Hərarət yüksəlir, baş ağrısı, ürəkbulanma, halsızlıq yaranır, öskürək, asqıraq ara vermir, iştahasızlıqdan dilin altından bir tikə belə keçmir. Havalar soyuyandan bəri bu cür əlamətlərlə günlərlə başını yastıqdan qaldırmayan, hətta evdə müalicənin effekt vermədiyini görüb həkimə müraciət edənlərin sayı kifayət qədərdir. İlkin əlamətləri qripə bənzədiyindən, çoxları bu xəstəliyə türkəçarə müalicə yolu ilə qalib gəlməyə üstünlük versə də, ağırlaşmalar sonda xəstələri iynə-dərmana üz tutmağa vadar edir. Yaşlı insanlarda, uşaqlarda isə xəstəlik özünü daha ağır formada büruzə verir. Paytaxt sakinləri arasında narahatlıq yaradan bu xəstəliyin qrip olduğu barədə məlumatlar dolaşsa da, həkimlər bunu təkzib edir. Aile.lent.az əhali arasında yayılan və təşviş yaradan xəstəlik haqqında məlumat toplamağa çalışıb.
Ölkənin baş epidemioloqu İbadulla Ağayev hazırda ölkədə hər hansı qrip virusunun yayılmadığını söyləyib: “Bu, hansısa qrip növünün əlaməti deyil, havanın soyuması nəticəsində yuxarı tənəffüs yollarının iltihabı ilə nəticələnən kəskin respirator xəstəlikdir. Virus, soyuqdəymə tənəffüs yollarını zədələdiyindən iltihabi proses başlayır. Bu zaman hərarətin qalxması, boğaz ağrıları, nəfəs almaqda çətinlik baş verir. Öskürək, asqıraq, halsızlıq, hərarət olur”.
Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin (RGEM) direktor müavini Afaq Əliyeva deyir ki, GEM-in 19 kəşfiyyat nöqtəsindən qrip virusu barədə məlumat daxil olmayıb: “Bəzi insanlar bunu qrip adlandıraraq həyəcan keçirir. Hətta qrip əleyhinə dərmanlardan istifadə edirlər. Amma bizim 19 kəşfiyyat nöqtəmizdən qriplə bağlı hər hansı məlumat daxil olmayıb. Yəni qripin yayılması laboratoriyamızda təsdiqlənməyib. İnsanların şikayətləndiyi xəstəlik fəsil, hava dəyişkənliyi ilə əhali arasında qeydə alınan kəskin respirator xəstəlikdir”.
A. Əliyevanın sözlərinə görə, kəskin respirator xəstəliyin qripəbənzər xüsusiyyətləri bəzən insanları çaşdırır: "Onlar elə zənn edirlər ki, burundan mayenin gəlməsi, asqırmaq, öskürmək qrip infeksiyasının təsirindəndir. Halbuki bu, soyuqdəymə ilə müşahidə olunan xəstəlikdir. Yuxarı tənəffüs yolları soyuqladığından, xəstə öskürür, asqırır, özünü halsız hiss edir. Bu xəstəlikdən qorunmaq üçün insanların sıx olduğu ərazilərdən uzaq durmaq, xəstə insanlarla ünsiyyətdən qaçmaq, ictimai nəqliyyatdan istifadə etdikdə ağzı qapalı saxlamaq vacibdir”.
Həkimlər də havanın soyumasının kəskin respirator xəstəliklərin yayılması üçün əlverişli mühit formalaşdırdığını deyirlər. Terapevt Mənsur Hümbətov son günlər hava şəraitinin birdən-birə dəyişməsinin nəinki kəskin respirator xəstəliklərə, hətta bəzi xəstəliyi olan insanlarda ağırlaşmalara səbəb olma ehtimalının yüksək olduğunu bildirir. Onun sözlərinə görə, hava şəraitinin dəyişməsi ilk növbədə sinir sistemi zəif olan insanlara təsir göstərir. Belə insanlarda əsəbilik yaranır, hər şeyə daha tez reaksiya verirlər: "O ki qaldı kəskin respirator xəstəliklərə, insanlar ilk növbədə temperaturun birdən-birə aşağı düşməsini nəzərə alıb əyinlərini qalın geyinməlidirlər. Əks halda bədənin temperaturunun aşağı düşməsi kəskin respirator virus xəstəliyinə yoluxmaq üçün başlanğıc ola bilər. Mümkün qədər çalışmaq lazımdır ki, nəfəsi ağızdan yox, burundan alıb-verəsən. Çünki ağızdan badamcıqlara virus daha tez yoluxur”.
Terapevt mövcud hava şəraitinin revmatizm, ürək-qan damar, ağciyər xəstəliklərinin daha da ağırlaşmasına gətirib çıxardığından əhalini ehtiyatlı olmağa səsləyir. O vurğulayır ki, bu hava şəraitində ürək, infarkt və qan-damar xəstələrinin olma riski də yüksəkdir.
Ölkənin baş pediatrı Nəsib Quliyev isə deyir ki, uşaqlarda immunitet zəifləməsi ilk növbədə onların mövsümlə bağlı yayılan viruslara tez yoluxması, tənəffüs yolları xəstəliklərinin baş qaldırmasına səbəb olur. N. Quliyev uşaqların geyimini fəsilə deyil, hava şəraitinə uyğun seçməyin vacib olduğunu bildirir: "Yaz gəlib deyə uşağı allı-güllü nazik paltarla açıq havada gəzdirmək olmaz. Nəzərə almaq lazımdır ki, uşağın orqanizmi həssasdır, eyni zamanda böyüklə müqayisədə zəifdir. Ona görə də uşaqları birinci növbədə soyuqdan qorumaq, ikinci isə, onları mümkün qədər günəşli havada daha çox gəzdirmək və qidalarını vitaminlə zəngin etmək lazımdır”.
Baş pediatrın sözlərinə görə, uşaqların immun sistemini təbii vasitələrlə qaldırmaq lazımdır: “İmmunomodulyatorlardan çox uşağı meyvə, tərəvəzlə qidalandırmaq, bu yolla onun orqanizmini xəstəliklərə davamlı, müqavimətli etmək lazımdır. Eyni zamanda uşaqları soyuq havadan qorumaq, xüsusilə boğazında iltihaba meylli badamcığı olan uşaqların virus yayılan yerlərdə, xəstə uşaqlarla təmasını minimuma endirmək vacibdir”.