Dövlət hansı saytlara pul verəcək?

Dövlət hansı saytlara pul verəcək?

İnternet xəbər portallarının dövlət yardımından faydalanmasına dair təkliflər hazırlanıb.


Aktual.az Azərtac-a istinadən xəbər verir ki, bu barədə Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov məlumat verib. O bildirib ki, hazırda bu istiqamətdə işlər gedir.

Əflatun Amaşov təkliflərin məqsədini də açıqlayıb: “Biz dövlət orqanları ilə internet KİV-lər arasında səmərəli əməkdaşlıq münasibətlərinin inkişafına nail olmaq istəyirik. Həmçinin bu yolla onların iqtisadi müstəqilliyini, vətəndaş cəmiyyəti quruculuğundakı rollarını gücləndirmək niyyətindəyik. Əlbəttə, ilk növbədə o saytlar maliyyələşəcək ki, onların hazırda ictimai həyatda müəyyən rolları var. Ümumilikdə isə ölkədə və dünyada baş verən ictimai-siyasi, sosial-iqtisadi, mədəni və s. proseslərlə bağlı xəbərlər, şərhlər, təhlillər hazırlayan və yayan informasiya agentliklərinin, xəbər saytlarının maliyyələşməsi üzərində dayanılır”.

Mətbuat Şurasının sədri xatırladıb ki, 2008-ci ildə “Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası” qəbul olunub. Konsepsiyada dövlət dəstəyinin forma və istiqamətləri əksini tapıb. İnternet medianın maliyyələşməsində də mütləq qaydada bu sənədə istinad ediləcək. “Növbəti məqam internet media orqanının hüquqi münasibətlər sistemində yer almasıdır. İndi saytlar çoxdur. Ancaq onların böyük əksəriyyəti hüquqi şəxs kimi fəaliyyət göstərmir, qanunvericilikdə nəzərdə tutulan müvafiq icbari öhdəliklər yerinə yetirmirlər. Bəzən bir internet media orqanında rekvizitlər qeyd edilmir. Hansısa oxucu maraqlanır, ancaq həmin saytın rəhbərliyi barədə məlumat əldə edə bilmir. Təbii ki, belələrinə dövlət dəstəyi şamil edilə bilməz. Meyarlar müxtəlifdir. Burada təbii ki, yaranma tarixi də nəzərə alınacaq. İnternet media orqanının ictimai həyatda özünü nə dərəcədə təsdiqləməsi nəzərə alınmalıdır. Bunun üçünsə müəyyən zamana ehtiyac var. Ancaq ümumən məsələyə kompleks yanaşılacaq”, - deyə Ə.Amaşov qeyd edib.

Prosesin nə vaxt başlanacağına gəlincə, Mətbuat Şurasının sədri bunun tez başlanmasının önəmini qeyd edib. O deyib: “Amma müəyyən məqamların yenidən işlənilməsinə, dəqiqləşdirilməsinə ehtiyac var. Əsas odur ki, internet medianın ictimai münasibətlər sistemindəki roluna önəm verilir. Buna görə də ən yaxın vaxtlarda internet medianın dövlət dəstəyindən faydalanması prosesi başlanacaq”.

Xəbər 408 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR