Çingiz Məmmədovun 21 stansiya üzrə ayrılmış pulları kağız üzərində «xərcləsə» də, reallıqda bir qara qəpik xərcləmədiyi üzə çıxıb
Ötən günlərdə Dövlət Dəmiryolu İdarəsinin Dəmir Yollarının və Texniki Qurğularının Təmir-Tikinti Departamentinin rəhbəri Çingiz Məmmədovun bahalı villaları və obyektləri ilə bağlı geniş məlumat vermişdik. JAM.AZ-a daxil olan məlumatlarda vurğulanırdı ki, Qubadan tutmuş, Bakıya qədər milyonlarla manat dəyərində olan həmin villa və obyektlərin hamısı məhz departament rəhbərinin tender oyunlarından qazandığı pullar hesabına ərsəyə gəlib.
Qeyd edək ki, Çingiz Məmmədovun faktiki tutduğu post mahiyyət etibarı ilə elə də xüsusi önəm daşımasa da, onun gördüyü işlərdən əldə etdiyi gəlirlər belə deməyə əsas vermir. Araşdırmalardan belə məlum olur ki, sözügedən şəxs Dəmir Yolu İdarəsinin xətti ilə həyata keçirilən bir çox tenderlər məhz onun əliylə reallaşdırılıb və elə yeyinti halları da bu zaman yaşanıb.
JAM.AZ-a verilən yeni məlumatlar isə daha tüküprədicidir. Belə ki, bu dəfə redaksiyamıza təqdim olunan məlumatlarda əsasən Çingiz Məmmədovun kağız üzərində həyata keçirdiyi, əslində isə pulların silindiyi işlərdən bəhs olunur.
Qeyd edilir ki, təkcə 2013-2014-cü illərdə Çingiz Məmmədov bir sıra işləri sənədləşdirsə də, əslində, ora ayrılan pulların hamısını özünküdləşdirib. Həmin siyahını təqdim edirik:
- Qovlar Dəmir Yolu Stansiyasında- 160 min manat;
- Şəki Dəmir Yolu Stansiyasında-170 min manat;
- Zarat Dəmir Yolu Stansiyasında - 195 min manat;
- Bəhmənli Dəmir Yolu Stansiyasında - 80 min manat;
-Qızılburun (Yalama yolu) Dəmir Yolu Stansiyasında - 85 min manat;
- Xırdalan Dəmir Yolu Stansiyasında - 89 min manat;
- Mərdəkan Dəmir Yolu Stansiyasında - 80 min manat;
- Qobustan Dəmir Yolu Stansiyasında - 180 min manat;
- Biləcəri Dəmir Yolu Stansiyasında - 80 min manat;
- Tovuz Dəmir Yolu Stansiyasında - 160 min manat;
- Hacıqabul Dəmir Yolu Stansiyasında - 120 min manat;
- Yalama Dəmir Yolu Stansiyasında - 280 min manat;
- Xudat Dəmir Yolu Stansiyasında - 186 min manat;
- Xaçmaz Dəmir Yolu Stansiyasında - 160 min manat;
- Şabran Dəmir Yolu Stansiyasında - 246 min manat;
- Sabunçu Dəmir Yolu Stansiyasında -220 min manat;
- Qaradağ Dəmir Yolu Stansiyasında - 140 min manat;
- Qax Dəmir Yolu Stansiyasında - 235 min manat;
- Gəncə yaşayış evləri təmiri işlərinə - 400 min manat;
- Lənkəran Dəmir Yolu Stansiyasında - 160 min manat;
- Bərdə Dəmir Yolu Stansiyasında - 190 min manat;
- Ağstafa Dəmir Yolu Stansiyasında - 230 min manat.
Bildirək ki, ümumilikdə, kağız üzərində «görülmüş» yazılıb, reallıqda isə bir manat da olsun xərc çəkilməyən bu işlərə görə, Çingiz Məmmədovun 3.846.000 manat pul sildiyi iddia olunur. JAM.AZ-a məlumat verən mənbə bildirir ki, departament rəhbəri bu prosesi təkcə bir il deyil, hər il təkrarlayıb. Və ortaya çıxan rəqəmlər ümumi işlərin hamısı deyil.
Qarşı tərəfi də dinləməyə hazırıq.