Milli Azadlıq hərəkatının lideri, Azərbaycan
Respublikasının eks-prezidenti Əbülfəz Elçibəyin anadan olmasının 85 illiyi ilə
bağlı Bakıda, avropanın bir sıra şəhərlərində və doğulduğu Kələki kəndində bir
sıra tədbirlər keçirilməsi nəzərdə tutulub.
Aktual.az xəbər verir ki, bu barədə tədbirləri təşkil edən
Milli Hərkatçılar Birliyiyində (MHB) yaradılmış
"Təşkilat Komitəsi” tərəfindən açıqlama verilib.
Komitənin yaydığı açıqlamada
bildirilir: Milli Hərəkatçılar Birliyi əbədi
liderimiz Əbülfəz Elçibəyin anadan olmasının 85 illiyi münasibətilə silsilə tədbirlər
keçirəcək. MHB Yüksək Məclisi bu barədə
ayın əvvəlindən keçirdiyi onlayn tədbirlər və müzakirələr nəticəsində qərar
qəbul edib və qərarın icrası MHB-nin Yönətim Kuruluna həvalə edilib.
Bundan sonra MHB Yönətim Kurulu lazımi
hazırlıqları görərək, uyğun fəaliyyət planı müəyyənləşdirib. Silsilə tədbirlərin
keçirilməsi ilə bağlı plan hazırlanıb.
Bu planda aşağıdaki tədbirlər nəzərdə tutulur:
İlk olaraq, Elçibəyin xatirəsinə həsr
edilmiş Gənclər Arasında Şahmat Turniri 22 iyun, saat 11:45-də, Bakı şəhərində
keçiriləcək.
Növbəti tədbir, yenə həmin tarixdə, 22 iyun
saat 21:00-da Elçibəyin həyat və fəaliyyətinə həsr edilmiş virtual
konfrans şəklində keçiriləcək.
İyun ayının 23-də, saat 15:00 da, Bakı şəhərində
ABP-nin (Azərbaycan Bütövlük Platforması) əsas təşkilatçılığında, ABP-MHB funksionerlərinin və qonaqların
iştirakı ilə "Azərbaycan tarixində və müasir ictimai-siyasi həyatında Elçibəyin
rolu və yeri” adlı konfrans öz işinə başlayacaq.
Tədbirlər silsiləsi çərçivəsində, Milli Hərəkatçılar
və Elçibəyin silahdaşları iyun ayının 24-ü saat 13:00-da Fəxri Xiyabanda Elçibəyin
məzarını ziyarət edəcəklər. Bunun ardınca isə, saat 15:00-da "Xudafərin Şadlıq Sarayı”nın Böyük Zalında Bakı
və regionlardan hərəkatçıların, siyasətçilərin,
ictimai xadimlərin və ziyalıların iştirakıyla geniş salon toplantısı olacaq. MHB Yönətim Kurulu
Başkanı İstanbul Mərmərə Universitetinin müəllimi Arif Acalov tədbirlərdə
iştirak etmək üçün artıq Bakı şəhərindədir.
Avropanın bir sıra şəhərlərində, o
cümlədən Almaniya və İsveçrədə yaşayan MHB üzvləri də hər il olduğu kimi, 24 iyunda
Elçibəyin doğum gününü çeşidli yığıncaq və tədbirlərə qeyd edəcəklər.
Hər il olduğu kimi bu tarixdə, 24 iyunda Elçibəyin
doğulduğu Kələki kəndində "Doğum günü münasibəti
ilə açıq hava toplantısı” keçiriləcək. Toplantıda respublikanın bir çox yerindən,
o cümlədən Naxçıvan Muxtar respublikasının bütün rayonlarından qonaqların
iştirakı gözlənilir. Xatırladaq ki, bu ənənəvi tədbir hər il olduğu kimi bu il
də saat 11:00 da Elçibəyin Kələkidəki "Ev Muzeyi”nin ziyarəti ilə başlanacaq.
Keçən il olduğu kimi, bu il də tədbirin təşkilatçısı Kələki kənd sakinləri və
Milli Hərəkatçılar Birliyidir.
Xəbər 850 dəfə oxunub.