Ana dili! Bu müqəddəs kəlam fevralın 21-i tarixini yada salır. Yarım əsr bundan əvvəl ağla gəlməyən bir olay baş verdi – Banqladeşdə ana dillərinin dövlət dili olması uğrunda mübarizəyə qalxan 9 gənc özünü həlak etdi. Ana dili uğrunda özlərini ölümə atan benqalların fədakarlığı yarım əsrdən çoxdur ki, planetdə dolaşmaqdadır. Bu səbəbdən də Ana dili barədə fikirləşəndə, dil uğrunda şəhid olmuş həmin gənclərin qəhrəmanlığı xatırlanır. Demək, 21 fevralın "Beynəlxalq Ana Dili Günü” kimi qeyd edilməsi dünya üçün tarixi bir önəm daşımaqdadır.
Yer üzündə hazırda Azərbaycan dilində danışan 50 milyondan çox adam yaşayır. Azərbaycan dili İran İslam Respublikasında yaşayan 30 milyonluq azərbaycanlının da ana dilidir. Bir neçə il bundan əvvəl İranda – Təbrizdə 7 gənc ana dillərinin hörmətlə yad edilməsini, ana dilində məktəblər açılmasını və s. tələb etdiklərinə görə gölə atıldılar, öldürüldülər.
Məlum həqiqətdir ki, Azərbaycan dili qədim və zəngin tarixə, ənənəyə, rəngarəng dil faktlarına çoxcəhətli və əhatəli üslublara malikdir. Azərbaycan xalqı və onun mənşəyi ilə bağlı bəzi dövrlərdə ziddiyyətli, saxta, həqiqətdən uzaq, qeyri-elmi tezislər səsləndirilmişdir. Bu danılmaz faktdır ki, Azərbaycan dili uzun əsrlik formalaşma dövrü keçmiş, siyasi, dini, mədəni münasibətdə olduğu xalqların dillərindən bəhrələnmiş, başqa dillərə də önəmli təsir göstərmişdir.
Azərbaycan dilinin inkişafında, beynəlxalq nüfuz qazanmasında dövlət dili statusu daşıması, siyasi-iqtisadi və ictimai amillərdən irəli gələrək həmişə öz mövqeyini möhkəmləndirməsi, bu dildən çoxlarının bəhrələnməsi və indi də istifadə etməsi, Azərbaycan dilinin Azərbaycan türklərinin ana dili olması ilə yanaşı, respublikamızda yaşayan digər etnosların da ikinci ana dili kimi istifadə etməsi və bir sıra digər amillər rol oynamışdır.
Respublikada dil siyasətinin formalaşdırılması, ana dilinin dövlət dili kimi tətbiqi işinin təkmilləşdirilməsi və dünya azərbaycanlılarının ünsiyyət vasitəsinə çevrilərək milli həmrəyliyin göstəricisi kimi beynəlxalq aləmdə rolu və nüfuzunun yüksəlməsi Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdır. Heydər Əliyev hələ sovet dövründə mərkəzin ciddi müqavimətinə baxmayaraq, respublikamızda Azərbaycan dilinin dövlət dili statusunun 1978-ci il Konstitusiyasında əks olunmasına nail ola bilmişdi. Müstəqil Azərbaycan dövlətinin ulu öndərin rəhbərliyi ilə hazırlanmış və qəbul edilmiş yeni Konstitusiyasında isə dövlət dili haqqında ayrıca bənd verilmişdir.
Azərbaycan dilinin hərtərəfli və dərin müşahidələr əsasında elmi cəhətdən tədqiqinə son yüzillikdə başlanılmışdır. Dünyada dil siyasəti və dil situasiyasının tədqiqinə hələ 60-70-ci illərdən başlanmış, bu günə kimi ciddi araşdırmalar ortaya qoyulmuş və uzun inkişaf yolu keçmişdir. Tədqiqatların əsas xətti dil siyasəti modellərinin təsviri, demoqrafik və siyasi vəziyyəti nəzərə alaraq ölkədə fəaliyyət göstərən müxtəlif dillər, dillərin qorunması, dil hüquqları, rəsmi dil, dillərin qarşılıqlı təsiri və inkişaf etdirilməsi, dil mühiti və s. üzrə aparılır. Dilçiliyin bir çox digər sahələrindən fərqli olaraq, dil siyasəti ilə bağlı tədqiqatların nəzəri əsaslarını müəyyən etmək asan deyil. Dil siyasətinin tədqiqat obyektlərinə ümumi sistem çərçivəsində yanaşmaq mümkün deyil. Doğrudur bu sahəni daha çox sosial dilçiliyin tərkibinə aid edirlər, ancaq dilçiliyin digər sahələri ilə də sıx bağlılıq mövcuddur.
Tədqiqatçılar da təsdiq edir ki, bu sahədə ümumi bir nəzəriyyə mövcud deyil. Əlbəttə, bu da təbii olaraq dil problemlərinin çoxluğundan, müxtəlifliyindən, dəyişkənliyindən doğan problemlərlə bağlıdır. Bir sözlə, dil siyasətinin əsas hədəfi dil problemlərinin həllinə yönəlir. Eyni zamanda, dil problemlərinin daim mövcudluğu nəzərə alınaraq, bu problemlərin aşkar edilməsi də dil siyasətinin vəzifəsidir.
Dövlət dilinin hazırlanması və qəbulu zərurəti müasir dünyada, o cümlədən ölkəmizdə yaranmış dil situasiyası ilə bağlıdır.
Dil situasiyası – həyatın, varlığın formasıdır, cəmidir, burada ərazi-sosial münasibətlər və funksional əlaqələr, coğrafi-regional, yaxud siyasi-administrativ əlamətlər əsas yer tutur. Bu baxımdan dil situasiyası sosiolinqvistikanın predmetidir. Sosial-kommunikativ sistemin komponentləri arasındakı funksional münasibətlər dil situasiyasını formalaşdırır. Dil situasiyası anlayışı adətən böyük dil cəmiyyətlərində- ölkə, region və respublikalarda dəyişkən xarakter daşıyır.
Dil situasiyası bir sıra sosial problemlərlə üzləşir. Məsələn, qloballaşma kimi bir hadisə dilə öz təsirini göstərir. Qərbin hegemonluğu nəticəsində ingilis dilindən müasir Azərbaycan dilinə keçən sözlərin şəbəkəsi genişlənir. Azərbaycan dilinin lüğət tərkibində həyat sferasına uyğun dəyişmə baş verir.
Dil situasiyası çoxaspektli və çoxəhatəli tipoloji əlamətlərə malikdir: dil müxtəlifliyi bir qədər (birkomponentlilik, çoxkomponentlilik), etnik müxtəliflik (eynitipli dillər), demoqrafik tarazlıq, kommunikativ güc (eynitarazlıq), kommunikativ sferanın faizi; genetik müxtəliflik (genetik yaxınlığın dərəcələri), tipoloji müxtəliflik, funksional bölgü və prestij.
Azərbaycanda dil situasiyasının tarixi mərhələləri hələ də öyrənilməmişdir. Müasir Azərbaycanda dil situasiyası o qədər də sadə deyil. Rus dilinin işləkliyi bir qədər azalsa da, yenə də dövlət idarələrində rus təhsillilər fəaliyyət göstərir. Hazırda Azərbaycan mühitində dil situasiyası amili kimi ingilis və türk dilləri də iştirak edir. Sanki bəzən dilimiz ingilis dilinin "yedəyində gedir”. Fərdi ikidillilik Azərbaycanda, əvvəlki dövrlərdə olduğu kimi kütləvi xarakter daşımır. Dil situasiyasının aspektləri də ölkədə dəyişdirilmişdir.
Hər keçən gün informasiya texnologiyalarının sürətli inkişafı, dünyada informasiya kütləsinin və sürətinin artması, aparıcı dillərin bu informasiya kütləsində hakim mövqedə dayanması dilimizin dayanıqlılığının artırılmasını vacib şərtə çevirir. Eyni zamanda, rus dilinin dilimizə təsiri hələ də hiss edilməkdədir. Xarici dillərə marağın artması, Türkiyə türkcəsindən qarşılığı olduğu halda söz almağımız və kütləvi şəkildə ədəbi danışıqda işlədilməsi və bu kimi faktlar Azərbaycanda dil situasiyasının aydın mənzərəsidir. Biz ölkədə Azərbaycan dili əsasında sabitləşmiş dil situasiyasını tam bərqərar etməliyik.
Bu gün dünyada 50 milyondan çox soydaşımızın olduğunu nəzərə alsaq, dilimizin həmrəyliyimiz üçün nə qədər mühüm bir əhəmiyyətə malik olması müqayisəedilməzdir.
Müasir dünyada gedən qloballaşma prosesləri şəraitində Azərbaycan dilinin işləkliyinin təmin edilməsi, saflığının qorunması, tədqiqinin dərinləşdirilməsi bizim əsas qayəmizdir.
Cahid İSMAYILOĞLU,
AMEA Nəsimi adına Dilçilik İnstitutunun elmi işçisi,
filologiya üzrə fəlsəfə doktoru