Bərdə Rayon Mərkəzi Xəstəxanası Aysel Qocayevanın uşağının ölümü ilə bağlı məsələyə münasibət açıqlayıb.
Xəstəxanasının Doğum Şöbəsinin baş həkimi Tünzalə Quliyevanın sözlərinə görə, Aysel Qocayeva şöbəyə ağır vəziyyətdə daxil olub: “Uşaqlar 32 həftəlikdir, yarımçıq doğulub. Bu üzdən uşaqların biri dünyasını dəyişib. İkinci uşaq da hazırda aparatdadır. Yarımçıq doğulduğundan ciyərlərdə uşaqda tənəffüs qeyri-normalıdr. Ağciyərlərdə tənəffüs tam paylanmır”.
T.Quliyeva A.Qocayevanın hamiləlik dövründə iki dəfə xəstəxananın patologiya şöbəsində müalicə aldığını vurğulayıb: “Ananın dediyinə görə kolbasa məmulatları yeyib və ondan zəhərlənib. Amma ailəsindən zəng edib bizə bildirdilər ki, Aysel hamiləliyin pozulması üçün dərman qəbul edib. Biz bunu dəqiqləşdirə bilmədik. Çünki ana bunu inkar edirdi. Ayseldə dərman içdiyinə görə açılış qorxusu vardı və bu üzdən xəstəxanada müalicə olunurdu. Həmin vaxt o xəstəxanadan qaçdı. Biz onun qaçması ilə bağlı polisə məlumat verdik. Aradan bir az keçəndən sonra o xəstəxanaya ağır vəziyyətdə gəldi, həkim də kömək edib uşaqları doğuzdurub”.
T.Quliyeva onu da əlavə edib ki, bu, A.Qocayevanın 3-cü hamiləliyidir.
Qeyd edək ki, Bərdədə yeni doğulan uşaq ölüb. Rayon sakini, 1994-cü il təvəllüdlü Aysel Qocayeva dünyaya əkiz uşaq gətirib. Onlardan biri doğuş zamanı ölüb, digərinin vəziyyəti isə ağırdır. //AzNews.az