“Dünyanın heç bir yerində “Ayka Balaşka” ləqəbli müxalifət lideri yoxdur” - Elşən Musayev

“Dünyanın heç bir yerində “Ayka Balaşka” ləqəbli müxalifət lideri yoxdur”   - Elşən Musayev

Elşən Musayev: “Hədəf Ərdoğan deyil, Türkiyədir” 

Bu gün bütün gözlərin, nəzəri-diqqətin neft birjalarına və ABŞ – Rusiya münasibətlərinin dinamikasına zillənməsi tam normaldır. Hətta deyərdim, təbii zərurətdən doğan prosesdir. Çünki faktiki olaraq dünya bölüşdürülür,  hegemon dövlətlər siyasi xəritəni hər vəchlə dəyişmək çabasındadır, Qərb və Avropanın işıltılı, parlaq otaqlarda gəlişi gözəl kəlmələrlə vəsf etdiyi “demokratiya təntənəsi” artıq uçurumun kandarında dayanıb. Və…biz, bu gedişatda sadəcə tamaşaçıyıq əslində. Üstəlik bizim kimi də bir çoxları. Sanki iki eyni ranqlı, titullu boksçunun savaşına uzaqdan baxırmış  kimi bir halımız var. Kimə azarkeşlik etdiyimizi isə ürəyimizdə saxlamışıq. Məcburən, zorən! Açıq kartla da oynama lüksümüz yox. Yenə məntiq gərəyi!
 
***
Putin çox ağıllıdır. Gerçəkdən. Dünyanın bütün özündən deyən analitikləri, iqtisadçı ekspertləri neftdən böyük asılılığı olan Rusiyanın tez bir zamanda çökəcəyini proqnozlaşdırsa da, Vladimir Vladimiroviç bu oyuna çox hazırlıqlı və qalın dəbilqə ilə girdiyini 2 il ərzindəcə sübut etdi. Təbii, fenomenal iqtisadi bloku ilə! Hətta artıq şəxsən mən özüm də “Krım sevdası”nın hansısa ambisiya hicabına qarşılıq atılan addım olduğunu düşünənlər sırasındayam. Yəni, heç istisna deyil ki, eyni adlı münaqişə  Qərb tərəfindən düzənlənən və biz bilmədiyimiz ixtiyari bir gedişatdan hifz edilmək üçün demarş xarakteri daşıyıb. Eynən “Konstantinopolu xristiyanlara qaytaracam” tipli bəyənat tərzində. Bəli, bunu da Putin deyib. Və heç də çoxlarının düşündüyü kimi siyasi isterikaya qapılaraq deməyib. Tam əksi, bu bəyənat sözbəsöz və son dərəcə korretkdə edilmiş fəndlərdən növbətisidir. Niyə?! Çünki hazırki situasiyada geri çəkilim siyasi məhvin özülünü, nüvəsini yarada bilərdi. Çünki rusun genetikasında şovinist ruh, qabaqdan yeməmək, gücü hər nə olursa olsun - əzəmətli görünmək kimi instinktlər var. Ayrıca, həmin instinkt iqtisadi durum və stabil həyat tərzindən çox-çox daha öndə gəlir. Zatən onların öz liderlərini bu qədər cidd-cəhdlə qorumasının ana səbəblərindən biri də məhz budur. 
 
 
Putin çox gözəl anlayır ki, Türkiyə elə ancaq Avropa və Asiyaya “boğaz embarqo”su qoysa nəticə hansı fəlakətlərə gətirib çıxara bilər. Amma paralel olaraq həmkarı Poroşenko kimi “Krımı uzağı 1 ilə ukraynalılara qaytaracam” – illuziyasından da uzaqdır. Bəli, üzdəki mahiyyətə varsaq Konstantinopol söhbətinin Krım söhbətindən elə də fərqi yoxdu. Fəqət, sadəcə görüntü etibarilə…Və ya diqqət edin: Beynəlxalq aləm bir neçə neytral (hegemon) dövlət istisnası ilə ümumi sözbirliyi “yaparaq” Türkiyənin başını özünə qarışdırmaq üçün demək olar hər şeyə getdi. Öncəlliklə, Bin Ladenin islam prototipi – Fətullah Gülən ortalığa atıldı, daha sonra dövlət içində dövlət yaradıldı, bir az keçmiş “Gəzi Parkı” olayları baş verdi, daha sonra PPK-nın siyasi qanadı zorən Parlamentə soxuldu. Nəhayətində isə bəlli teraktlarla açıq mesajlar verdilər. Ərdoğanın kritik Bakı səfəri əngəlləndi. Və...ən sonuncusu da - dünən baş verən sarsıdıcı  Ankara terroru... 
 
Hadisələrin məntiqi axarı təsadüfə bənzəyirmi? Yox, təbii. Fəqət, nəticə etibarilə hakimiyyət dəyişikliyinə də hesablanmayıb. Sadəcə Türkiyəni zədələmək, onu dünya hegemonları sırasından çıxdaş eləmək lazımdır. Vəssalam. Yəni, hədəf Ərdoğan deyil, bütünlükdə Türkiyədir, onu sarsıtmaqdır. Üstəgəl, həmin Türkiyə Gürcüstan, Ermənistan, Ukrayna kimi bir mismar üzərindən asılmış dövlət də deyil, yetərincə oturuşub və Atatürk kimi nəhəng tərəfindən qoyulmuş özülü var. Və nəhayət: Türkiyə müdhiş bir ideologiya ilə idarə olunur, Ərdoğan dahi olsa da, sadəcə ifaçıdır...
 
Yaxşı bəs saxta erməni soyqırımı revanşı ilə başlayıb “Konstantinopol fırçası” ilə davam edib son teraktlarla irəliləyən siyasət özündə hansı məntiqi ehtiva edir? – Birmənalı olaraq miqrant və Suriya mövzusunu! Türkiyəyə açıq mesaj verilir:”Sənin başını özünə elə qatarıq ki, nəinki qucağını kiməsə açarsan, hətta özündən olanların taleyini belə sadəcə kənardan seyr edərsən”. Ayrıca, Suriya məsələsində (anlaşmasında) də maraqlarına toxunulan tək dövlət Türkiyədir. Beləki, bu zonada kürdlər hətta muxtariyyət statusuna belə sahiblənsələr qardaş ölkə növbəti mərhələdə silsilə təhdidlərlə üzbəüz qalacaq.
 
 
Növbəti sual yaranır: Qərb və onun vassalları dururkən ətraf və böyük güc dövlətlərini hədəfə almaq missiyasını, təşəbbüsünü Putin niyə öz üzərinə götürsün ki? İpucu uzaqda deyil: Amerika daxil bütün Qərb dövlətlərinin başı Trampın hoqqabazlığına qarışıb. Üstəlik, Obama axıra qədər yaxşı gəlib, sonda yalnış neft strategiyası ilə işləri korladı. Və ya Corc Buş şəxsi münaqişə zəminində sadəcə Səddam Hüseyni cəzalandırmaq üçün uzun illər boyunca bir dövləti necə məhvə məhkum, qanına qəltan etdisə, Obama da Putinlə olan konfliktini bütün dünya üzərinə sardı, hər kəsi hansısa formada incitdi, özünə düşmən etdi. Əsas da neft ölkələrini! Nəticə  isə ortalıqdadır. Əgər diqqət edirsinizsə, artıq qara qızılın qiyməti 40 dollar civarında dövr edir. Yəni, Amerikanın maraqlarına tam əks-istiqamətdə. Bəli, sular nəhayət durulub. Hazırda hər şey Qərbin əleyhinədir. Putinin çökdürülmə planı minimum 7 ay, maksimum 1 il çəkməli idi. Ona görə də bütün məhrumiyyətləri gözə almışdılar. İndi isə bumeranq geri qayıdır. Yalnış planlama ucbatından. Hətta yaxın günlərdə Avropa Şurası və qeyri - qurumlar Rusiya üzərindən sanksiyaları qaldıraraq ona qucaq açsalar qətiyyən təəccüblənmərəm. Avropanın mahiyyəti budur! -Hər şeyi ya zəlzələdən edir, ya vəlvələdən. Zatən əsl ədalət carçısı olan Avropalı deputatlar Şuranın Strasburqda keçirilən son plenar iclaslarında açıqca deyirdilər: “Ermənistan əleyhinə olan və Britaniyalı deputat Uolterin hesabatı əsasında hazırlanan qətnamənin qəbulunun administrativ üsullarla əngəllənməsi əslində Rusiyanın müdafiəsi üçün president və zəmin yaradır. Bir işğalçını dəstəkləyib digərini yuxarı kürsüdə oturtmaq olmaz. Ya hamını eyni adla çağırın ya da nüfuzunuzu və imicinizi zərbə altına qoyaraq hər kəsə eyni güzəştləri tətbiq edin. Mövzu bu qədər bəsitdir”  
Və nəhayət. Madam ki, söhbət Avropa Şurası üzərinə adladı, bir məqamı vurğulamadan keçməyim: Biz yanvar sessiyasında Parlamentin nümayəndə heyəti, QHT-lər, jurnalistlər və hüquq müdafiəçiləri qismində təmsil olunurduq. Gözlənti də bu idi ki, ən azından ümummilli məsələlərdə yekdillik nümayiş etdirərik. Fəqət...kaş bu yazını oxuyan hər kəs Azərbaycan üçün son dərəcə önəmli olan və Ermənistanı az qala beynəlxalq arenada bitirəcək bir qətnamənin 4 səs azlığı ilə keçmədiyi anda müxalifət yönümlü QHT rəhbərlərimizin üzündəki gülüşü, sevinci, ermənilərlə bərabər bir-birinə əl vurub necə şadyanalıq elədiklərini, uca səslə: “biz bura siyasi məhbus məsələsini qabartmağa gəlmişik, Qarabağdan bizə nə?” – söyləntilərini canlı şəkildə seyr edərdi. Nonsens bax budur! 
 
Həqiqətən, dünyanın heç bir yerində, ələlxüsus da qlobal arenada milli maraqlarla iqtidar –müxalifət konfliktini ayırd edə bilməyən kütləyə rast gəlinməz...
 
Dünyanın heç bir yerində özünə müxalifətçiyəm deyən kəs onun ata-baba torpağını işğal edən, öz soyundan olan xanımları əsir saxlayan, Xocalı kimi qətliamı törədən şərəfsiz(lər)in “şərəf”inə viski badəsi qaldırıb ağızdolusu tost deməz...
 
Dünyanın heç bir yerində - sənin namusuna, şərəfinə, qanına susayanlara azarkeşlik edilməz...
 
Sonra deyirlər, qarşı tərəfə münasibətdə üsyankarsız, dözümsüzsüz, səbrsizsiz. Yaxşı, neyləyək?
 
Bir məmləkətin müxalifət lideri “Ayka Balaşka” adında  saxta “facebook” profili yaradaraq virtual aləmi öz cənginə alırsa, ölkədən deport olunmuş  Əlikram xislətli siyasət qırıntıları elə ilk fürsətdəcə gedib civə, maqnit  təki erməni tayına yapışırsa, şəxsiyyət vəsiqəsində “azərbaycanlı”yazılan nadürüst Vardanyanın cibindən girib Oskanyanın balağından çıxırsa, neyləyək bəs? 
 
Lütfən deyin, onu edək...  
 
 
Xəbər 2902 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR