Səudiyyə Ərəbistanında Məkkədə inşaatı davam edən dünyanın ən böyük otelinin açılışı təxirə salınıb. Səbəb neftin qiymətinin ucuzlaşması nəticəsində ölkənin gəlirlərinin azalması göstərilir.
Aktual.az admiral.az-a istinadən bildirir ki, Fransada nəşr olunan "Le Figaro" jurnalının verdiyi xəbərə görə, açılış tarixi 2017-ci ildə deyil, 2018, hətta 2019-cu ilə qədər uzana bilər. Bu barədə otelin məsləhətçisi "MKG Consulting" şirkəti artıq məlumatlandırılıb.
Otelin 10 min otağı, 70 restoranı və 4 vertolyot üçün eniş xətti olacaq. Tikinti üçün xərclər keçən il 3,5 milyard dollar həcmində hesablanmışdı.
Səudiyyə Maliyyə Nazirliyinin sərmayələşdirdiyi bu nəhəng kompleks Malayziyadakı First World Hotel və Las-Veqasdakı The Venetian and the Palazzodan daha böyükdür (hər biri 7000-dən çox otağa sahibdir). Otel həcc ziyarətinə gələnlər üçün nəzərdə tutulub.
Qeyd edək ki, həcc ziyarəti neftdən sonra Səudiyyə Ərəbistanının ikinci ən böyük gəlir mənbəyidir. Hər il 2 milyondan çox müsəlman Məkkəni ziyarət edir.