DTX 70 kq qızılla saxlanılan diplomatla bağlı məlumat yaydı

DTX 70 kq qızılla saxlanılan diplomatla bağlı məlumat yaydı

Diplomatik statusdan istifadə edilməklə xarici ölkədə törədilmiş qaçaqmalçılıqla bağlı cinayət işi başlanılıb.
Aktual.az xəbər verir ki, bu barədə Dövlət Təhlükəsizliyi Xidmətinin Mətbuat xidməti məlumat yayıb.
Məlumatda bildirilir ki, Azərbaycan Respublikası vətəndaşlarının digər ölkə vətəndaşları ilə əlbir olaraq xarici dövlətlər arasında qaçaqmalçılıq cinayətlərinin törədilməsində iştirak etmələri faktı ilə əlaqədar Dövlət Təhlükəsizliyi Xidmətində başlanılmış cinayət işi üzrə cinayət təqibi həyata keçirilir.
Araşdırmalar zamanı Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Amerika Birləşmiş Ştatlarındakı hərbi attaşesinin baş köməkçisi vəzifəsində xidmət edən polkovnik-leytenant Qəhrəman Şamil oğlu Məmmədovun digər Azərbaycan Respublikasının vətəndaşı Anar Əli oğlu Qasımov və xarici ölkə vətəndaşları ilə sövdələşərək qabaqcadan əlbir olan bir qrup şəxs halında Birləşmiş Ərəb Əmirliklərindən Türkiyə Respublikasına daşınan xüsusilə külli miqdarda qızıl külçələrin qaçaqmalçılıq yolu ilə gömrük sərhədindən keçirilməsində iştirak etməsinə əsaslı şübhələr müəyyən edilib.
Belə ki, diplomatik statusa malik vəzifə tutan Qəhrəman Məmmədov başqaları ilə qabaqcadan əldə edilmiş razılığa əsasən, 22 noyabr 2024-cü il tarixində Amerika Birləşmiş Ştatlarından Türkiyə Respublikasına gəlmiş, həmin gün Anar Qasımov tərəfindən Birləşmiş Ərəb Əmirliklərindən gətirilərək İstanbul Beynəlxalq Hava Limanında gömrük nəzarətindən kənarda yerləşən saxlanc yerinə qoyulmuş, içərisində xüsusilə külli miqdarda qızıl külçələrin olduğu çantanı götürmüşdür. O, diplomatik heyət üzvləri üçün nəzərdə tutulmuş imtiyaz və immunitetləri təsdiq edən diplomatik pasportdan və vəzifə səlahiyyətlərindən qulluq mənafeyinin qəsdən ziddinə istifadə etməklə, həmin hava limanında qızıl külçələri gömrük sərhədindən bəyan etmədən keçirmişdir. Daha sonra Qəhrəman Məmmədov bu qızıl külçələri Anar Qasımova təhvil vermək üçün taksi ilə İstanbul şəhərindəki otellərdən biri istiqamətində hərəkət edərkən Türkiyə hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılmışdır. Onun daşıdığı çantaya keçirilmiş baxış zamanı içərisində 10.220.900 (on milyon iki yüz iyirmi min doqquz yüz) manat dəyərində olan 70 kiloqram çəkidə qızıl külçələr aşkar edilərək götürülmüşdür.
Araşdırmalar nəticəsində hava limanındakı qeyd olunan saxlanc yerində içərisində 14 kiloqram qızıl külçələrin olduğu və gömrük sərhədindən keçməmiş daha bir çanta aşkar edilib.
Həmçinin qaçaqmalçılıq cinayətində iştirakına əsaslı şübhələr müəyyən edilmiş Anar Qasımov Türkiyə Respublikasında saxlanılaraq cinayət məsuliyyətinə cəlb olunub.
Qəhrəman Məmmədov Dövlət Təhlükəsizliyi Xidmətində davam edən cinayət işi üzrə Cinayət Məcəlləsinin 12.1, 206.3.2, 12.1-1, 206.3.3 (Azərbaycan Respublikasının vətəndaşı tərəfindən ölkə hüdudlarından kənarda qabaqcadan əlbir olan bir qrup şəxs halında, qulluq mövqeyindən istifadə edilməklə qaçaqmalçılıq) və 12.1-1, 341.1-ci (Azərbaycan Respublikasının vətəndaşı tərəfindən ölkə hüdudlarından kənarda vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma) maddələri ilə cinayət məsuliyyətinə cəlb edilib, Bakı Hərbi Məhkəməsi tərəfindən onun barəsində həbs qətimkan tədbiri seçilib.
Hazırda cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Xəbər 47 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR