Məlum olduğu kimi, dövlət başçısı İlham Əliyevin sərəncamı ilə Nəsib Məhəmməd oğlu Məhəməliyev Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib və vəzifəsindən azad edilən yeganə icra başçısı olub ki, onun hansısa digər vəzifəyə təyinatı baş verməyib. Sabiq icra başçısı “Unikal” qəzetinə müsahibə verib.
- Nəsib müəllim, prezidentin məlum sərəncamı ilə siz tutduğunuz vəzifədən azad olundunuz və sizinlə bağlı yeni təyinatın şahidi olmadıq. Bunu gözləyirdimizmi?
- Bəli, gözləyirdim.
- Sizdə belə bir məlumat haradan idi ki, siz vəzifədən azad olunacaqsınız? Axı, bu birbaşa ölkə prezidentinin səlahiyyətində olan məsələdir...
-Bilirsinizmi, mən hələ bir müddət öncə ölkə prezidenti, cənab İlham Əliyevə müraciət etmişdim ki, məni tutduğum vəzifədən azad etsin. Bu baxımdan məlum sərəncam mənim üçün gözlənilıməz deyildi.
- Maraqlıdır, sizi belə bir müraciəti etməyə vadar edən səbəblər nə idi? Yəni, siz hansı səbəbdən Nəsimi rayon icra hakimiyyətinin başçısı postundan getmək istəyirdiniz?
- Bilirsinizmi, bunun da öz səbəbi var. Mən artıq Milli Məclisdə təmsil olunmaq istəyirəm və qarşıdan gələn parlament seçkilərinə YAP- in namiziədi kimi qatılmaq niyyətindəyəm. Mən hələ 2000-ci ildə Balakənə icra başçısı təyin olunanda, deputat olmaq istəmişəm, amma bəzi səbəblərdən bu alınmayıb
- Sirr deyilsə, deputatlığa namizədliyinizi hansı seçki dairəsindən irəli sürmək niyyətindəsiniz?
- Burada heç bir sirr yoxdur, namizədliyimi Balakən rayonundan irəli sürməyi düşünürəm.
/ Aktual.az