Nazirlər Kabineti Dövlət Statistika Komitəsinin strukturuna dəyişiklik edib.
Aktual.az-ın Nazirlər Kabinetinin saytına istinadən məlumatına görə, qərara əsasən, Dövlət Statistika Komitəsinin Statistik Məlumatların Elmi-Tədqiqat və Layihə-Texnoloji Mərkəzinin bazasında Elmi-Tədqiqat və Statistik İnnovasiyalar Mərkəzi yaradılacaq.
Dövlət Statistika Komitəsinin sifarişi əsasında Elmi-Tədqiqat və Statistik İnnovasiyalar Mərkəzi tərəfindən yerinə yetirilən işlərin maliyyələşdirilməsi hər il dövlət büdcəsində Dövlət Statistika Komitəsinin saxlanılması xərclərinin tərkibində bu məqsəd üçün nəzərdə tutulan vəsaitlər hesabına həyata keçiriləcək.
Bundan başqa, Dövlət Statistika Komitəsinə Maliyyə Nazirliyi və Əmlak Məsələləri Dövlət Komitəsi ilə birlikdə bu qərardan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.
Bu qərar 2016-cı il yanvarın 1-dən qüvvəyə minir.