Henrietta Houlend Qrin - nəinki yaşadığı dövrün, ümumiyyətlə bəşər tarixinin ən simic qadını kimi "Ginnesin Rekordlar Kitabı”na düşüb. Halbuki yaşadığı zamanda ən zəngin xanımlardan biri olub - 4 milyard dollar sərvət! Qadının 1916-cı ildə dünyasını dəyişdiyini nəzərə alsaq, bu məbləğ həmin dövr üçün əməlli-başlı sərvət olub. Üzünə "İfritə” deyilən bu qadın öz xəsisliyi ilə hamını heyrətə gətirərmiş. Onun xəsisliyi barəsində əfsanələr dolaşır. Pulunu balta kəsməyən Henriettanın əynindəki paltar və ayaqqabı cırılıb dağılmayınca, təzəsini almazmış. Heç vaxt qulluqçu saxlamayıb, bütün işlərini özü görüb, bazarlığını özü edərək hər qəpik üstündə satıcılarla çənə-boğaza çıxıb. Oxuduğu qəzetləri yenidən oğluna satdırıb.
Henrietta 1834-cü ildə orta imkanlı ailədə dünyaya gəlib. Onun tərbiyəsi ilə babası məşğul olub. Bu ailə "kvaker”lər adlanan insanlar qrupuna aid olub (quake - ingilis dilindən tərcümədə "əsmək” olaraq anlaşılır). Kvakerlər geyimə, ərzağa az pul xərcləyənlər olublar, yəni hər qəpiyin üstündə əsiblər. Babasının gözləri zəiflədiyindən Henrietta 13 yaşındaykən onun dəftərxana işlərini icra etməli olur. Gözəgəlimli qız olsa da, daim eyni paltarda gəzməsinə görə oğlanlar ondan yan keçərmişlər. Anasının ölümündən sonra nadir halda qonaq qəbul edərmiş. Qonaqlar getdikdən sonra işlənmiş salfet kagızlarını suya çəkib ütüləyərək yenidən istifadə edərmiş. Atasının ölümündən sonra ziyalı ailədən olan, Boston şəhər merinin qardaşı oğlu Edvard Qrin adlı şəxsə ərə gedir, təbii ki nikah müqaviləsi ilə! Yəni əri onun bir qəpiyindən belə istifadə edə bilməyib, iflasa uğrayanda isə arvadı onun borclarını ödəməkdən imtina edərək özünü də evdən qovub.
Bu nikahdan 2 uşağı olan "İfritə”nin öz övladlarına belə pul xərcləməyə əli gəlməyib. Hətta simicliyi ucbatından xizəkdən yıxılan oğlunu xəstəxanada müalicə etdirməyib, ev şəraitində özü müalicə etsə də, acı nəticə qaçılmaz olub. Oğlunun çürüməyə başlamış hər iki ayağını dizdən amputasiya ediblər.
Sağlığında öz pullarını xərcləyə bilməyən Henrietta 81 yaşında ürək çatışmazlığından dünyasını dəyişəndən sonra bütün varidatına sahib olan iki övladı illərin əvəzini çıxıb. Oğlu Nid heç vaxt yaşamadığı lüks həyatı yaşayıb. Qızı isə anasının pullarını insanlığa xərcləyib, xeyriyyəçiliklə məşğul olub. //Publika.az
Aktual.az
Xəbər 830 dəfə oxunub.