"Azərbaycan beynəlxalq aləmdə ictimai-siyasi sabitlik şəraitində dini tolerantlığın və multikultural dəyərlərin inkişaf etdiyi, bütün dini konfessiyalara bərabər münasibətin göstərildiyi, dini etiqad azadlığının yüksək səviyyədə təmin olunduğu, dini-mədəni müxtəlifliyin qorunduğu dövlət kimi tanınır".
Aktual.az xəbər verir ki, bu barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin yaydığı açıqlamada bildirilib.
Qeyd olunub ki, dünyanın nüfuzlu dövlət xadimləri, dini liderləri, elm və mədəniyyət nümayəndələri Azərbaycanın dövlət-din modelinin bir çox ölkələr üçün örnək olduğunu bildirirlər: "Buna görə də qlobal səviyyədə dini həmrəyliyə, dinlərarası və mədəniyyətlərarası dialoq mövzusuna həsr olunmuş beynəlxalq tədbirlərin müxtəlif vaxtlarda Azərbaycanda keçirilməsi heç də təsadüfi deyildir. Bütün bunlar Azərbaycanda dini münasibətlərin konstitusion normalara əsaslandığını, vicdan və dini etiqad azadlığının yüksək səviyyədə təmin olunduğunu bir daha əyani şəkildə göstərir.
Ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi kursu uğurla həyata keçirən Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan davamlı inkişaf edir. Ölkəmizdə ictimai-siyasi sabitlik daha da möhkəmlənmiş, makroiqtisadi sabitlik və yüksək iqtisadi artım təmin edilmişdir. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin qətiyyətli və məqsədyönlü siyasəti nəticəsində 44 günlük Vətən müharibəsində şanlı qələbənin əldə edilməsi regional və beynəlxalq səviyyədə ölkəmizin mövqeyini daha da möhkəmləndirib. Cəmiyyətin bütün sahələrində olduğu kimi, vicdan və dini etiqad azadlığının təmin edilməsində, dini-mədəni müxtəlifliyin qorunmasında Ulu öndər Heydər Əliyevin milli ideologiya səviyyəsinə qaldırdığı azərbaycançılıq məfkurəsi mühüm rol oynayır".
"Azərbaycan Prezidentinin sərəncamları ilə tarixi-dini abidələr, ziyarətgahlar bərpa edilir, yeniləri tikilir, dini qurumlara mütəmadi olaraq maliyyə yardımları ayrılır, o cümlədən milli-mənəvi və dini dəyərlərə verilən yüksək qiymətin göstəricisi olaraq hərtərəfli addımlar atılır. Ali Baş Komandan İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Qarabağa səfərləri zamanı ilk olaraq məscidi ziyarət etməsi, bərpa-quruculuq işlərinin məhz dini ibadətgahlardan başlaması, Qarabağa və Şərqi Zəngəzura səfər zamanı yeni dini ibadət yerlərinin təməlinin qoyulması ölkə rəhbərliyinin dini-mənəvi irsə göstərdiyi diqqətin parlaq ifadəsidir. Qeyd etmək istərdik ki, Azərbaycan yenidən müstəqilliyini qazananda respublikada cəmi 17 məscid fəaliyyət göstərirdisə, hazırda onların sayı 2253-dür. Bu günədək 992 dini qurum dövlət qeydiyyatına alınıb. Konfessional baxımdan onlardan 955-i İslam, 37-si isə qeyri-islam (xristian – 26; yəhudi – 8; krişna – 1; bəhai – 2) təmayüllüdür. Habelə, respublikada 16 kilsə və 7 sinaqoq fəaliyyət göstərir.
Amma görünən odur ki, yuxarıda göstərilənlərə rəğmən Azərbaycanın uğurlarından və mövqelərinin daha da güclənməsindən narahat olan bəzi dairələr vətəndaşların dini inancından sui-istifadə etməklə məkrli, destruktiv əməllərə rəvac verirlər. Aydındır ki, bu tipli çirkin "əməllər” multikultural və tolerant dəyərlərə söykənən Azərbaycan cəmiyyəti tərəfindən birmənalı olaraq rədd edilir. Demokratiya, qanunun aliliyi, unitarlıq və dünyəvilik prinsiplərinə söykənən Azərbaycan Konstitusiyasının əsaslarına zidd olaraq siyasi idarəçiliyi və həyat tərzini "şəriət qaydaları” adı altında təbliğ edən, özündə bir neçə nəfəri birləşdirən "təşkilat” və yaxud dərnək səviyyəli qruplar əslində dini pərdə altında gizlənmiş, insanların inanc və dini hisslərini istismar edən pozucu elementlərdən başqa bir şey deyildir. Əminliklə demək olar ki, bu cür elementlərin fitnəkar əməllərini xalqımız böyük ikrah hissi ilə qarşılayır və buna görə də onların çirkin niyyətləri beşiyindəcə iflasa məhkumdur.
Bu cür qərəzli və qeyri-sağlam mövqe tutan şəxslərə "dini təhsil” verib "ruhani” kimi yetişdirən bəzi xarici dövlətlərin dini mərkəzləri və digər təşkilatları 30 il düşmən tapdağı altında qalan və donuz axuru kimi istifadə edilən məscidlərimizə görə, bir dəfə də olsun erməni qəsbkarlarına etiraz etməyib. Lakin onlar bu gün öz "kadrlar”ı vasitəsilə məscidləri inşa və bərpa edən, İslami dəyərləri daim uca tutan müsəlman ölkəsində – Azərbaycanda "İslamı müdafiə” adı altında pozucu fəaliyyətə əl atır, sosial mediada dövlət qurumlarının əleyhinə şər və böhtan kampaniyasına rəvac verir, sülh və barışa böyük önəm verən İslam dəyərlərindən sui-istifadə edərək süni gərginlik yaratmağa səy göstərirlər.
Azərbaycana qarşı din pərdəsi altında ideoloji təxribatlar törətməyə cəhd göstərən pozucu təşkilatların təsiri altına düşmüş, xalqımıza məxsus dəyərləri əməlləri ilə aşındırmaq niyyəti güdən, xarici dairələrin əlaltısına çevrilən, ölkəmizdəki milli birliyi və həmrəyliyi pozmaq xülyası ilə yaşayan bu cür qruplar, onların havadarları çirkin niyyətlərindən əl çəkməlidirlər. Onlar unutmamalıdırlar ki, Azərbaycanda dünyəvi və demokratik dəyərlərə sadiq, milli kimliyinə hörmətlə yanaşan sağlam cəmiyyət və gənclik vardır. Ölkəmizdə aparılan dövlət siyasətinin əsas qayəsini məhz Vətənin bütövlüyü, Azərbaycanın tərəqqisi, vətəndaşların sülh və əmin-amanlıq şəraitində yaşamasının təmin olunması təşkil edir" - məlumatda bildirilib.
Xəbər 507 dəfə oxunub.