 sm (2015-ci il iyulun 29-da 346 sm), Salyanda 140 sm (2015-ci il iyulun 29-da 124 sm), Bankədə 191 sm (2015-ci il iyulun 29-da 176 sm), Araz çayının Novruzlu məntəqəsində isə 75 sm (2015-ci il iyulun 29-da 60 sm) təşkil edir.