Bakının sərnişin nəqliyyatı sistemində edilən dəyişikliklər rahatlıqla yanaşı, sakinlərə bəzi narahatlıqlar da yaşadır.
Ülmirə Mövsümova adlı oxucu Milli.Az-a ünvanladığı məktubunda yaşadığı ərazi üzrə hərəkət edən avtobus marşrutlarının bağlanmasından, digərlərinin isə həddindən artıq gec gəldiyi üçün sərnişin sıxlığı yaşanmasından şikayət edib: "Maraqlanın, 7-ci mikrorayonda nəlqiyyat sistemini nə günə qoyublar. 7 saylı marşrut bağlanmışdı, 53 də bağlandı, indi isə 13 də bağlanıb. 88 isə metronun "Azadlıq prospekti" stansiyasına getmir və sayı da cox azaldılıb və 20 dəqidədən bir gəlir. Onda da avtobusda iynə atsan, yerə düşməz. Hazırda 10 və 88 saylı marşrutlar işləyir, amma hər ikisi gec gəlir. Millət ya dayanacaqlarda qalır, ya da mənim kimi əsəbi halda piyada metroya qalxır. ABU-nun yanından metroya olan məsafəni təsəvvür edin. Bu millətin halına kim yanacaq? Niyə belə edirlər? Sabir yaxşı deyib, millət necə tarac olur olsun, nə işim var..."
Məsələ ilə bağlı Milli.Az-ın sorğusunu cavablandıran Nəqliyyat Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Şəfa Mehmanqızı avtobuslarla əlaqədar əhalini bir müddət səbrli olmağa çağırıb:"Əhali bu dəyişiklikləri səbrlə qarşılamalıdır. Məqsəd vətəndaşlara əziyyət vermək deyil, onların işini yüngülləşdirməkdir. Təbii ki, bir müddət narahatlıqlar ola bilər. Amma bunlar müvəqqətidir. Avtobus xətlərinin bəzilərinin ixtisara düşməsi, digərlərinin isə hərəkət marşrutlarında edilən dəyişiklər "BakuBus" MMC-nin yeni avtobuslarının xəttə buraxılması ilə əlaqəlidir. "BakuBus"ın 1-dən 12-dək marşrut üzrə avtobusları xəttə çıxana qədər bir müddət belə dəyişikliklər olacaq. Hələlik, "BakuBus"ın 4 marşrut üzrə avtobusları xəttə buraxılıb, hələ 8 marşrut qalıb".
"Bakubus" MMC-nin müdir muavini Vüsal Kərimli isə deyib ki, növbəti marşrutlar üzrə avtobusların nə vaxt xəttə buraxılacağı hələlik məlum deyil.