Dünyanın ən xəsis qadını – PUL TARİXİ

Dünyanın ən xəsis qadını   – PUL TARİXİ

100 il əvvəl, 3 iyul tarixində bütün illərin və xalqların ən xəsis qadını dünyasını dəyişib. Onun adı Genrietta Houlend Getti Qrin və ya "Uoll-strit əcinnəsi" idi. 

Aktual.az  fins.az-a istinadən bildirir ki, öldüyü vaxta qədər o, dünyanın ən varlı qadını hesab olunurdu. Bununla belə, onun xəsisliyi sərhəd tanımırdı. Gettinin adı Ginnesin "Rekordlar Kitabı"nda "Dünyanın ən xəsis insanı" olaraq anılır.

13 yaşından mühasib işlədi

O, 1834-cü il, noyabrıb 21-i Massaçusets ştatının Nyu-Bedford şəhərində, köpək balığı ovçuluğu ilə məşğul olan ailədə anadan olub. Çox kiçik yaşlardan onu babası - Gideon Haulend tərbiyə edib. Getti artıq 6 yaşdan etibarən maliyyə qəzetləri oxumağa başlamışdı. Qeyri-adi riyazi biliklərini üzə çıxarmağa başladı və 13 yaşında ailə mühasibi oldu.

Salfetlərdən bir neçə dəfə istifadə edirdi

Getti kifayət qədər sevimli qız kimi böyüyüb. Həm də zəngin varis idi. Bu göstəriciləri sayəsində onunla ailə qurmaq istəyənlər də az deyildi Amma onları Gettinin yetim günündə olan paltarları və əyilmiş topuqlu ayaqqabıları  çəkindirirdi. O zaman gənc milyonçu xanımın bu hərəkətlərini həddən artıq qənaətli olması ilə izah edirdilər. Amma adamlar onun bəzi qəribəliklərini də ələ salırdılar. Məsələn, Getti istifadə olunmuş salfetləri yuyub, ütüləyib bir neçə dəfə istifadə edirdi Yaxud qonaqlar getməmiş şamı söndürürdü, sabahısı gün isə şam qalıqlarını satırdı.

Atasından qalan pulları istiqrazlara yatırdı

31 yaşında Gettiyə ölmüş atasından 7,5 milyon dollar sərvət qaldı. Bu sərvəti o, dərhal ABŞ Vətəndaş Müharibəsinin hərbi borclarının istiqrazlarına investisiya etdi. Bir il sonra Getti özündən 12 yaş böyük milyonçu Edvard Qrinə ərə getdi. Ondan iki övlad dünyaya gətirdi - Neda və Silviyu.
Gettinin kiçik hədəfi vardı - onsuz da nəhəng var-dövlətini daha da artırmaq. Bundan başqa dünyada onu heç nə maraqlandırmırdı. İti ağılı və heyvana xas "iybilmə" qabiliyyəti ona supersərfəli investisiyalar etməyə imkan verirdi. Məsələn, ABŞ Vətəndaş Müharibəsindən dərhal sonra banknotlar çap olunan zaman investorlar buna baş qoşmaqdan çəkinirdi. Getti isə əksinə, bütün banknotları alaraq, ilə 1,25 milyon dollar qazandı. Alınan gəliri o, dəmiryolu istiqrazlarına yatırdı.

Müflis olan həyat yoldaşını qovdu

Həyat yoldaşlarının biznesləri ayrı idi. Genrinin işləri bir müddət sonra pisləşdi, 1885-ci ildə isə özünü bankrot elan elədi. Genrietta nəinki yoldaşına kömək etmədi, əksinə, onu evdən qovdu.

8 min evi olan evsiz

Gettinin sərvəti günü gündən artırdı. Onun əsas marağı dəmir yolları və şəhər əmlakı idi. Yalnız ölümündən sonra məlum oldu ki, onun, 10-dan çox ştatda 8 mindən çox evi varmış. Getti sələmçiliklə də məşğul olurdu.

Cəmi bir paltarı vardı

Dünyanın ən varlı qadını evində heç zaman istilik sistemini yandırmırdı və isti sudan istifadə etmirdi. O, illərlə təkcə bir (!) qara paltarda gəzirdi. Alt paltarını əskiyə dönənə qədər geyinirdi. Ən ucuz restoranlarda yeyirdi - o da yenə nadir hallarda. Əsasən, dükanda satılan 15 sentlik kökə ilə dolanırdı. O, həm də yulaf yarmasını sevirdi, onu, qonşu ofisin radiatorunda qızdırırdı.

İş yeri və evi də yox idi

Onun iş yeri qutu və kağız dolu çemodanlarla əhatələnmiş bank vestibülü idi. Çünki bura görə kirayə haqqı ödəmirdi. Dəbdəbəli əmlaklara sahib Gettinin öz mənzili yox idi. O, tez-tez yaşayış yerini dəyişirdi. Qısa müddətlik ucuz motellərdə qalırdı ki, vergi xidmətinin diqqətini cəlb eləməsin. Paltarlarını nömrəsindəki çəlləkdə yuyurdu və motelin həyətində sərib qurudurdu.

Satıcılar ona nifrət edirdi

Yəqin demək artıqdır ki, satıcılar Gettiyə necə nifrət edirdilər. Çünki Getti hər sentə görə çənə vurmağı xoşlayırdı. Səhər tezdən qəzet alıb oxuyurdu, sonra onları oğluna satmağa verirdi. Apteklərə öz qabları ilə gedirdi ki, dərman flakonlarına görə əlavə ödəniş eləməsin. Saatlarla poçt şöbələrini gəzirdi ki, ən ucuz markanı tapa bilsin.

Xəsisliyindən oğlunu şikəst qoydu

Lakin bunlar, onun oğlunun ayağını itirməsinə səbəb olan hadisə ilə müqayisədə heç nə idi. Gettinin oğlu 11 yaşında dağda xizək sürərkən yıxılaraq ayağını zədələmişdi. Getti yoxsullar üçün olan xəstəxanada pulsuz tibbi yardım almağa çalışırdı, lakin həkimlər onu tanıyaraq geri qaytarırdılar. Bu zaman o, oğlunu evdə əlinin altında olan dərmanlarla müalicə etdirmək qərarına gəldi. Ned bir neçə il dəhşətli ağrıdan əziyyət çəkdi. O, probka protezi və qoltuqağacının köməyilə hərəkət edirdi. Ned anası üçün işləyirdi və onun Texasdakı işlərini aparırdı. Günə bir neçə dollara çalışırdı. Gettiyə yaxın 20 ildə ailə həyatı qurmayacağına dair söz verməyə məcbur qalmışdı.

Qızını əmlakdan imtinaya vadar edib

Qızı Silviya sakit və adamsevməz qız idi, anası ilə Nyu-Yorkda yaşayırdı. Onun pəncəsində problem vardı, lakin həkim köməyi barədə bir söz belə deməyə ürək etmirdi. O, özündən 30 yaş böyük, müflisləşmiş qoca aristokrat - Mettyu Uilkslə ailə qurmuşdu. Toydan öncə Gettinin tələbi əsasında Uilks Silviyanın əmlakından imtina ilə bağlı kağız imzaladı.

Mənasız mübahisədən öldü

Qocalıqda Getti dəhşətli dərəcədə sui-qəsddən qorxmağa başladı. Qonaq gedəndə öz yeməyini aparırdı. Özünə tapanca almışdı və həmişə özü ilə gəzdirirdi. Lakin heç kim onun həyatına qəsd etməyə cəhd etməmişdi. O, 81 yaşında quru südün üstünlükləri ilə bağlı xadimə ilə apardığı mübahisə əsnasında ürək tutmasından vəfat etdi.

Onun pullarını övladları xərclədi

Gettidən oğlu və qızına nəhəng sərvət qaldı (indiki pulla təqribən 4 milyard dollar). Ned öz payını sağa-sola sovurdu, Silviya isə xeyriyyəçiliklə məşğul olmağa başladı. "Uoll-strit əcinnəsi"nin iş bacarığı övladlarına keçməmişdi.

Xəbər 1058 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR