“Daxili qoşunlar Xankəndiyə girib bölgəni Azərbaycanın yurisdiksiyasına qaytarmalıdır”

“Daxili qoşunlar Xankəndiyə girib bölgəni Azərbaycanın yurisdiksiyasına qaytarmalıdır”

"Nə Qərb, nə də Rusiya  bizim mövqeyi bölüşmür, ərazi bütövlüyümüzün bərpasını, bu münaqişənin birdəfəlik həllini  istəmir”

"Çox çəkməz biz işğala birdəfəlik son qoyacaq radikal qərarların qəbulunun şahidi olarıq”

 
Aktual.az Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyevin Moderator.az-a müsahibəsini təqdim edir:
 
- Qüdrət bəy, niyə Ermənistan Azərbaycanın Vardanyanın getməsi tələbini qəbul etdi, amma Azərbaycanla sərhəddə gömrük-keçid məntəqələrinin yaradılması təklifini qəbul etmədi?
 
- Biz dövlət sərhədlərimizə nəzarət etmək üçün  kimdənsə icazə almamalıyıq. Vardanyan vəzifədən getdi, amma Qarabağda fəaliyyətini davam etdirəcək. Vardanyanın vəzifədən kənarlaşdırılması qarşılığında separatçı rejimin Azərbaycanla danışıqlarda tərəfi kimi qəbul olunmasını ermənilər, bizim danışıqlarda onları hansı statusda qəbul etməyimizdən və hansı məsələlər üzrə danışıqlar aparacağımızdan asılı olmayaraq, böyük diplomatik uğur hesab edir, sadəcə, öz düşüncələrinə görə bic olduqlarından bunu   qələbə kimi qeyd etmirlər. Ermənistan, onun Qərbdəki ABŞ və Fransa kimi müttəfiqləri, Rusiya  Azərbaycanın separatçı rejimlə birbaşa danışıqlarını  çox arzulayırdı və indi hesab edirlər ki, arzularına çatıblar. Çalışacaqlar ki, bizi 26 il işğalçı Ermənistanla mənasız danışıqlar aparmağa məcbur etdikləri  kimi, indi  on illərlə də xalqımıza qarşı etnik təmizləmə siyasəti aparmış , ağır cinayətlər, soyqırım törətmiş seperatçılarla danışıq aparaq. Rusiya münaqişənin davam etməsi ilə yanaşı  "əzabkeş” Vardanyanın timsalında  yeni siyasi lider də qazandı və Ermənistandakı növbəti seçkilərdə Vardanyan  Rusiyanın əsas namizədi olacaq. Azərbaycanın düşmənlərinin hamısı sevinir ki, bu mərhələdə məqsədlərinə çatıblar, amma sevinməyə tələsməsinlər. Biz Qarabağ ermənilərinə heç bir siyasi status vermədən həmin ərazilərimizdə dövlət suverenliyini bərpa edəcəyik.
 
Ermənistan Laçında sərhəd- keçid məntəqəsinin yaradılmasına ona görə razılaşmadı ki, onlar de-fakto nə Laçın dəhlizini, nə də separatçıların nəzarətində olan  torpaqları Azərbaycanın ərazisi hesab etmir və qondarma "artsax respublikasını” müstəqil dövlət kimi tanıyırlar.
 
- Separatçı rejimi istər Ruben, istər Araik, yaxud başqa birisi təmsil etsin ,onlar  heç bir halda  Qarabağı Azərbaycanın tərkibində görmədiklərini bəyan edirlər, belə bir vəziyyətdə onlarla danışıqlara getməyin mənası qalırmı? 
 
- Terrorçularla danışıqlar yalnız onarın tərkisilah olması barədə ola bilər və onlarla danışıqları da yalnız güc strukturları aparmalıdır. Başqa variantda seperatçılarla danışıqlar bizə ciddi ziyan vura bilər. Nə Qərb, nə də Rusiya  bizim mövqeyi bölüşmür, ərazi bütövlüyümüzün bərpasını, bu münaqişənin birdəfəlik həllini  istəmirlər. Çünki bilirlər ki, Azərbaycanda digər etnik qruplar da yaşayır və erməni sakinlərə hər hansı statusun verilməsi gələcəkdə yenidən münaqişənin alovlanmasına, etnik zəmində oxşar  qarşıdurmalara yol aça bilər. Buna görə də Ermənistana öhdəliklərini yerinə yetirməsi istiqamətində təzyiq etmirlər. Ermənistana və onun müttəfiqlərinə təzyiqi Azərbaycan və Türkiyə etməlidir. Qarabağda dövlət suverenliyimizi bərpa etmək istəyiriksə Laçında dövlət sərhəddi bərpa olunmalı, gömrük-keçid məntəqəsi yaradılmalıdır. Ermənistan 10 noyabr 2020-ci il tarixli üçtərəfli saziş üzrə öhdəliklərini yerinə yetirmədiyi üçün həmin saziş qüvvədən düşmüş elan olunmalıdır. Sazişi imzalayan üçüncü vasitəçi dövlət Rusiyaya Ermənistana təzyiq etmədiyi üçün ciddi irad bildirilməlidir. Daxili qoşunlar Xankəndinə girib bölgəni Azərbaycanın yurisdiksiyasına  qaytarmalıdır. Necə ki, ispanlar bunu 2017-ci ildə Katoloniyada  etdi.Bir daha vurğulayıram, Azərbaycan beynəlxalq müstəvidə  özünü elə aparmamalıdır ki, ərazi bütövlüyümüzü bərpa etmişik. Biz deməliyik ki, işğalın nəticələri tam aradan qaldırılmayıb və biz öz ərazilərimizdə dövlət suverenliyimizi bərpa etməliyik. Biz utanmamalıyıq deməyə ki, ermənilərin soyqırım törətdiyi Xocalıya onun sağ qalan sakinləri hələ də dönə bilmir və Xocalı hələ də işğal altındadır. Biz Ermənistanın diplomatik hücumları qarşısında müdafiə mövqeyi tutmamalıyıq. Nəticəsi olmasa da beynəlxalq birlikdən işğala son qoyulması istiqamətində yardım istənilməli, onları fəaliyyətsizliyinə və işğalı birbaşa, yaxud dolayısı  müdafiə etdiklərinə görə qınamalıyıq. İmkan verməməliyik ki, onlar bizi nədəsə ittiham etsin. Onları inandırmağa çalışmalıyıq ki, Azərbaycan işğalın davam etməsinə uzun müddət dözməyəcək. Bu barədə beynəlxalq tribunalardan açıq danışmalıyıq. Yeni müharibə istəmirlərsə Ermənistana təzyiq etməlidirlər. Qarabağın müharibəsiz azad olunması, Ermənistanla dövlət sərhədlərinə tam nəzarəti təmin etmək üçün əsas danışıqları da Rusiya ilə aparmalıyıq. Rusiyanın Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsinə mane olmadığı halda onun liderliyi  ilə yaradılmış regional iqtisadi və təhlükəsizlik bloklarına qoşula biləcəyimizi deməliyik. Əsas məqsədimiz ərazi bütövlüyümüzün bərpası olmalıdır.
 
Britaniyanın  baş naziri Tetçer Bakıya səfəri zamanı Prezident Elçibəyə demişdi ki, gücünüz varsa problemi həll edin, qoyun sonra beynəlxalq birlik nə qədər istəyir müzakirə etsin. Nə qədər ki, ermənilərin müttəfiqlərinin başı Ukraynada müharibəyə qarışıb, Azərbaycan tezliklə uyğun məqam seçib problemi həll etməlidir. Danışıqlar yolu ilə, xüsusilə də Ermənistanın müttəfiqlərinin vasitəçiliyi ilə problemin ədalətli və birdəfəlik həlli yoxdur. Biz şantaj və təzyiqlərdən, hədə-qorxulardan  çəkinməməliyik. Xarici təzyiqlər qarşısında xalqımız Prezidentin ətrafında 44 günlük svaşda olduğu kimi bir yumruq kimi birləşəcək. İnanıram ki,ölkənin siyasi rəhbərliyi də buna əmindir və çox çəkməz biz işğala birdəfəlik son qoyacaq radikal qərarların qəbulunun şahidi olarıq.


Xəbər 1227 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR