Əflatun Amaşov Saatlı rayonunun Azadkənd, Sarıcalı və Əbil kəndlərinin seçiciləri ilə görüşüb - FOTO

Əflatun Amaşov Saatlı rayonunun Azadkənd, Sarıcalı və Əbil kəndlərinin seçiciləri ilə görüşüb  - FOTO

Azərbaycan Respublikasının Milli Məclisinə 62 saylı Saatlı seçki dairəsindən deputatlığa namizəd Əflatun Amaşov oktyabrın 22-də Saatlı rayonunun Azadkənd, Sarıcalı və Əbil kəndlərinin seçiciləri ilə görüşüb.
Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Rəhimoğlunun, «Xalq qəzeti»nin baş redaktor müavini Tahir Aydınoğlunun, veteran jurnalist Məzahir Süleymanzadənin, «Bakı xəbər» qəzetinin baş redaktoru Aydın Quliyevin və «Şərq» qəzetinin baş redaktoru Akif Aşırlının iştirak etdiyi görüşlərdə seçicilərə deputatlığa namizəd Əflatun Amaşovun ömür yolu, fəaliyyəti barədə geniş məlumat verilib.
U.Rəhimoğlu Ə.Amaşovu işgüzar keyfiyyətlərə malik səmimi dost, bacarıqlı təşkilatçı kimi xarakterizə edib. Deputatlığa namizədin bu keyfiyyətlərinin Milli Məclisin üzvü kimi xalqa xidmət baxımından uğurlu nəticələr verəcəyinə inandığını deyib. O, noyabrın 1-də seçiciləri bütün bunları nəzərə almaqla Ə.Amaşovu dəstəkləməyə çağırıb.
T.Aydınoğlu müstəqillik dövründə Azərbaycan demokratik mətbuatının formalaşması məziyyətlərindən söz açıb. Mövcud xüsusda Ə.Amaşovun rəhbəri olduğu təşkilatlardakı fəaliyyətini önə çəkib. Deputatlığa namizədin iş təcrübəsinin Milli Məclisin üzvü kimi davamının faydalı olduğunu dilə gətirib.
M.Süleymanzadə 40 ildir tanıdığı Ə.Amaşovu mütərəqqi, insanları dinləməyi bacaran, onlara kömək etməkdən zövq alan təmənnasız insan kimi dəyərləndirib. Bu keyfiyyətlərə malik şəxslərin ali qanunverici orqanda təmsilçiliyinin bütövlükdə ölkə üçün zəruriliyini vurğulayıb.
A.Quliyev çıxışında bildirib ki, Ə.Amaşov Azərbaycan jurnalistlərinin seçimidir. Bu seçimin Saatlı camaatının seçiminə çevrilməsi həm jurnalist ictimaiyyəti, həm də saatlılılar üçün müstəsna divident vəd edir. A.Quliyev həmçinin deputatlığa namizədi sözünün üstündə durmağı bacaran, işinə məsuliyyətlə yanaşan rəhbər kimi dəyərləndirib.
A.Aşırlı Ə.Amaşovu milli vətənpərvərlik ruhunun daşıyıcısı olan və bunu əməli fəaliyyətilə isbatlamış yaradıcı şəxs olaraq səciyyələndirib. Baş redaktor deyib ki, xalq məhz belə insanlara etimad göstərməklə ölkə parlamentinin demokratik əsasda formalaşmasına öz töhfəsini vermiş olacaq. A.Aşırlı bu baxımdan Saatlı camaatının da layiqli seçim edəcəyinə inamını ifadə edib.
Azərbaycan Respublikasının Milli Məclisinə 62 saylı Saatlı seçki dairəsindən deputatlığa namizəd Əflatun Amaşov Saatlı rayonunun Azadkənd, Sarıcalı və Əliabad kəndinin seçiciləri ilə görüşlərdəki çıxışlarında bildirib ki, dəyişən dünyanın dəyişən reallıqlarına adekvat münasibət ortaya qoymaq, milli şüur və düşüncəmizi, milli kimliyimizi qorumaq baxımından həm də böyük ictimai missiya yerinə yetirən Mllli Məclisin qarşıdakı beş ildə görəcəyi işlər həddən artıq çoxdur. Qurumun insanlarımızın sosial rifah halının yaxşılaşdırılmasına, qayğılarının aradan qaldırılmasına yönələn təşəbbüsləri, ətraf aləmdə baş verənlərə münasibətdəki çevikliyi yekun nəticə etibarilə hər bir vətəndaşda dövlətinə inamı artırır, milli şüur və milli kimlik hissini daha da möhkəmləndirir. Vətəndaş dəstəyini hiss edən hər bir dövlətin əzmi də bundan asılıdır. “Ali qanunverici orqanın fəaliyyət mütəhərrikliyi xalqın onu necə formalaşdırmasına bağlı olan məsələdir. Kimə dəstək verməsindən asılı olmayaraq mən Azərbaycan xalqının layiqli seçim edəcəyinə inanıram. Sizlərin layiqli namizədiniz olmaq istəyimi ifadə etmək üçün buradayam”, - deyən Ə.Amaşov onu da qeyd edib ki, Azərbaycanda bütün sahələrdə uğurlu islahatlar aparılmaqdadır. Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş, dövlət başçısı cənab İlham Əliyevin uğurla reallaşdırdığı bu siyasi kursun icrasına dəstək bundan sonra da dönməz xarakter daşımalıdır: “Hesab edirəm ki, Milli Məclisin deputatı olmaq istəyən şəxs məhz bunu düşünməli, əməli fəaliyyətini, bacarığını mövcud istiqamətdə səfərbər etməli, xalqın istək və arzularının ifadəçisinə çevrilməli, məramı səmimiyyətdən, Vətənə, vətəndaşa, dövlətçiliyə sədaqətdən yoğrulmalıdır. Mən namizədliyimi sizlərə sadiqlik əzmimi ortaya qoyaraq irəli sürmüşəm. Sizlərə loru desəm, qızıldan dağlar vəd etmirəm. Üzləşdiyiniz problemlərin həllində yardımçı olmağı, dostunuz, qardaşınız olmağı vəd edirəm. Parlament üzvü seçici etimadına layiq görüldüyü bölgə ilə nəfəs almalıdır. Bölgənin üzləşdiyi çətinlik onun Milli Məclisdəki çıxışlarının tezislərinə çevrilməlidir. Mən bunun üçün özümdə güc hiss edirəm”.
Ə.Amaşov həmçinin bildirib ki, depuatatlığa namizəd kimi seçki platformasında yer alan başlıca müddəalardan biri də Azərbaycan həqiqətlərinin təbliğidir. “Əlbəttə, Milli Məclisin deputatı seçiləcəyim təqdirdə qatılacağım beynəlxalq tədbirlərdə bu işi həyata keçirəcəm. Xüsusən də Dağlıq Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə durmadan çatdırılmasına böyük ehtiyac var. Ancaq hesab edirəm ki, bu işə daha fundamental yanaşma mediadan keçir. Mütərəqqi ənənərə malik Azərbaycan mediasının fəaliyyətinin bir qədər də təkmilləşməsi, yeni çalarlar əldə etməsi qanunvericilik təşəbbüslərindən də asılıdır”, - deyən Ə.Amaşov fikrinə aydınlıq gətirib.
Qeyd edək ki, deputatlığa namizəd Əflatun Amaşovun seçkiqabağı təbliğat-təşviqat kampaniyası çərçivəsində növbəti görüşü oktyabrın 27-də Saatlı rayonunun mərkəzində keçiriləcək.

Xəbər 2830 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR