Dünya yaşanacaq yer deyil artıq - Bahəddin Həziyevdən şeir

Dünya yaşanacaq yer deyil artıq  - Bahəddin Həziyevdən şeir

Mən şair deyiləm. Sadəcə, bəzən emosiyalar şeir olaraq şəkillənir ürəyimdə. Bu oxuyacağınızı da mükəmməl bir poeziya nümunəsi saymıram. Yalnız ruhumun fəryadı sayıram. Bu yalan dünyaya bir etirazdır, ya nə - bilmirəm. Hökmü verən siz olacaqsız.

Dünya yaşanacaq yer deyil artıq

Daha su qalmayıb bulaqlarında,
Daha od qalmayıb ocaqlarında. 
Dağlarının qarı qaçıb dünyanın,
Bağlarının barı qaçıb dünyanın.
Daha o əvvəlki dadı qalmayıb -
Deyəsən damarı qaçıb dünyanın,
Dünya yaşanacaq yer deyil artıq.

Halalı haramdan, yaxşını pisdən, 
Məzlumu zalımdan ayıra bilmir –
Gözünü qan örtüb qoca dünyanın,
Qanla da nəfsini doyura bilmir. 
Dünya yaşanacaq yer deyil artıq.

...Əkəcəm cismimi qara torpağa, 
Ruhun qanadında uçub gedəcəm, 
Dönüb baxmayacam mən bu dünyaya,
Yel olub yanından keçib gedəcəm.
Nifət alovunda qovurulmayan, 
Kül olub küləklə sovurulmayan, 
Çiçəkləri qanla suvarılmayan
Başqa bir dünyaya köçüb gedəcəm.

Tanrım, bu torpağa sən atdın bizi,
Bu qara torpaqdan yaratdın bizi.
Nə olar, üzünü çevir bir kərə,
Əli ətəyində olan kəslərə. 
Kimik, nə gündəyik - bax, görəcəksən. 
Bir az da ucaya qalx, görəcəksən.
Közərən deyilik öz külümüzdən, 
Bu sönmüş ocaqda qala bimirik.
Susan vicdanların boğuq səsiyik,
Quruyan ağacın son meyvəsiyik,
Bu cansız budaqda qala bilmirik. 
Tanrı, dadımıza yetiş, dər bizi
Dünya yaşanacaq yer deyil artıq -
Başqa dünyalara pay göndər bizi.

27 noyabr 2015

Xəbər 816 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR