Milliyyətçi Hərəkat Partiyasının (MHP) Ankarada keçirilən qurultayında hazırkı sədr Devlet Bahçeli yenidən partiyanın lideri seçilib.
APA-nın Ankaraya ezam olunmuş Türkiyə müxbiri xəbər verir ki, seçki komissiyasının elan etdiyi nəticəyə görə, seçkidə 1160 nəfər səs verib, 1149 səs legitim sayılıb. Devlet Bahçeli 1149 səslə yenidən MHP sədri seçilib.
Qeyd edək ki, Devlet Bahçeli 1997-ci ildən bəri MHP-nin sədridir.
1948-ci ildə Osmaniyyə vilayətində anadan olan Devlet Bahçeli, bölgədə nüfuzu olan Fəttahoğlu əşirətinə mənsub bir ailənin övladıdır. İqtisadiyyat sahəsində ali təhsil almış Bahçeli tələbəlik illərindən milliyyətçi hərəkatın fəal nümayəndələrindən olub. Universitetdə assistentkən baş verən 1980-ci il hərbi çevrilişindən sonra milliyyətçi hərəkatın özünü yenidən toplamasında fəal rol oynayaraq Alparslan Türkeşə ən yaxın simalardan biri olub. 4 aprel 1997-ci ildə Alparslan Türkeşin vəfatından sonra keçirilən qurultayda Alparslan Türkeşin oğlu Tuğrul ilə girdiyi liderlik yarışında qalib gəlib. 18 aprel 1999-cu ildəki bələdiyyə və məclis seçkilərinə Devlet Bahçelinin liderliyində girən MHP tarixində ilk dəfə 18% səs alaraq ikinci yeri tutub və Demokratik Sol Partiyasının lideri Bülent Ecevitin qurduğu hökumətə MHP də daxil olub. Devlet Bahçeli hökumətdə baş nazirin müavini vəzifəsinə təyin edilib.
3 noyabr 2002-ci ildə keçirilən seçkidə MHP 10%-lik ölkə baryerini keçə bilməyərək Məclisdən kənarda qalıb. 22 iyul 2007-ci ildə 71 millət vəkiliylə Məclisə qayıdan MHP 12 iyun 2011-ci ildəki seçkidə isə 53 millət vəkili mandatı qazana bilib.
30 mart 2014-cü ildə keçirilmiş bələdiyyə seçkisində MHP 2 milyon artıq səs alsa da, 10 avqust 2014-cü ildə keçirilmiş seçkidə partiyanın 2 milyon səsi AKP-nin prezidentliyə namizədinə gedib.
***
saat 15.16
Ankara. Mayis Əlizadə - APA. Ankarada Milliyyətçi Hərəkat Partiyasının (MHP) XI qurultayı keçirilir.
APA-nın Türkiyə müxbiri xəbər verir ki, qurultayın açılışında çıxış edən MHP sədrinin təşkilatlara cavabdeh müavini Şefkat Çetin, qurultayın idarə edilməsi üçün Nizamnaməyə görə, Başqanlıq divanı təşkil edilməsinin gərəkli olduğunu açıqlayıb.
Şefkat Çetin, qurultayın Başqanlıq divanına sədrin müavini Səmih Yalçının namizədliyini təklif edib, təklif yekdilliklə qəbul edilib.
“Bu gün MHP adına önəmli bir gündür. Burada yaranmış sinerjini 7 iyundakı seçkidə ifadə etmək ən böyük arzumuzdur” deyən S. Yalçın sözü MHP sədrliyinə namizəd Devlet Bahçeliyə verib.
Qurultaydakı çıxışına “Türkün bahar bayramında yenidən doğuş məqsədiylə birik və birlikdəyik. Əziz millətimin və sizlərin Novruz bayramını təbrik edirəm. Qucaqlaşmaq və qərarlılığımızı göstərmək üçün buradayıq” sözləriylə başlayan Devlet Bahçeli Türk-islam aləminin qurultay salonundan veriləcək mesajlara kilidləndiyini vurğulayıb.
Hökumətin iqtisadi siyasətini tənqid edən MHP lideri Bahçeli “Bizimlə yürü, Türkiyə!”- deyə sözlərini davam etdirib.
Bir neçə gün əvvəl Çanaqqala zəfərinin qeyd olunduğuna diqqət çəkən MHP lideri Çanaqqala savaşlarında Türklərin qazandığı qələbəni “Türklüyün dünyaya veriləcək güzəşt və torpaqların artıq olmadığını o savaş göstərmişdir” - sözləriylə xarakterizə edib.
Devlet Bahçeli, baş nazir Ahmet Davutoğlunun AKP-ni Dədə Qorqudla müqayisə etməsini də sərt şəkildə tənqid edib. “Türkmən elinə laqeyd qalmaq, Türkmən qardaşlarımızın problemlərinə qulaq tıxamaq vəfasızlıqdır. Biz Balkanları, Azərbaycanı, Qafqazı, Orta Asiyanı, Sibiri unutsaq, Allah bizi əfv etməz” - deyə MHP lideri vurğulayıb.
Novruz bayramının Türk mədəniyyət coğrafiyasının birlik, dostluq, bərəkət və bolluq simvolu olduğuna diqqəti cəlb edən Devlet Bahçeli “Türk milləti Novruz günü dəmir dağları əridərək Ergenokondan çıxıb. Novruz qucaqlaşaraq birlik və bərabərlik olmağın günüdür. Elə isə bəzi qüvvələr Novruzu bölücülüyün simvolu halına gətirməyə çalışırlar. Biz birlik üçün çalışırıq, onlar isə bölməyə cəhd göstərirlər. Bunu bilin ki, Türkiyənin gələcəyini təhlükəyə atmağa çalışanlar yandırdıqları alovun içində yanıb kül olacaqlar. Bu gün salonda yandırılan alov Türk millətinin 1000 illik qardaşlıq tarixinin simvoludur” - deyə sözlərinə davam edib.
PKK terror təşkilatının silahı buraxmadığını və silahdan vaz keçmədiyini deyən Devlet Bahçeli Türk ordusunun terrora qarşı silahlı mübarizədən çəkilməsini də yeni siyasətin bir hissəsi kimi xarakterizə edib. MHP lideri “açılım prosesi”ndə müşahidəçilik edəcək olan alim-jurnalist-yazar və aktyorları də sərt tənqidə məruz qoyub.
MHP lideri Bahçeli “Əli qanlı qatillər kürd mənşəli qardaşlarımın təmsilçisi ola bilməz. Bölücü xainlər gözləyir deyə, Türkiyə bir neçə yerə parçalanmayacaq, buna kürd mənşəli qardaşlarım da imkan verməyəcək. Ona görə də heç kim boş xəyalların dalınca getməməlidir. Türkiyəni bölmək üçün yola çıxanlara buradan xəbərdarlıq edirəm: özümüzü məsuliyyətli apardığımıza görə, bizi zəif sanmayın. Bizdə bölünəcək ölkə yoxdur, bizdə yıxılacaq dövlət yoxdur, bizdə parçalanacaq ölkə yoxdur. MHP bu ölkənin birlik və bütövlüyünün daim parlayacaq ulduzudur” söyləyib.
D. Bahçeli “Kitabi-Dədə Qorqud” dastanından alaraq bəzi fraqmentlər əlavə etdiyi dua ilə MHP-nin XI qurultayındakı çıxışını bitirib. MHP lideri daha sonra Türklərin mifoloji-tarixi rituallarından biri olan dəmir döymə ritualını gerçəkləşdirib.