"Ötən il zal nəzarətçiləri bazasından 935 nəfər müxtəlif səbəblərlə çıxarılıb. Bunlardan 286 nəfəri birbaşa imtahanla bağlıdır”.
Aktual.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Təşkilati-metodik təminat, təlimlər və regional bölmələrlə iş şöbəsinin müdiri Adıgözəl Həbibov deyib.
O bildirib ki, imtahan zalında imtahan rəhbəri tərəfindən telefon aşkarlandığına və ya özü ilə imtahan binasına telefon keçirdiyinə görə 6 zal nəzarətçisi işindən azad edilib:
"İmtahanda iştirakdan dəfələrlə imtina etdiyinə görə 346, cari ildə keçirilən imtahanlarda ağır dərəcəli köçürməyə yol verdiyinə və köçürməyə şərait yaratdığı - sual kitabçalarının, cavab kartlarının dəyişdirilməsi, konspektdən istifadəyə göz yummaq və s. - imtahan rəhbəri tərəfindən müəyyənləşdirildiyinə görə 159, cavab kartını, cavab vərəqini, sual kitabçasını, yazı işi vərəqini səhv verdiyinə görə 14, imtahan iştirakçısı imtahan zalından cavab kartını və ya cavab vərəqini və ya yazı işi vərəqini çıxarıb 10 zal nəzarətçisi işdən azad edilib”.
Şöbə müdiri qeyd edib ki, sertifikatlı zal nəzarətçiləri qayda pozuntularına daha az yol verir.
Onun sözlərinə görə, kompüter proqramı vasitəsilə müəyyən edilən köçürmə hallarının statistikası göstərir ki, nəzarətçinin imtahanda iştirak sayı, yəni təcrübəsi ilə baş verən köçürmə hallarının sayı arasında korrelyasiya mövcud deyil.
Adıgözəl Həbibov qeyd edib ki, regional bölmələri əhatə edən rayonlarda keçirilən buraxılış və qəbul imtahanlarında yol verilən qayda pozuntuları Bakı, Sumqayıt və Abşeron ərazisində keçirilən imtahanlarla müqayisədə iki dəfə çoxdur: "Ali təhsil müəssisələrinə qəbul imtahanlarının II mərhələsində əvvəlki illərin məzunlarının yerləşdirildiyi zallarda qayda pozuntularına daha çox rast gəlinir. Həmçinin, buraxılış və əvvəlki il məzunları üçün orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarında cari il məzunlarının yerləşdirildiyi zallarda da qayda pozuntuları daha çox qeydə alınır”.
Şöbə müdiri əlavə edib ki, cari ildə qəbul imtahanlarında əsasən fizika, kimya, tarix, ingilis dili, texnologiya və ibtidai sinif müəllimləri daha çox qayda pozuntularına yol veriblər.
Qeyd olunub ki, ibtidai sinif müəllimləri təkcə cari ildə deyil, 2024, 2023 və 2022-ci illərdə keçirilən qəbul və buraxılış imtahanlarında da daha çox qayda pozuntularına şərait yaradıblar.
Xəbər 58 dəfə oxunub.