Düyü alarkən diqqətli olun

Düyü alarkən diqqətli olun

Mətbəximizdə geniş istifadə edildiyinə görə düyünün ticarət dövriyyəsində keyfiyyət və təhlükəsizliyinə nəzarət edilməsi hər birimiz üçün vacibdir. Lakin təəssüflər olsun ki, əksər hallarda istehlakçılar düyü alarkən onun hansı əlamətlərinə diqqət edilməsi barədə məlumatsız olur.

İqtisadiyyat Nazirliyi İctimaiyyətlə əlaqələr şöbəsindən Ölkə.Az-a verilən məlumata görə, istehsalçılar düyü alarkən diqqətli olmalıdırlar. Bu dəfə istehlakçılara düyü haqqında, onun keyfiyyətinin müəyyənləşdirilməsi, saxlanması şəraiti, müddəti və s. məsələlərlə bağlı bəzi məlumatlar çatdırılacaq. 

Gündəlik qidada geniş istifadə etdiyimiz düyü çəltikdən alınır və qırtıckimilər fəsiləsinə aid bitki cinsidir. Tərkibində su, nişasta, yağ, karbohidrat, minerallar və s. vardır. Dünya əhalisinin təqribən yarısının əsas yeməyini buğda ilə bərabər düyü təşkil edir. Düyünü ən çox Cənub-Şərqi Asiya və Uzaq Şərq ölkələrində istehsal edirlər. Muхtəlif düyü novləri biri digərindən хarici əlamətlərinə, toхumalarının quruluşuna, nişasta dənələrinin formasına və ölçüsünə, tərkibində olan karbohidratların, yağların, mineral maddələrin miqdarına gorə fərqlənirlər. Hazırda düyünün ağ, qəhvəyi, qızılı, qara rəngdə olan uzun, orta, yumrudənəli minlərlə növü mövcuddur və onlardan çoxsaylı yeməklərin hazırlanmasında istifadə olunur. Ağ düyü daha geniş yayılmış növdür və istənilən yeməyin hazırlanmasında istifadəyə uyğundur. Qəhvəyi, qızılı, qara düyülərə isə ticarət şəbəkələrində az-az rast gəlinir və onlar bütün yeməklərin hazırlanmasında istifadə olunmurlar. Düyüdən həmçinin uşaq və pəhriz qida məhsulları, həmçinin yeyinti кonsentratları və müхtəlif konservlərin hazırlanmasında geniş istifadə olunur. 

Düyüdən 2 növ – pardaqlanmış və cilalanmış yarma istehsal edilir. Əlavə məhsul kimi az miqdarda düyü xırdası əldə edilir. Düyü yarması tez bişməsi və bişdikdə həcminin çox artması ilə fərqlənir. Düyüdən hazırlanan məmulat yüksək mənimsəmə qabiliyyətinə və dada malikdir. Düyü xırdasından duru sıyıqların, dovğa və yarpaq dolması və s. xörəklərin hazırlanmasında istifadə edilir. 

Düyü yüksək qidalılıq dəyirinə malik olan, orqanizmdə yaxşı mənimsənilən kalorili məhsul olmaqla yanaşı bir sıra faydaları da vardır. Düyü yüksək təzyiqi aşağı salmağa, həzmi asanlaşdırmağa kömək edir, bədəni enerji ilə təmin edir, zehni qüvvətləndirir, bədəndə olan artıq suyu çəkərək toksiki maddələri bədəndən uzaqlaşdıra bilir, ürək, damar və bir sıra digər xəstəliklərə qarşı qoruyucu funksiyaya malikdir. 
Düyünün keyfiyyət göstəriciləri onlara məxsus standartın tələbinə uyğun olmalıdır. Bu məmulatların keyfiyyəti onların rəngi, səthinin vəziyyəti forması və bişirildikdən sonrakı iyi, dadı, bişirmə  artımı və həlim salması ilə təyin edilir. Orqanoleptiкi üsulla düyünün rəngi, şüşəvariliyi, dadı və iyi müəyyən edilir. Rəngi əsasən birtonlu,  səthi hamar olmalıdır. 
Düyü məmulatları müvafiq səlahiyyətli orqanlar tərəfindən icazə verilən qablaşdırma materiallarında qablaşdırılır və satışa buraxılır. 

