Qaxın İlisu kəndi ərazisində sərxoş sürücülərə qarşı reyd keçirilib.
Aktual.az Report-a istinadən xəbər verir ki, reyd Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) 5-ci taqımının, Qax Yol Patrul Xidmətinin və rayonlararsı narkoloji şöbənin əməkdaşlarının iştirakı ilə baş tutub.
B4 saatlıq reyd zamanı qayda pozan sürücülərə qarşı İnzibati Xətalar Məcəlləsinə (İXM) uyğun olaraq protokollar tətbiq edilib. Həmin sürücülər arasında həm İlisu kəndində istirahətə gələn qonaqlar, həm də Qax rayon sakinləri olub. Reyd zamanı yol polisi əməkdaşlarının əmrlərinə tabe olmayan sürücülərə də rast gəlinib.
Reyd zamanı sərxoş vəziyyətdə sükan arxasında əyləşənlər saxlanılıb. Onlar arasında bəziləri polislərin "saxla" əmrinə məhəl qoymayaraq qaçmaqla inzibati cəzalardan yaxa qurtarmağa çalışıblar. Ancaq bu da həmin sürücüləri cərimələrdən xilas etməyib. 10 sürücü sərxoş halda avtomobili idarə etdiyi üçün avtomaşınları dayanacaqlara aparılıb, onlara inzibati protokollar tərtib olunub.
Pərdə və plyonkadan qanunsuz olaraq istifadə edən sürücülərə də cəzalar tətbiq edilib, avomaşınların pərdə və plyonkaları yerində sökülüb.
Ümumilkdə reyd zamanı yol hərəkəti qaydalarını pozan 100-ə yaxın sürücüyə qarşı DYP əməkdaşları tərəfindən İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq protokol tətbiq edilib.