Aktual.az El Tv-yə istinadən (Region Tv) xəbər verir ki, məktəblərdə tibb kabinetlərinin fəaliyyəti əsas şərtlərdən olsa da təhsil ocaqlarının əksəriyyətində şagirdlərə ilkin yardım göstərmək üçün şərait yoxdur.
Araşdırmalarımız nəticəsində məlum oldu ki, Bərdə rayonundakı 74 məktəbdən ikisində, Ağsuda 69 məktəbdən beşində, İmişlidə 62 məktəbdən səkkizində, Kürdəmirdə 58 məktəbdən on üçündə, Göyçayda 57 məktəbdən iyirmi birində tibb otağı var. Saatlıda 49 məktəbdən heç birində tibb kabineti yoxdur. Ağdaşda 68 ümumtəhsil məktəbinin bir neçəsində tibb otağı yaradılıb. 20 ildir belə məktəblərdən birində tibb bacısı kimi çalışan Təranə Şirinova deyir ki, təhsil ocağında tibb kabinetlərinin fəaliyyəti şagirdlərin səhhətində yaranan problemləri vaxtında aradan qaldırmağa imkan verir. Uşaqlar həftədə bir dəfə tibbi yoxlanışdan keçir. “Uşaqların qızdırması olur, yıxılır, qolu-başı zədələnən olur, dişi ağrıyan olur. Çox müraciət edirlər. Hər həftənin birinci günləri siniflərdə oluruq, başlarına, dırnaqlarına nəzarət edirik” deyə tibb bacısı Təranə Şirinova bildirib.
Şagirdlər də bildirilər ki, dərs zamanı sağlamlıqlarında problem yarandıqda onların köməyinə ilk gələnlər elə belə tibb bacıları olur. “Dərs vaxtı idi, birdən başım ağrımağa başladı. Müəllimim məni tibb bacısının yanına gətirdi, o mənə dərman verdi, indi özümü yaxşı hiss edirəm” deyə şagird Ləman Osmanova vurğulayıb.
Ağdaş rayon Təhsil Şöbəsindən isə bildirirlər ki, bütün məktəblərdə tibb kabinetləri olmasa da, rayon Mərkəzi Xəstəxanası tərəfindən əksər təhsil müəssisələri tibb şkafları və lazımi dərman perparatları ilə təchiz olunub. “Kəndlərdə ambulator tibb məntəqələri fəaliyyət göstərir, həmin sahələrdə səhiyyə şöbəsinin xüsusi əmrinə, göstərişinə əsasən məktəbdə tibb şkafları təşkil ediblər və uşaqlara ilkin tibbi yardım göstərirlər” deyə Ağdaş rayon Təhsil Şöbəsinin müdiri Hürü Əliyeva bildirib.
Təhsil Nazirliyindən bildirirlər ki, hələlik ölkə üzrə bütün məktəblərdə tibb kabinetlərini formalaşdırmaq mümkün olmayıb. Hazırda əsaslı və yeni təmir olunan məktəblərin əksəriyyətində tibb otaqları var. Gələcəkdə isə tibb kabinetlərinin formalaşdırıldığı məktəblərin sayının artırılması planlaşdırılır.