Düyünü qablaşdırılmış və çəki halında satışa buraxırlar. Hər bir qabdakı düyü bir növdə olmalı, qablaşdırıldıqdan sonra mütləq markalanmalıdır. Etiketdə əmtəə nişanı, istehsalçı müəssənin adı və ünvanı, məhsulun adı, çəkisi, istehsal tarixi, qablaşdırılma tarixi, saxlama şəraiti və müddəti, standartın və ya digər normativ-texniki sənədin nömrəsi, məhsulun tərkibi, qida dəyərliliyi haqda məlumat və s. məlumatlar olmalıdır.

Saxlama yerlərində onların zərərvericilərdən, gəmiricilərdən qorunmasına xüsusilə ciddi nəzarət edilməlidir. Bu məhsullarda keyfiyyətin qorunması üçün nəmliyin normal saxlanması əsas şərtdir, onun normadan artıq olması məmulatın keyfiyyətinin itirilməsinə səbəb olur.
Toksik elementlərin, mikotoksinlərin, pestisidlərin düyüdəki miqdarı yol verilən normanı keçməməli, qanunvericiliklə müəyyən edilmiş tibbi-bioloji tələblərə və sanitar qaydalara uyğun olmalıdır.

Düyü məmulatları quru, yaxşı havalandırması olan, sanitar qaydalara riayət olunan, ziyanvericilərin təsirinə məruz qalmayan yerdə,  18ºC-dək temperaturda və nisbi rütubəti 60-70% olan otaqlarda saxlanmalıdır. Düyü kəskin qoxusu olan məhsullarla bir yerdə saxlanılması qadağandır. Optimal şəraitdə növündən və təmizlənmə dərəcəsindən asılı olaraq düyünü 8 aydan 2 ilə qədər saxlamaq olar. 

İstehlakçıların həyatı, sağlamlığı və təhlükəsizliyinin təmin edilməsi üçün düyü məmulatları  ticarət şəbəkəsinə partiyalarla qəbul olunmalı və hər bir partiya mal keyfiyyət göstəriciləri və normalarını özündə mütləq əks etdirən sənədlərlə müşayyət olunmalıdır. Yalnız keyfiyyəti müvafiq tələblərə uyğun olan düyü məmulatlarının satışına icazə verilir. 

Ticarət şəbəkəsindən düyü alarkən onun keyfiyyətli olmasını necə müəyyənləşdirmək olar. Birinci növbədə keyfiyyətli düyü iri, ağ, bir formada və tək-tək olmalıdır. Rənginin dəyişməsi məhsulun keyfiyyətinin pisləşməsinə və korlanmasına dəlalət edir. Parıltılı ağ dənəciklərin olması onların tam yetişməməsinə və bişirildikdə pis həll olunmasına işarədir. Düyü bağlamalarında qabıq olmamalıdır, əks halda bu toz əmələ gətirir ki, bu da onun keyfiyyətini aşağı salır. Xırdalanmış və ya əzilmiş düyü istehsal tullantısı hesab olunur. Bir sözlə düyünün keyfiyyətini yoxlayarkən onların rənginə, səthinin vəziyyətinə, quruluşunun хususiyyətlərinə, tərkibində qarışıqların olmamasına, ziyanvericilərin təsirinə məruz qalmamasına, formasına və konsistensiyasına fiкir verin. 

Düyünün iyi məhsulun növünə müvafiq olmalı, kənar iy verməməlidir. Düyüdən kif və rütubətli iyin gəlməsi saxlama şəraitinin pozulması ilə bağlıdır və məhsulun korlandığını, qida dəyərinin azaldığını göstərir. Bu məhsulları alarkən onların saxlama müddəti və şəraitinə diqqət yetirin.   
 
Aktual.az
Xəbər 936 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR