“Deputatların sayı 151-ə qaldırılmalı, nazirliklərin sayı 11-ə endirilməlidir” – MÜSAHİBƏ

“Deputatların sayı 151-ə qaldırılmalı, nazirliklərin sayı 11-ə endirilməlidir” – MÜSAHİBƏ

Qüdrət Həsənquliyev: "Rusiya ilə münasibətlərdə son dərəcə həssas olmaq lazımdır”

"Mən nə Qərbi azərbaycanlıların, nə də ermənilərin qayıtmasının tərəfdarıyam”

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini, Ədalət, Hüquq və Demokraiya Partiyasının (ƏHDP) sədri Qüdrət Həsənquliyev Modern.az saytının redaksiyasında qonaq olub. O, növbədənkənar prezident seçkiləri, parlament seçkiləri, müxalifət partiyaları və digər mövzularda suallarımızı cavablandırıb.

Aktual.az deputatla söhbəti təqdim edir.

YENİ FORMALAŞCAQ PARLAMENT 5 İL FƏALİYYƏT GÖSTƏRƏ BİLMƏYƏCƏK

– Qüdrət bəy, iki ay öncə ölkədə prezident seçkiləri keçirildi. Seçkilərdə siz də dördüncü dəfə namizəd olaraq mübarizə aparırdınız. Bu proses sizin üçün necə keçdi?
– Prezident seçkilərində bizim o qədər böyük illüziyalarımız yox idi, amma böyük əzmlə mübarizə apardıq. Seçkiləri biz şans hesab edirik, çünki ictimaiyyətin diqqətini cəlb edə bilirik. Aşağı nəticə yığmağımıza baxmayaraq, iştirak etməyimizə peşman deyilik. Qazancımız bu oldu ki, proseslərdə aktiv iştirak etməklə xarici dairələrin əlində alətə çevrilmiş insanların pozuculuq siyasətini minimuma endirdik. Bu da bizim üçün son dərəcə vacib idi. Mən düşünürəm ki, seçkilərdə qalib gəlməsək də, partiya olaraq iştirak etməliyik. Ona görə ki, biz demokratik partiyayıq. Seçkilər də bizim üçün sakit keçdi, hər hansı problem yaşanmadı.
– Növbəti prezident seçkiləri haqqında nə düşünürsünüz?
– Növbəti prezident seçkilərinə hələ çox var. Mən düşünmürəm ki, hakim partiyanın iqtidarda olduğu dövrdə parlamentli respublika formasına keçilsin. Bir neçə aydan sonra parlament seçkiləri olmalıdır. Amma yeni formalaşacaq parlamentin də beş il fəaliyyət göstərəcəyini düşünmürəm. Çünki ölkədə köklü Konstitusiya islahatları aparılmalıdır. Biz çatdıra bilmədik, amma referendum keçirilməlidir. Yeni Konstitusiyada da parlamentin rolu artırılmalı, deputatların sayı çoxaldılmalıdır. Deputatların sayını ən azı 151 etmək olar. Hesab edirəm ki, yay aylarında yeni parlamentin formalaşmasından sonra 2025-ci ilin sonlarında və yaxud 2026-ci ilin əvvəlində yeni Konstitusiya qəbul olunmalıdır.

MÜSAVAT PARTİYASININ ADININ BƏRPA OLUNMASI YADDAŞLARDAKI MÜSAVATI GÖZDƏN SALDI

– Bir müddət əvvəl sədri olduğunuz Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) adı dəyişdirilərək, Ədalət, Hüquq və Demokratiya Partiyası (ƏHDP) adlandırıldı. Bununla da "xalq cəbhəsi” adından imtina etmiş sayılırsınız. Partiyanızın adının dəyişdirilməsinin zərurəti nə idi?

– 1989-cu ildə Xalq Cəbhəsi yaradılanda əsas hədəf Qarabağ hərəkatı idi. Hər kəs bu şuarla küçələrə axışırdı. Bakı Dövlət Universitetinin ilk mitinq iştirakçılarından biri elə mən idim. Burada ilk kütləviliyi də yaradan elə hökumət olmuşdu. Görürdük ki, fəal şəxsləri qabağa verib insanları ayağa qaldırırdılar. Amma Rusiyanın ciddi təzyiqləri ilə üzləşən zaman bu hərəkat milli azadlığa çevrildi. AXC yarananda da əsas hədəf Azərbaycanın ərazi bütövlüyünü saxlamaq idi. Adı da Baltikyanı ölkələrdən götürmüşdük, düşmənə qarşı cəbhələnmişdik. Biz bu proses zamanı elə oldu ki, birinci dövlət müstəqilliyini bərpa edə bildik, halbuki Qarabağ öncəlik idi. Amma indi göründüyü kimi, hədəfə çatılıb. İlham Əliyevin qələbəsi ilə bu missiya başa çatmış oldu. Yəni AXC yox, YAP bu missiyanı başa çatdırdı.
Bundan sonra əsas məqsəd isə demokratiyanın inkişaf etdirilməsi olmalıdır. Biz "xalq cəbhəsi” adından imtina etməklə bir nümunə göstərdik ki, AXC-nin buraxdığı bütün səhvlərə baxmayaraq o bizim şərəfli tariximizdir. Ona görə də bu adın tarix olaraq qalmasının tərəfdarıyıq. Məsələn, Müsavat Partiyasının yenidən bərpa olunması nə qədər yanlış idi, o zaman da mən bunun əleyhinə olmuşdum. Bu ad tarixdə qalmalı idi. Bəzi şeylərdən imtina etməyi bacarmaq lazımdır. Biz bu addan imtina edəndə də bizə qarşı gələnlər oldu. Amma biz digərlərinə nümunə göstərərək bu addan imtina etdik.

– Bəs partiyanın Qarabağ şöbəsini yaratmağı düşünürsünüz?

– Əlbəttə, biz bu barədə düşünürük. Bizim artıq Laçın şöbəmiz var. Vətəndaşların Qarabağa köçürülməsini təmin etdikcə, bu proses daha da sürətlənəcək. Xankəndidə də şöbəmizin olmasını istəyirik. Amma bilirisiniz ki, vətəndaşların Xankəndiyə köçürülməsi prosessi yubadılır, biz bunun əleyhinəyik. Çünki bu proses yubadıldıqca, ermənilərdə bir ümid artacaq, xaricdən təzyiqlar olacaq. Biz təklif edirik ki, Qərbi azərbaycanlılar da Xankəndiyə köçürülsün. Nə vaxt ki, Ermənistan tərəfi onların hüquqlarını orada bərpa edər, onda bizimkilər ora gedərlər, ermənilər də bura qayıtmaq istəsələr, qayıdarlar. Amma bildirim ki, kompakt yaşayış olarsa, bu münaqişə əbədi davam edəcək. Ona görə də mən nə Qərbi azərbaycanlıların, nə də ermənilərin qayıtmasının tərəfdarıyam. Əminəm ki, onlar da qayıtmaq istəməyəcək. Amma mən Qərbi Azərbaycan icmasının tərəfdarıyam, onların mübarizəsi üçün bu, lazımdır.

– Qüdrət bəy, yaxın zamanlarda parlament seçkilərinin keçirilməsi gözlənilir. Partiyanız parlament seçkilərinə necə hazırlaşır?

– Partiyamız seçkilərdən yeni çıxdığına görə demək olar ki, tam hazırdı. Əslində seçki nə qədər tez olarsa, o qədər yaxşıdır. İnsanlar tam seçkilərə köklənib. Parlament seçkiləri bu yaxınlarda olacaq, çox ümid edirik ki, parlamentdə yerlərimizi artıraq. Başqa partiyalarla danışıqlar aparacağıq ki, seçkilərə blok halında girək. Bununla bağlı təcrübələr var. Bu dəfə ən azı fraksiya yaratmağı hədəfləyirik.
– Budəfəki seçkilərdə namizədliyinizi hansı dairədən irəli sürməyi düşünürsünüz? İndiyə qədər parlament seçkiləri zamanı müxtəlif məntəqələrdən (Goranboy, İsmayıllı, Ordubad, Culfa, Xətai) seçilmisiniz. Tez-tez seçki dairəsi dəyişməyinizə səbəb nə idi?
– İsmayıllıdan seçiləndə mən Mərkəzi Seçki Komissiyasının katibi idim. Həmin vaxt oradan seçilən deputat icra başçısı təyin olunmuşdu. Yer boş idi deyə, namizədliyimi oradan irəli sürdüm. Goranboydan namizəd olmazdan öncə çox düşündük ki, bizim üçün ən uyğun yer hara ola bilər? Belə qərara gəldik ki, Goranboydan seçilmək mənim üçün daha asan olar. Sonra Naxçıvandan deputat seildim. Sonrakı illərdə bilirdim ki, Naxçıvanda elə adamlarla qarşılaşacam ki, onları məğlub etmək çətinlik yaradacaq. Digər tərəfdən, Naxçıvanda yerli idarəçiliklə mənim çox ciddi problemlərim olmuşdu. Ona görə də mən Naxçıvandan sonrakı illərdə namizədliyimi irəli sürmədim. Daha sonra namizədliyimi Xətaidən irəli sürdüm. Yenə də oradan davam etməyi planlaşdırıram.
– Son zamanlar belə məlumat yayılır ki, Müsavat Partiyasının keçmiş başqanı İsa Qəmbər yenidən rəhbərliyə qayıdacaq. Siz necə düşünürsünüz, İsa Qəmbərin qayıtmasına zərurət varmı?
– Tramp da yenidən prezident seçilmək istəyir. İnsanların hüquqları var, istəyirlərsə, seçilə bilərlər. Amma partiya sədrliyindən imtina edib, yenidən geri qayıtmaq düzgün deyil. O vaxt geri qayıdıla bilər ki, buna ehtiyac var. Mən düşünmürəm ki, indi Müsavatın buna ehtiyacı var. İsa Qəmbər gəlib partiyanı Arif Hacılıdan yaxşı idarə edəcək? Qətiyyən belə düşünmürəm. Eyni zamanda düşünürəm ki, Müsavatın adına da yenidən baxılmalıdır, bu ad tarixdə qalmalıdır. İndiki Müsavata görə tarixi Müsavata da yaxşı baxmırlar.

ƏLİ KƏRİMLİ SİFARİŞ ALIB, GƏNCLƏRİ DÖYDÜRÜB QORXUTMAQ İSTƏYİR

– Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) mitinq keçirmək üçün müraciət edib. Siz bu barədə nə düşünürsünüz, mitinqə ehtiyac varmı?
– Qətiyyən, hazırda mitinqə ehtiyac yoxdur. İlk növbədə cəmiyyətdə mitinq ab-havası yoxdur. Prezident seçkiləri olur, hakimiyyət partiyası daha da güclənib çıxır, amma sən mitinq keçirmirsən, indi edirsən? Prezident seçkilərini seyr edir, indi kimdənsə sifariş alıb mitinq keçirirlər. Yeni həbslər də olmayıb ki, yenə nəsə başa düşülsün. Amma xatırlayırsınızsa, axırıncı parlament seçkilərindən əvvəl də onlar mitinq keçirmişdilər. Seçkiqabağı yenə gəncləri döydürüb qorxutmaq istəyirlər. Digər tərəfdən, qonşu ölkələrlə gərgin münasibətlər zamanında ölkəni daxildən tərpətmək lazım deyil. İndi Paşinyan kimi Əli Kərimli də bilmir ki, oxusun, yoxsa oxumasın. Ona görə də inanmıram ki, cəmiyyət mitinqə dəstək versin.

– Qüdrət bəy, parlamentdə müzakirələr zamanı ölkəmizin adının dəyişdirilərək "Şimali Azərbaycan Respublikası”na çevrilməsi təklifi ilə çıxış etmişdiniz. Hələ də o fikirdəsiniz?
– Biz parçalanmış xalqıq. Bütün dünya bilməlidir ki, 200 il əvvəl Azərbaycan torpaqları İran rejimi tərəfindən işğal olunub. Bunu müstəqillik qazanan zaman etməli idik. Deyirlər ki, İran buna etiraz edəcək. İranın işğalında Qərbi, Şərqi Azərbaycan əraziləri var. Niyə Şimali Azərbaycan olmasın? O vaxt İrandan qorxmayıb Azərbaycan kimi dövlət yaradıldı, indi qorxulacaq? Biz bunu etməliyik və ölkə də parlamentli sistemə keçilməlidir. Dünyaya da elan edilməlidir ki, biz parçalanmış xalqıq.
– Milli Məclisin iclasında Əli Əsədovun Baş nazir təyin edilməsi məsələsi müzakirəyə çıxarılarkən onun əleyhinə səs verən yeganə deputat idiniz. Səbəb nə idi?
– Bu, Baş nazirin şəxsiyyəti ilə bağlı deyil, bir neçə dəfə dilə gətirmişəm. Ümumiyyətlə, hökumətin fəaliyyətini qeyri-qənaətbəxş sayıram. Düşünürəm ki, daha çox işlər görülməlidir. Hüquqi, siyasi islahatlar aparılmalıdır. Mən onları müdafiə edəcəyəmsə, niyə müxalifət oluram?
– İslahatlarlardan söz düşmüşkən, ölkədə regional və hüquqi islahatlarla bağlı təklifləriniz nələrdir?

– Azərbaycanda dövlət aparatı həddindən artıq şişib. O qədər orqanlar yaradılır ki, hamısı da büdcədən maliyyələşir. Onların çoxunu birləşdirmək lazımdır. Nazirliklərin sayını 11-ə endirmək lazımdır. Düşünürəm ki, az məmur saxlamaq, amma çox məvacib vermək lazımdır. Məmurlar başqa pul qazanmaq haqqında düşünməli deyil. Məmur çox olarsa, rüşvət də çox olar. Belə mühitdə də inkişafdan söz gedə bilməz. Digər tərəfdən, mən təklif etmişəm ki, Azərbaycanda 15 iqtisadi rayon yetərlidir. Bu qədər rayonun olmasına nə gərək var? Bununla bərabər, regionlara böyük səlahiyyətlər verilməlidir. Məhkəmə islahatları ilə bağlı isə deyə bilərəm ki, hakimlərin ömürlük təyin olunmasının tərəfdarıyam. Maddi təminatları yüksəldilməlidir, indiki reallıqda hakim 10 min manatdan aşağı maaş almalı deyil. Bu sahəni də hər zaman diqqətdə saxlamaq lazımdır. Bir dəfə mən Gəncədəki hakimə süründürməçiliklə bağlı zəng etmişdim, məni şantaj etdi ki, Qüdrət Həsənquliyev niyə zəng vurur? İstəyirlər ki, onlara heç kim toxunmasın.
Eyni zamanda Azərbaycanda hakim və vəkillərin də sayı azdır. Demək olar ki, Avropa standartlarına uyğun gəlmir.

– Qüdrət bəy, bilirsiniz ki, 2020-ci ilin noyabrın əldə olunan razılığa görə, Rusiya sülhməramlıları ölkədən növbəti il çıxarılmalı idi. Amma son məlumatlara görə, bu proses sürətləndirilir. Sizcə, sülhməramlıların ölkədən çıxarılması tezləşdirilməli idi?

– Anlaşmalara sadiq qalmaq lazımdır. Biz Qarabağda ona görə az itki ilə qalib gələ bildik ki, Rusiya öz neytrallığını qoruyub saxlamışdı. Rusiya ilə münasibətlərdə son dərəcə həssas olmaq lazımdır. Rusiya hiss etməli deyil ki, onun regionda varlığına son qoyulur. O, özünün burada iştirakını hərbi bazalarda görməli deyil. İmzalanan, eyni zamanda imzalanmayıb cəmiyyətə açıqlanmayan razılıqlar var. Çıxarılması məsələsi ləngisə belə, mən burada təhlükə görmürəm. İki ölkə arasında münasibətlərə zərbə vurmaq istəyən qüvvələr var. Amma bilmək lazımdır ki, Rusiya bizim böyük qonşumuzdur. (Müsahibə Rusiya sülhməramlılarının Qarabağə tərk etmələrinin rəsmi təsdiqini tapmazdan öncə götürülüb-red.)

– Şəxsi həyatınız və tərzinizlə bağlı suallar vermək istərdik. Övladlarınızın sizin kimi siyasətçi olmağını istəyərdinizmi?

– Şəxsi həyatımla bağlı suallara cavab verməyi xoşlamıram. Amma bir oğlum, bir qızım var. Heç biri siyasətə maraq göstərmir. Başqa ixtisaslara yiyələniblər, Londonda təhsil alıblar.

– Boş vaxtınızı necə dəyərləndirirsiniz? Bir siyasətçi olaraq boş zamanlarınızda necə filmə baxır, hansı musiqiyə qulaq asırsınız?
– Boş vaxtım az olur. Əsasən partiyanın işləri ilə məşğul oluram və ya dostlarımla görüşürəm. Yaxud da dünyada baş verən hadisələri izləyirəm. Bəzən isə filmlərə baxıram. Xüsusən tarixi, dedektiv filmləri xoşlayıram. Filmlərə adətən ingillis dilində baxıram ki, dili istifadə edə bilim. İdmanla əvvlər çox məşğul olmuşam, amma indi vaxtım olmur. Hərdən evdə üzgüçülük və yüngül gimnastika ilə məşğul oluram. Futbol oynamağı isə çox sevirdim, hətta Milli Məclisin futbol komandasında da oynayırdıq.
Musiqi zövqüm isə yaş artdıqca dəyişir. Əvvəllər xalq mahnılarına daha çox qulaq asırdımsa, indi klassikaya daha çox üstünlük verirəm.

Xəbər 770 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR