Aktual.az Saglamolun.Az-a istinadən xəbər verir ki, dəfnə yarpağının dəmlənməsi qədimdən xalq təbabətində müxtəlif xəstəliklər və pozulmalar zamanı geniş istifadə olunur.
- Fitonsidlərlə zəngin dəfnə yarpağının dəmlənməsi soyuqdəymə və qripp zamanı çox yaxşı müalicəvi təsir edir, xəstənin vəziyyətini yüngülləşdirir, immun sistemini gücləndirir, orqanizmə xəstəliklə mübarizə etməyə kömək edir. Dəmlənməni hazırlamaq üçün 5-6 dəfnə yarpağını 1 stəkan qaynar suda dəmləyin, 30 dəqiqədən sonra süzün və 1/2 çay qaşığı bal əlavə edib gün ərzində 3 dəfə stəkanın 1/3 olmaqla ilıq şəkildə qəbul edin.
- İshal zamanı dəfnə yarpağının dəmlənməsi bağırsaqları çox yaxşı "yığır", onlara mikrobəleyhinə təsir edir. 5-6 dəfnə yarpağı 1 stəkan qaynar suda dəmlənilir və gün ərzində 3 dəfə 1/3 stəkan olmaqla içilir.
- Dəfnə yarpağının dəmlənməsi qanda şəkərin səviyyəsini aşağı salır və bu səbəbdən şəkərli diabet zamanı köməkçi vasitə kimi istifadə oluna bilər. Axşamdan termosda 10 dəfnə yarpağını 1/2 l qaynar suda dəmləyin və növbəti gün hər qida qəbulundan 30 dəqiqə əvvəl stəkanın 1/3 hissəsi olmaqla için.
- Dəfnə yarpağının dəmlənməsi yaxşı sidikqovucudur. 3-4 dəfnə yarpağının üzərinə 1 stəkan qaynar su əlavə olunur, 2-3 dəqiqə ərzində vam odda qaynadılır, 1 saatdan sonra süzülür və sonra gün ərzində içilir. 1 həftə ərzində için, sonra 1 həftə fasilə verin və yenə 1 həftə için.
- Dəridə müxtəlif səpgilər, uşaqlarda diatez, bişməcə zamanı dəfnə yarpağının dəmlənməsi çox yaxşı kömək edir, dərini təmizləyir, antiseptik təsir edir, səpgiləri daha solğun edir.
- Dəfnə yarpağının dəmlənməsi yuxarı tənəffüs yollarının iltihabları, sinusitlər (haymorit, frontit) zamanı inhalyasiya üçün istifadə olunur. Bunun üçün dəfnə yarpağı dəmlənir (10 quru yarpaq + 1 stəkan qaynar su), enli qaba tökülür və xəstə bu qabın üzərində nəfəs alır. Prosedura bir neçə dəfə təkrar olunmalıdır.
- Dəfnə yarpağının dəmlənməsi orqanizmi ziyanlı maddələrdən təmizləyir. 6-7 quru dəfnə yarpağı termosa qoyulur, üzərinə 1/2 l qaynar su əlavə olunur və 2 saat ərzində dəmlənilir. Daha sonra dəmləməni kiçik qurtumlarla gün ərzində içmək lazımdır. Müalicə kursu - 1 həftədir. 1 həftədən sonra müalicəni təkrarlamaq olar.
- Dəfnə yarpağının dəmlənməsi sinir sisteminə çox müsbət təsir edir - sakitləşdirir, yuxusuzluqla mübarizə etməyə kömək edir. Dəfnə yarpağının dəmlənməsi ilə vannalar çox yaxşı sakitləşdirici vasitədir. Axşam yatmazdan əvvəl 20 dəfnə yarpağını 1 l qaynar suda 1 saat ərzində dəmləyin (termosda dəmləmək daha yaxşıdır) və sonra vannaya əlavə edin. Belə müalicəvi vannaları bir gündən bir qəbul etmək olar.
- Ayaqlarınız həddən artıq çox tərləyirsə və ayaqlarınızdan pis qoxu gəlirsə, dəfnə yarpağı ilə ayaq vannaları edin. 10 yarpaq 1/2 l qaynar suda 1/2 saat ərzində dəmlənir, və ayaq vannası üçün suya əlavə olunur.
Sizdə hər hansı xroniki xəstəliklər varsa, dəfnə yarpağının dəmlənməsindən istifadə etdikdən əvvəl mütləq həkimlə məsləhətləşin. Bəzi xəstəliklər zamanı, hamiləlik zamanı bu dəmləməni istifadə etmək olmaz.