Sivil insanlar çarpayının nə olduğunu yaxşı anlayırlar. Təbii ki, ya həyat tərzi, ya da səhhətindən dolayı çarpayıdan imtina edənlər də var. Çünki deyirlər ki, yer yatağı onurğa üçün çox faydalıdır. Hind və digər şərq fəlsəfəsinə aludə olanlar da yumşaq yataqlardan imtina edirlər. Amma ümumilikdə hamının çarpayı haqqında təsəvvürü var.
Publika.az bu təsəvvürləri bir az da genişləndirmək niyyətindədir:
Dünyada ən çox çarpayı kolleksiyası fransız kral XIV Lüdovikə aiddir. Kralın 413 çarpayısı varmış. Hər gecə də birində yatırmış. Lüdovik daxil olmaqla bir çox Fransa kralları yataqdan qalxmadan divan qurur, uzanıqlı halda əmrlər verirmiş.
Rusiya imperatoru Pyotr da çarpayı həvəskarı imiş. Amma o, çarpayının sayından çox bəzəyinə əhəmiyyət verirdi. Hazırda onun çarpayılarından biri Nivada yerləşən iqamətgahında saxlanılır.
Ümumiyyətlə, kralların çarpayıları həmişə kənarı pərdəli olurdu. Bu, təkcə dekor üçün deyil, daim soyuq olan saraylarda istini çarpayının içində saxlamaq üçün də yarayırdı.
Dünyanın ən bahalı çarpayısı fransız qadın La Paivaya aid olub. Onun qiyməti 100 min frank idi. Dünyanın ən böyük çarpayısı isə ötən əsrin sonlarında Niderlandda hazırlanıb. Həmin çarpayının uzunluğu 5 metr, eni isə 3 metrdən çoxdur.
Tanınmış yazıçı Mark Tvenin çarpayı haqqında deyimi də yerinə düşərdi: "Çarpayı dünyanın ən təhlükəli yeridir. Burda xəyanətlər baş verir və milyonlarla insan ölümü qarşılayır”.