“Azərbaycan sürətlə inkişaf edən, iqtisadi inkişaf səviyyəsinə görə, dünyanın qabaqcıl dövlətlərini geridə qoyan bir dövlətdir. Biz Avropanın iqtisadi böhranla çarpışdığı dövrlərdə belə iqtisadi inkişafımızı gücləndirmişik”.
Bu sözləri Aktual.az-a danışan “İki Sahil” qəzetinin baş redaktoru, YAP Siyasi Şurasının üzvü Vüqar Rəhimzadə söyləyib.
Onun sözlərinə görə, manatın yenidən devalyasiyası ilə bağlı söhbətlər uydurmadır:
“Bu uydurmaları müxalifət mətbuatı yayır. Cəmiyyəti təşviş altında saxlamağa və guya Azərbaycanda iqtisadi problemlər yaranacağı qənaətini formalaşdırmağa çalışırlar. Heç şübhəsiz bu fəaliyyət üçün bəlli dairələrdən, o cümlədən erməni lobbisinin maliyyələşdirdiyi beynəlxalq təşkilatlardan pul alırlar. Onlar üçün fərqi yoxdur, əsas daha çox pul qazanmaları, gəlir əldə etmələridir. İndi də rəy yaratmağa çalışırlar ki, guya manat yenidən devalyasiyaya məruz qalacaq, əhali kasıblaşayacaq. Amma cəmiyyətimiz bu qüvvələri yaxşı tanıyır və onların hansı məzhəbə qulluq etdiyini də gözəl bilir. Hər kəs bilir ki, Azərbaycan dayanıqlı iqtisadi göstəricilərə malikdir və ölkəmiz bundan sonra da uğurlu inkişaf edəcək”.
Adnan/Aktual.az