Dövlət İmtahan Mərkəzinə dövlət qulluğu sahəsində yeni funksiyalar verilib.
Aktual.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyasından verilən məlumatda bildirilir.
Qeyd olunur ki, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 31 may tarixli 267-VQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 11 aprel tarixli 860 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə Dövlət İmtahan Mərkəzinə dövlət qulluğu sahəsində yeni funksiyalar verilib.
Dəyişikliklərə əsasən, aşağıda qeyd olunan məsələlər Dövlət İmtahan Mərkəzinin (DİM) səlahiyyətlərinə daxil edilib:
- buraxılış və qəbul imtahanlarının yekunlarına dair elmi-statistik təhlil aparmaq və nəticələrini Azərbaycan Respublikasının Prezidentinə və Azərbaycan Respublikasının Təhsil Nazirliyinə təqdim etmək (11 aprel 2016-cı il tarixdə təsdiq edilmiş Nizamnamədə bu, DİM-in hüquqlarına, yeni Nizamnamədə vəzifələrinə aid edilmişdir);
- dövlət qulluğu sahəsində dövlət siyasətinin formalaşdırılmasında iştirak etmək və bu siyasətin həyata keçirilməsini təmin etmək;
- dövlət qulluğuna dair qanunvericiliyin icra vəziyyətini öyrənmək, bu barədə hesabat hazırlamaq;
- dövlət orqanlarının dövlət qulluğu ilə bağlı qanunsuz aktlarının ləğv edilməsinə dair təkliflər vermək;
- dövlət qulluğu məsələləri üzrə beynəlxalq əməkdaşlığı həyata keçirmək;
- dövlət qulluqçuları tərəfindən etik davranış qaydalarına əməl edilməsi vəziyyətini öyrənmək;
- “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikası Qanununun müddəalarının pozulması ilə bağlı şikayət və məlumatları qəbul etmək;
- dövlət qulluqçularının etik davranış məsələləri üzrə araşdırmalar aparmaq;
- dövlət qulluğu və dövlət qulluqçularının etik davranış qaydaları haqqında qanunvericiliyin tələblərinin pozulması hallarını aradan qaldırmaq üçün dövlət orqanlarına və vəzifəli şəxslərə təqdimat vermək;
- dövlət qulluğu və dövlət qulluqçularının etik davranış qaydaları haqqında qanunvericiliyin tələblərinin pozulması barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək;
- dövlət qulluğu və dövlət qulluqçularının etik davranış məsələləri barədə maarifləndirmə işini aparmaq;
- dövlət qulluqçularının reyestrini aparmaq, dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsi barədə məlumatları reyestrə daxil etmək;
- dövlət qulluğu sahəsində qanunvericiliyin təkmilləşdirilməsinə dair təkliflər vermək;
- dövlət qulluğunda təlim tələbatını müəyyən etmək, dövlət qulluqçuları üçün təlim strategiyasını hazırlamaq və dövlət orqanlarına dövlət qulluqçularının əlavə təhsili barədə təkliflər vermək;
- rəhbər vəzifə tutan dövlət qulluqçuları, habelə ilk dəfə dövlət qulluğuna qəbul olan şəxslər üçün təlim kursları təşkil etmək.
Bunlardan başqa, dövlət qulluğunun inkişafına yönəlmiş dövlət və beynəlxalq proqramların həyata keçirilməsində iştirak etmək, dövlət qulluğu və tələbə qəbulu məsələləri üzrə beynəlxalq və qeyri-hökumət təşkilatları, kütləvi informasiya vasitələri və müstəqil ekspertlərlə əməkdaşlıq etmək kimi məsələlər də DİM-in hüquqlarına əlavə edilib.