Siyasi Partiyaların cəmiyyətdəki rolu əlbət, danılmazdır və onların fəaliyyətini, insanların bu təsisatlara etimadını şərtləndirən əsas amillərdən biri də heç şübhəsiz ki, həmin Partiyaların həssas məqamlarda, xüsusən milli məsələlərdə hansı mövqe sərgiləməsidir.
Niyə bu məsələni məxsusi qeyd edirəm? - Ona görə ki, Azərbaycanda siyasi partiya anlayışını hələ də düzgün əxz etməyənlər və yarandığı, ərsəyə gəldiyi gündən "siyasi mübarizə fəlsəfəsi”ni yanlışca qavrayanlar var.
Hər halda belə olmasaydı, həmin qüvvələr sivil münasibətlərə meyl edərdilər, dialoq təşəbbüslərinə qarşılıq verərdilər, ümummilli bəyanatlara imza atardılar.
Ən əsası: anti - milli və destruktiv fəaliyyətdə bulunmazdılar...
***
Dünən radikallardan birinin statusunu oxudum. Yekə və çox əndrabadi bir yazı paylaşmışdı. Məzmun da, məram da təxminən bu idi ki, demə bəs bunlar Vətən Müharibəsində filan - filan işləri görübmüşlər, fədakarlıq edibmişlər, hamıdan öndə olubmuşlar.
Eyvah!
Əgər fədakarlıq...5 il əvvəl "Azərbaycanın müharibə aparmağa gücü çatmaz” fikirlərini tirajlamaqdırsa, döyüşlərin ən qızğın vaxtında düşmən mediasının manşetləri üçün "materiallar” verməkdirsə, ölkəmizə qənim kəsilən bütün qüvvələrə donoslar ötürməkdirsə, erməni, fransız əlinə oynamaqdırsa, xaricdən idarə olunmaqdırsa, şvabekimilərin pulu ilə qidalanmaqdırsa, Şuşanın, Laçının işğaldan azad olunmasına sevinməməkdirsə, o zaman görəsən namərdlik, xainlik, casusluq necə olur, a bəy?
30 il gileylənməkmi olar? 30 il monitor qarşısında deyinməkmi olar? 30 il "siyasi keşiş” həyatı yaşamaqmı olar? 30 il özünü aldatmaq, boş - boşuna lovğalanmaq, uduzmaq, uduzduqca rəzilləşmək, rəzilləşdikcə ikrahlaşmaqmı olar?!
Siyasi Partiya nədir? – İlk öncə seçkidə gücünü sınamalı olan təşkilat.
Yaxşı, bəs siyasətçi kimdir? – Öz mövqeyini arqumentlərlə müdafiə edən, sözünü üzbəüz deyən, rəqiblə mübarizə aparan, debatdan çəkinməyən, ta nə bilim, canım sənə desin - əxlaqı, ağlı, davranışı ilə hər kəsə örnək olası adam...
Amma biz bunların hansını gördük, radikalların timsalında?! Heç birini.
Onlar seçkini boykot, mübarizəni "İşverənlik”, debatı monoloq, əxlaqı isə satqınlıq kimi anladılar və öz həyatlarında, fəaliyyətlərində də daim tətbiq etdilər.
Daim və daim!
Əli Kərimliyə son 10 il ərzində canlı efir vasitəsilə ən az 50 dəfə xəbər göndərdim ki, bizim tərəfləri bəyənmirsənsə, gəl sənin öz meydanında, "Azadlıq” qəzetində, "Azadlıq” radiosunda və ya ürəyin harada istəyirsə məhz orada debat aparaq. Amma gəlmədi. Qaçdı!
Bomjdan bir qram fərqi olmayan, professordan çox prosessora bənzəyən Cəmilə media üzərindən mesaj göndərdim ki, siyasətdən anlamırsan - anlamırsan, barı tarixçi kimi qarşıma çıx. Mən sənə sübut edərəm ki, sənin heç tarixdən də xəbərin yoxdur. Çünki sadəcə cılız, həm də çox cılız araşdırmaçısan. Vəssalam.
Ondan da səs çıxmadı...
Yaxşı, bəs mübarizə nədir? Necə olur?
Qeyblərdə, məchullarda siyasət olmur axı...
Peyk, internet üzərindən siyasət olmur axı...
Trolları kiminsə üzərinə göndərməklə, ona - buna yazılar yazdırmaqla, iftiralar, böhtanlar, həqarətlər yağdırmaqla siyasət olmur axı...
Siyasi Partiyanı "siyasi dərnək” səviyyəsinə endirməklə, bütün xarici agenturalara satılıq qiymətini söyləməklə, separat görüşlərdə ikiqat əyilməklə, səfirlik, konsulluq binalarında sülənməklə siyasət olmur axı...
***
Siz hələ AXCP sədrinin ən son açıqlamasındakı "inci”yə bir baxın: "Hakimiyyət xaricdəki mühacir bloggerlərin fəaliyyətindən və onların günbəgün genişlənən auditoriyasından (!) narahat qaldığı üçün həmin şəxslərə qarşı hücuma keçib”
Vay - vay!
Hara qədər endin sən, ay Əli Kərimli?!
Plintusdan da 1 sm aşağı həddir e, xəbərin varmı?
Dünən "Freedom House”, bu gün də...
Bir qalmışdı söyüşdən yoğrulanları, tərbiyəsizliyin "səlnaməsini” yazanları, Qabil, Tural, Mirzəli kimi qırıntıları, yarımçıqları, tullantıları müdafiə etmək - onu da bacardınız! Ona da getdiniz...
Hərgah, niyə təəccüblənirəm ki?
Guya, 2 gün öncə Mehman Hüseynovun (oxu: küçə uşağının) rəhbəri olduğu (!) təşkilatın Tofiq Yaqubluya verdiyi mükafatı az qala "Nobel” kimi təqdim etmək bundan dahamı abırlı işdir...?
![]()
Elşən Musayev,
Milli Məclisin deputatı,
Demokratik Maarifçilik Partiyasının sədri