Ekoloji qanunvericiliyin tələblərinə riayət olunması vəziyyəti araşdırılıb. 16-30 noyabr 2015-ci il tarixlərində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən ölkə ərazisində ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə araşdırma aparılıb.
Aktual.az AzVision.az-a istinadən xəbər verir ki, nazirlikdən verilən məlumata görə, araşdırma zamanı hüquqi və fiziki şəxslər tərəfindən atmosfer havasının, su və torpaq ehtiyatlarının, yerin təkinin, fauna və floranın mühafizəsi, o cümlədən ətraf mühitə qanunsuz məişət və istehsalat tullantılarının yerləşdirilməsi sahəsində yol verilmiş qanun pozuntularına görə 174 akt və protokol tərtib olunub, nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan 15 müddətli “məcburi göstəriş” verilib.
Ümumilikdə, 53 iş üzrə 78380 manat məbləğində inzibati qaydada cərimə tətbiq edilib, ətraf mühitə dəymiş ziyana görə 38 iş üzrə 19637.17 manat məbləğində iddia qaldırılıb, ətraf mühitə tullantıların atılmasına və axıdılmasına görə hüquqi və fiziki şəxslərə qarşı 122 iş üzrə 20326.08 manat məbləğində ödəmə tətbiq edilib. Tədbir görülməsi üçün hüquq-mühafizə orqanlarına 18, icra qurumlarına isə 13 iş göndərilib.