2014-cü ildə Kəlbəcər rayonunda erməni işğalçıları tərəfindən girov götürülən Dilqəm Əsgərovun ailəsi yenidən Rusiya prezidenti Vladimir Putinə müraciət edəcək.
Aktual.az Azvision.az-a istinadən xəbər verir ki, bu barədə Kəlbəcər girovunun oğlu Kürdoğlu Əsgərov məlumat verib.
Girovun oğlu bildirib ki, cəbhədəki son hadisələrdən sonra ailəsi Dilqəm Əsgərovun vəziyyətindən narahatdır: “Atam Rusiya vətəndaşıdır. Onun hüquqlarını qorumaq Rusiya rəhbərliyinin borcudur. Qeyd edim ki, atam Rusiyanın Perm vilayətində rus xanımla ailə həyatı qurub. Onların nigah sənədləri də var. Onlar uzun müddət bir yerdə yaşayıblar. Əlimizdə bundan başqa atamın Rusiya vətəndaşı olmasını sübut edən sənədlər var.
Bu vaxta kimi 2 dəfə Rusiya prezidenti Vladimir Putinə yazılı şəkildə məkub göndərmişik. Daha sonra Rusiyanın Azərbaycandakı səfirliyinə üz tutduq. Səfirlikdə Dilqəm Əsgərovun atamın Rusiya vətəndaşı olduğunu, onun erməni girovluğundan azad ediləməsi ilə bağlı Rusiya rəhbərliyinin müəyyən addımasının vacibliyini bildirdik. Hələ də məktublarımıza cavab gəlməyib”.
K.Əsgərov Putinlə görüşmək istədiklərini bildirib.
Xatırladaq ki, 2014-ci ilin iyulun 11-də 3 azərbaycanlı Kəlbəcərdə girov düşüb. Şahbaz Quliyev və Dilqəm Əsgərovu girov götürən ermənilər Həsən Həsənovu qətlə yetiriblər.
Qondarma “məhkəmə”nin hökmü ilə D.Əsgərov ömürlük, Ş.Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilib.