Dövlət Komitəsi: Ramazan təqvimi ilə bağlı pozuntular araşdırılacaq

Dövlət Komitəsi: Ramazan təqvimi ilə bağlı pozuntular araşdırılacaq

"Ramazan təqvimi ilə bağlı aşkarlanmış bəzi pozuntularla əlaqədar aidiyyatı dövlət qurumları tərəfindən araşdırmalar aparılıb onlara müvafiq qiymət, hətta lazım gəldikdə hüquqi qiymət veriləcək".

Milli.Az bildirir ki, bunu Trend-ə Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov deyib.

S.Heydərov bildirib ki, Ramazan təqvimi ilə bağlı rəsmi din xadimləri tərəfindən pozuntuya yol verilməsi aşkar edilməyib: "Bu pozuntular ayrı-ayrı şəxslər tərəfindən qrup halında bir neçə yerlərdə baş verib. Həmin şəxslər məsciddən kənar birlikdə bayram namazı qılıblar və Qafqaz Müsəlmanları İdarəsi tərəfindən müəyyən olunmuş təqvimdən kənara çıxaraq başqa ölkələrin müəyyənləşdirdiyi təqvimə uyğun olaraq namaz qılıblar. Bu hal çox az miqdardadır. Ötən il ilə müqayisədə bu cür pozuntu hallarının sayı xeyli azalıb".

S.Heydərov qeyd edib ki, bu cür pozuntu halları bir neçə rayonda aşkarlanıb və onların da qarşısı alınıb: "Həmin şəxslərlə müvafiq söhbətlər aparılıb. Bu şəxslər sözügedən halı anlaşılmazlıq kimi izah ediblər. Ancaq əlbəttə, onların dediklərinə inanmaq düzgün olmazdı, burada o insanların yad ideologiyaların təsirlərinə məruz qalmaları görünür. Hər ölkənin öz coğrafi mövqeyi, günün çıxması, batması vaxtı var. Niyə görə sən Azərbaycanda ola-ola gedib başqa bir ölkənin təqviminə uyğun ibadət edirsən?! Bu nə deməkdir?! Bu insanlar belə hərəkətləri ilə bizim vəhdətimizə ziyan vururlar. Bu gün bizim vəhdətimiz, tolerantlığımız dünyaya nümunədir. Nə qədər bu cür aşkarlanmış pozuntu faktları var, onların hər biri aidiyyatı qurumlar ilə birlikdə araşdırılacaq, əlbəttə, yeri gəlsə, hüquqi qiymət veriləcək. Onlarla bağlı müəyyən tədbirlərin görülməsi planlaşdırılır".

Xəbər 446 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR