Dolların ucuzlaşması səbəbi bəlli oldu - SİZ DƏ OXUYUN

Dolların ucuzlaşması səbəbi bəlli oldu  - SİZ DƏ OXUYUN

Son günlər manatın məzənnəsinin möhkəmlənməsini bəziləri həm də milli valyuta üzrə mövcud bazanın azalması ilə izah edirlər. Başqa sözlə desək, guya, manat qıtlığı mövcuddur. Əslində bu, tamamilə səhv fikir və yanlış mülahizədir. Sadəcə olaraq, ölkədə valyuta bazarında uzun müddətdir davam edən vəziyyətin əksinə olaraq, dollar artıqlığı yaranıb. Və bunun da səbəbləri kifayət qədər aydındır. Lakin bu haqda bir qədər sonra.

Məsələ ondadır ki, bu rəyi söyləyənlər özləri də yaxşı bilirlər ki, manat bazası 2014-cü ilin II yarısından etibarən azalır. Və bu proses 2015-ci il ərzində fasiləsiz olaraq davam edib. Odur ki, bu, əgər manatın məzənnəsini dərhal möhkəmləndirməli və yaxud buna avtomatik təsir xarakteri daşımalı olsa idi, birinci dəfə olmasa da, ikinci devalvasiyaya gedilməməli idi.

Yeri gəlmişkən, qeyd oluna bilər ki, Mərkəzi Bankın (AMB) uçot dərəcəsinin səviyyəsini 2016-cı ilin fevral ayının 15-də 5%-ə, martın 4-də isə 7%-ə qaldırması bu sahədə mühüm rol oynayıb. Ancaq unutmaq lazım deyil ki, AMB 2015-ci ilin iyul ayının 7-də isə (ölkədə dollar qıtlığı ciddi şəkildə hiss edildiyi şəraitdə) sözügedən göstəricini 3,5%-dən 3%-ə endirmişdi. Ancaq bu, manat bazasının azalması qarşısını almamışdı.

Manat bazasını azaldan ölkədə ilk növbədə məhz dollarizasiya prosesi oldu. Belə ki, banklarda əmanətlərin manatdan dollara konvertasiya edilməsi, həmçinin əhalinin yastıq altındakı manatlarını dollara mübadilə etməsi, üstəlik, bankların kredit təklifini də dayandırması və buna uyğun olaraq AMB-dən vəsait cəlbinin avtomatik azalması, neftin qiymətinin enməsiylə əlaqədar isə qeyri-leqal dövriyyə və ödənişlərin azalması, daha dəqiq desək, tamamilə kəsilməsi, o cümlədən dövlət büdcəsi xərclərinin kəskin şəkildə məhdudlaşdırılması manat kütləsinin həcmini tədricən "yüngülləşdirdi".

Sonuncu barədə xatırladaq ki, 2015-ci ilin dövlət büdcəsi nəzərdə tutulduğu kimi yerinə yetirilmədi. Xərclər hissəsii 84,3% icra olundu ki, buna səbəb Neft Fondundan nəzərdə tutulan transfert həcminin az həyata keçirilməsi idi. Yəni, büdcənin xərclər hissəsində 1,1 milyard manat qənaət edildi. Nəticədə də 2015-ci ilin dövlət büdcəsi üzrə təsdiq olunduğu kimi 1,7 milyard manat deyil, 633 milyon kəsir əldə edildi. Bütün bunlara əsasən də dövriyyədə manat kütləsi necə deyərlər, anbarlarda yığılıb qalmalı oldu.

Ümumiyyətlə, AMB-nin müvafiq məlumatına nəzər salsaq pul bazası həcminin bütövlükdə azaldığının şahidi olsaq da müəyyən aylar ərzində onun dinamikasının həm də müsbətə doğru dəyişməyə meyl etdiyini görərik. Bu da onu göstərir ki, sözügedən göstərici də həmçinin, nə qədər qəribə olsa da əslində, valyuta bazarındakı proseslərə uyğun dinamika nümayiş etdirib.

Ancaq bundan sonra onun yalnız müsbət istiqamətdə inkişaf edəcəyini ehtimal etmək olar. O səbəbdən ki, yuxarıda da qeyd etdiyimiz kimi AMB uçot dərəcəsini qaldırmaq siyasəti yolunu tutub ki, onun səviyyəsini 2016-cı ilin fevralın 15-dən 5%-ə, martın 4-dən isə 7%-ə qaldırılmasını müsbət qiymətləndirmək lazımdır. Ona görə ki, kreditlər üzrə mərkəzi faiz dərəcəsi aşağı olduqda banklar AMB-dən götürdükləri vəsaitləri konvertasiya əməliyyatlarına cəlb edirdilər.

Odur ki, uçot dərəcəsinin aşağı olması pul bazasını genişləndirmək əvəzinə daralmasına gətirib çıxarırdı. Təsadüfi deyil ki, uçot dərəcəsi qaldırıldıqdan sonra isə məsələn, fevral ayında pul bazası 5787,4 milyon manatdan 6388,5 milyona qədər genişləndi...

Sual olunur: indi ölkənin valyuta bazarında dollar təklifini qarşılamağa və onu dəyişməyə guya, manat kütləsi yoxdurmu?! Təbii ki, var... Sadəcə olaraq, AMB bu vəziyyətdə maraqlı sayılır. Və adı çəkilən qurum bu yolla valyuta bazarına yaxın perespektivdə bu dəfə manatla intervensiya etməyi hədəf götürüb. Bunun üçün də bacardıqca daha möhkəm və daha sərt pul-kredit siyasəti yeritməyə çalışır və yeridir də...

// Aktual.az

Xəbər 9718 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR