"Azərbaycanda dini radikalizmə qarşı mübarizə bizim qarşımızda duran ən vacib vəzifələrdən biridir".
Aktual.az Trend-ə istinadən bildirir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bu gün Nizami Rayon İcra Hakimiyyətində Komitənin təşəbbüsü ilə çəkilmiş "Fitnə" sənədli filminin təqdimatı zaman çıxışında deyib.
M.Qurbanlı bildirib ki, Azərbaycanda dini radikalizmə qarşı mübarizə aparılmalıdır: "Biz dinə qarşı deyil, dini radikalizmə qarşı mübarizə aparırıq. Bəziləri dini radikalizmə qarşı mübarizəni din ilə qarışdırırlar. Azərbaycanda dövlətin dinə qarşı diqqət və qayğısı həmişə ön planda olub. Bu yaxınlarda prezidentimiz dini icmalara xeyli vəsait ayırdı, bunun özü dövlətin dinə böyük himayəsidir".
M.Qurbanlı bildirib ki, Azərbaycanda dini radikalizmə qarşı mübarizə üç istiqamətdə qurulub.
Onun sözlərinə görə, bu istiqamətlərdən birincisi ideoloji mübarizədir: "Dini radikal qrupların Azərbaycanda kök atması üçün heç bir mühit yoxdur. Bizim əxlaqi dəyərlərimiz, mədəniyyətimiz, tariximiz buna imkan vermir. Amma təəssüflər olsun ki, bunu ölkəmizə süni şəkildə gətirirlər. Ona görə də ideoloji baxımdan ciddi mübarizə aparılmalıdır".
Komitə sədri bildirib ki, dini radikalizmə qarşı mübarizədə ikinci xətt hüquq-mühafizə orqanları üzərinə düşən vəzifədir.
M.Qurbanl bildirib ki, dini radikalizmə qarşı mübarizədə üçüncü istiqamət iqtisadi sahədə olan mübarizədir: "Biz imkan verməməliyik ki, bu cür insanlar pul vəsaiti əldə edib özünü varlı kimi nümunə göstərsinlər. Onlara imkan verilməməlidir maliyyə vəsaiti əldə etsinlər və onu gəncləri öz təsir altına almaq üçün istifadə etsinlər. Biz bütün cəmiyyətin gücünü səfərbər edib bu cür qrupların, ünsürlərin Azərbaycana ayaq açmasına imkan verməməliyik. Dini radikalizm ümumbəşəri bəladır. Dini radikalizm harada inkişaf tapırsa, orada fəlakət baş verir. Bunun baş verməməsi üçün bütün cəmiyyət, dövlət qurumları birgə çalışmalıdır, dini radikalizmə arşı birgə mübarizə aparmalıdır".