DYP-dən pərdə və plyonkalarla bağlı Son xəbərdarlıq

DYP-dən pərdə və plyonkalarla bağlı   Son xəbərdarlıq

Noyabrın 16-dan etibarən Bakıda yol polisi qanunla quraşdırılması qadağan edilmiş pərdə, plyonka və jalüzlərdən istifadə edən avtomobil sahibləri və sürücülərə qarşı reydlərə başlayacaq.

Aktual.az Apa-ya istinadən xəbər verir ki, bunu Bakı şəhər Yol Polis İdarəsinin bölmə rəisi Vaqif Əsədov deyib.

DYP rəsmisi bildirib ki, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin təyin etdiyi normaya, eləcə də "Yol hərəkəti haqqında" Qanuna edilən 1 saylı əlavənin tələbinə əsasən, nəqliyyat vasitəsinin şüşələrinə görünüşü məhdudlaşdıran, şəffaflığı korlayan pərdə, plyonka və digər qurğuların quraşdırılaraq istismarı yolverilməzdir: “Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin qəbul etdiyi qərara əsasən, hər il mayın 1-dən noyabrın 15-dək Azərbaycanda nəqliyyat vasitələrinin arxa yan şüşələrinə standarta uyğun sənaye üsulu ilə hazırlanmış jalüzlərin vurulmasına icazə verilib. Bakı şəhər Dövlət Yol Polisi avtomobil sahibləri və sürücülərin nəzərinə çatdırır ki, təyin olunmuş standarta və tələblərə görə, nəqliyyat vasitələrinin arxa yan qapı şüşələrinə standarta uyğun sənaye üsulu ilə hazırlanmış, sürücülər tərəfindən adətən “ştorka” adlandırılan jalüzlərin quraşdırılaraq idarə edilməsi müddəti başa çatır və bu, nəzərə alınmalıdır. Bəzi sürücülər tünd pərdə və plyonkalardan istifadə edirlər ki, bu da qanunla qadağandır”.

V.Əsədov qeyd edib ki, noyabrın 16-dan etibarən yol polisi tərəfindən bu sahəyə nəzarət gücləndiriləcək və bu istiqamətdə müvafiq tədbirlər görüləcək, qanunla qadağan edilmiş pərdə, plyonka və jalüzlərdən istifadə edən sürücülər cərimələnəcəklər.

“İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş inzibati xətaya görə sürücülər və avtomobil sahibləri 150 manat məbləğində cərimə olunurlar”.

DYP sözçüsü əlavə edib ki, ilin əvvəlindən bu günə qədər nəqliyyat vasitələrinin arxa yan qapı şüşələrinə standarta uyğun olmayan, sürücülər tərəfindən adətən “ştorka” adlandırılan jalüzlərin quraşdırılaraq idarə edilməsinə görə 3000-dən artıq sürücü inzibati məsuliyyətə cəlb olunub.

Qeyd edək ki, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin qəbul etdiyi qərara əsasən, hər il mayın 1-dən noyabrın 15-dək Azərbaycanda nəqliyyat vasitələrinin arxa yan qapı şüşələrinə yalnız sənaye üsulu ilə hazırlanmaş jalüzlərin vurulmasına icazə verilir.

Xəbər 564 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR